“China Daily” qəzeti Prezident İlham Əliyevin Azərbaycan qadınlarına təbrikindən yazıb

post-img

Çinin nüfuzlu “China Daily” qəzeti Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki haqqında material yayıb.

Çin nəşri sıx əməkdaşlıq əlaqələri qurduğu AZƏRTAC-da yayımlanmış materiala istinad edərək, dövlətimizin başçısının Azərbaycan xalqının hər zaman qadınlara dərin ehtiram bəsləməsi, ana haqqını uca tutması barədə fikirlərinə toxunub, gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınlarının hünər və igidlik göstərərək tarixə parlaq səhifələr yazdıqlarını, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirdiklərini vurğulayıb.

Dövlətimizin başçısının qadınların yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətlərinin Azərbaycanın hərtərəfli inkişafını səciyyələndirən amillərdən olması barədə sözlərinə istinad edən “China Daily” Azərbaycan qadınlarının gənc nəslin vətənə, milli idealların təcəssümü olan dövlətçiliyə sədaqət ruhunda yetişməsindən, ölkənin parlaq gələcəyi naminə quruculuq işlərində yaxından iştirakından yazıb.

Sözügedən xəbər qəzetin internet səhifəsinin müvafiq bölməsində sutkada ən çox oxunan 5 məqalədən biri olub.

Məqalə ilə ətraflı tanış olmaq üçün bu keçiddən istifadə etmək mümkündür.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 300 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. “China Daily” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Siyasət