Geosiyasi çağırışlar Orta Dəhlizə marağı artırır

post-img

Yəmən husiləri Səudiyyə Ərəbistanının Ciddə və Şərqi Afrikadakı Cibuti limanları arasında Qırmızı dənizdə dörd dənizaltı internet kabelini zədələyib. Bu barədə İsrailin “Globes” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bu, Avropa və Asiya arasında internetdə fasilələrə səbəb olub. Əsas zərər Körfəz ölkələri və Hindistanda qeydə alınıb.

Nəşr aydınlaşdırıb ki, “AAE-1”, “Sea­com”, “EIG” və “TGN” şirkətlərinə məxsus kabellər zədələnib. Həmin kabellər Mi­sir və Səudiyyə Ərəbistanından keçərək Şərqi Asiya, Avropa, Afrika, Hindistan, BƏƏ, Cibuti , Cənubi Avropa və Marsel arasında internet əlaqələrini gerçəkləşdi­rir. 

Beləliklə, nəşrin məlumatına görə, hu­silərin hücumu internet rabitəsində ciddi pozulmalara səbəb olub, ən çox zərərin Körfəz və Hindistandakı istifadəçilərə dəydiyi bildirilib. Eyni zamanda, fəsad cid­di olsa da, kritik həddə çatmadığı vurğu­lanıb. 

“Globes” qəzetinin yazdığına görə, ka­bel əməliyyatı 8 həftədən gec olmayaraq bərpa edilə bilər. Həmçinin şirkətlərin çox güman ki, təmir zamanı risklərə görə pod­ratçılara yüksək mükafat ödəməli olacaq­ları da gözlənilir. 

Nəşr, eyni zamanda, xatırladıb ki, hu­silər Qırmızı dənizdə İsrailə aid gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Onlar İsrail və Fələstin arasında qarşıdur­ma başlayandan yəhudi dövləti ilə əlaqəli şirkətlərin gəmilərinə hücum edəcəkləri­ni bildiriblər, lakin hücumlar nəticəsində üçüncü ölkələrin ticarət gəmilərini də vu­rublar.

Onu da qeyd edək ki, bu il fevra­lın 18-də Yəməndə husi üsyançıları Ənsar Allah tərəfindən Britaniyanın Rubymar yük gəmisinə hücumun­dan sonra Qırmızı dənizin 18 mil (təxminən 29 kilometr) ərazisində neft ləkəsi əmələ gəlib. Bundan 3 gün sonra isə husi üsyançıları tərə­findən Yəmənə humanitar yardım aparan “Sea Champion” gəmisinə iki raket atılıb. Raketlərdən biri gə­minin yaxınlığında partlayaraq kiçik ziyana səbəb olub. Buna baxmaya­raq, ekipaj son mənzilə doğru yolu­nu davam etdirə bilib.

Son zamanlar husilərin Qırmızı dənizdə gəmilərə hücumu yükdaşı­ma proseslərinə də ciddi təsir göstə­rib, təchizat zəncirinin pozulmasına səbəb olub. Baş verən hadisələr fo­nunda logistika şirkətləri tərəfindən alternativ marşrutlara üz tutmağa qərar verilib. Bu marşrutlardan biri Ümid burnundan keçməklə yüklə­rin Avropaya çatdırılmasıdır ki, bu zaman çatdırılma müddəti ən yaxşı halda 20 gün, daşımaların xərci isə ən azı 70 faiz artıb. Həmçinin yeni yoldan istifadə gəmi və konteyner çatışmazlığına da səbəb olub ki, bu da qiymət artımında öz əksini tapıb. Bütün bu amillər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) cəlbediciliyini və Azər­baycan logistikasının əhəmiyyətini ön plana çıxarıb. 

Son dövrlər regionda baş verən hadisələr, xüsusilə Rusiya–Ukrayna münaqişəsi Orta Dəhlizin əhəmiy­yətini və bu istiqamətdə daşımaların həcmini nəzərəçarpacaq dərəcə­də artırıb. Təsadüfi deyil ki, ötən il Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 2,1 dəfə artıb. Bu nəq­liyyat vasitəsilə ixrac olunan yüklə­rin həcmində 48 faiz, idxal olunan yüklərin həcmində isə 2,1 dəfə artım müşahidə olunub.

Beləliklə, hazırda dəyişən ge­osiyasi vəziyyət nəticəsində Orta Dəhlizin artan potensialı husilərin Qırmızı dənizdə üzən gəmilərə hü­cumu ilə diqqət çəkir. Bunun əsas səbəblərindən biri də son həftələr­də Asiya-Avropa kimi ən çox zərər görən marşrutlarda yükdaşıma tarif­lərinin təxminən 300 faiz artmasıdır ki, bu tariflər potensial olaraq daha iki dəfə arta bilər. Bir çox gəmiçilik şirkəti yükdaşımalarda, əsasən, təhlükəsizliyə üstünlük versə də, xərc və zaman amili də diqqətdən kənarda qalmır. Hazırda ən böyük logistika şirkətləri tərəfindən gəmilər təhlükəsizlik səbəbi ilə Qırmızı də­niz və Süveyş kanalına deyil, Ümid burnundan (Cənubi Afrikanın yaxın­lığından) keçməklə Avropaya çatdır­mağı qərara alınıb, bu zaman ciddi vaxt və maliyyə itkisi ilə üzləşilib. Bununla da bu gün diqqət Azərbay­canın da fəal iştirakçısı olduğu Orta Dəhlizə yönəlib.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Hazırda dünyada güc mərkəz­ləri arasında resurslar və bazarlar uğrunda qızğın mübarizə gedir. Bu baxımdan tranzit yollarının önəmi inkşaf etmiş ölkələin iqtisa­diyyatları üçün mühüm əhəmiyyət daşıyır. Ona görə də dünya iqti­sadiyyatının təchizat zəncirində əsas amillərdən biri olan bey­nəlxalq ticarət yolları “Şərq-Qərb” və “Şimal-Cənub” bu gün dunya­nın gündəmindədir. Çünki Qırmızı dənizdə İsrail və Avropa gəmilərini hədəf alan Husi yaraqlılıarı böyük şirkətlərin ticarət marşurutlarını dəyişdirməyə təsir göstərir. 

Mövcud problemlər barədə danışarkən qeyd edə bilərik ki, bu gün Almaniyada elektromo­bil istehsal edən “Tesla” şirkəti vəsait çatışmazlığı səbəbindən zavodlarını bağlamağı düşünür.Son günlər aparıcı sosial mediya şəbəklərinin fəaliyyətində belə meydana gələn problemər də bü­tün şübhələri Husi yaraqlılarının üzərinə yönləndirir. Belə ki, kom­munikasiya xətlərinin onlar tərə­findən kəsilməsi versiyası üzərin­də daha çox dayanılır. 

Bütün bunları nəzərə alaraq Orta Dəhlizin əhəmiyyətinin artdı­ğını və Avropa logistik şirkətlərinin diqqət mərkəzinə gəldiyini söy­ləmək olar. Son zamanlar Alma­niyanın Azərbaycan–Ermənistan arasinda sülhyaratma missiyası və vasitəçiliyi, Avropanın loko­mativ ölkəsinin Cənubi Qafqazda dayanıqlı sülhdə nə qədər maraqlı olduğunu bir daha göstərir.

İndiki geopolitik reallıqlar Azər­baycanın tranzit imkanlarını da artırır. Respublikamız həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” marşrutlarının inteqrasiya etdiyi bir ölkəyə çevirilir. Baxmayaraq ki, Avropanın bəzi ölkələri 2023-cu ildə Orta Dəhliz üzrə yükləri otür­məkdən qismən imtina etsələr də, artıq bunun əksi müsahidə olunur. 

Azərbaycanın tranzit imkanları aparılan işlər nəticəsində artrılır. Eyni zamanda, Rusiya Federası­yasinin baş nazirinin müavini Ma­rat Xusnullin də öz çıxışında Rusi­yanın Hindistana edəcək ixracın Azərbaycan üzərindən keçərək həyata keçirilməsini nəzərdə tut­duğunu bəyan etməsi tarixi İpək Yolu üzərində yerləşən Azərbay­canın açar ölkə olmasının bariz göstəricisidir.

Son olaraq onu demək olar ki, “Azerbaijan Digital Hub” proq­ramının birinci mərhələsi çərçi­vəsində icra edilən ən mühüm layihələrdən biri də məhz Avropa ilə Asiya arasında rəqəmsal tele­kommunikasiya dəhlizinin yaradıl­ması ilə bağlı aparılan “Rəqəmsal İpək Yolu” (“Digital Silk Way”) la­yihəsidir.

Tarixi İpək yolunu üzərində yerləşən əlverişli coğrafi mövqeyə “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilmiş Azərbaycan Respublika­sı hazırda Qərblə Şərq arasında, həm də rəqəmsal ipək yolunun yaradılması üzrə geniş imkanlara sahibdir. Proqram çərçivəsində icra olunan bu layihə Avropa in­ternet mərkəzlərindən rəqəmsal kontentin və internet xidmətinin məhz Azərbaycan üzərindən Asi­ya ölkələrinə daşınmasını nəzər­də tutur.

Layihə Azərbaycanın yaradı­lacaq telekommunikasiya dəh­lizində mərkəzi mövqeyə sahib olmasını, internet xidmətinin və iri kontent operatorları olan “Go­ogle”, “Amazon”, “Alibaba”, “Netf­lix”, “Facebook” və digərlərinin kontentin daşınmasında tranzit ölkə olmasını, gələcəkdə isə Ba­kının İnternet Mübadilə Mərkəzinə çevrildikdən sonra mərkəzə çevril­məsini və bu kontentin, eləcə də internetin artıq buradan Orta və Cənubi Asiya regionu dövlətlərinə, eləcə də ətraf region dövlətlərinə daşınmasını özündə ehtiva edir.

V.BAYRAMOV
XQ

 



Siyasət