Şimal qonşumuzla iqtisadi əlaqələrin yeni üfüqləri

post-img

Azərbaycan Rusiyanın aparıcı xarici iqtisa­di tərəfdaşlarından biridir. Hər iki ölkənin nəq­liyyat, maşınqayırma, tikinti, konsaltinq və di­gər sahələrində əməkdaşlıq uğurla inkişaf edir, iqtisadi potensialın reallaşdırılması, qarşılıqlı ticarət və investisiya əlaqələrinin genişləndiril­məsi, ticarət dövriyyəsi strukturunun şaxələn­dirilməsi diqqət mərkəzində saxlanılır. 

İkitərəfli münasibətlərdə iqtisadi-ticarət tərəf­daşlığının gücləndirilməsi məqsədilə səmərəli mexanizmlər tətbiq olunur. Bu baxımdan, Azərbay­can–Rusiya Hökumətlərarası Komissiyası, Azər­baycan–Rusiya və Rusiya–Azərbaycan işgüzar şuraları əlverişli platformalar kimi fəaliyyət göstərir. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biri­dir və respublikamızın qeyri-neft məhsullarının ixra­cında birinci yerdədir.

İkitərəfli formatda regionlararası fo­rumlar da artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin forum çər­çivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurma­ğa, gələcək birgə fəaliyyət naminə səy­ləri əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspek­tivlərinin müzakirəsini aparmağa əlverişli imkan yaradır. Reallaşdırılan forumlar, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri ara­sında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan tədbir kimi dəyərləndirilir. 

Cari il yanvar ayının 22-də imzala­nan “2024-2026-cı illər üçün əməkdaşlı­ğın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” də ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə bundan sonra da mühüm töhfə verəcəyi əminliyi yaradır.

Yeri gəlmişkən, indiyədək mövcud olan Azərbaycan–Rusiya əməkdaşlığı­nın inkişafının əsas istiqamətləri üzrə yol xəritələrinin icrasının nəticələri də uğurlu olub. Belə ki, yol xəritələrinin icra olundu­ğu 2018-2023-cü illəri əhatə edən dövr ərzində ticarətin asanlaşdırılması və ti­carət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun tək­milləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin ar­tırılması və bir çox digər istiqamətlərdə əməli addımlar atılıb.

Görülən tədbirlər nəticəsində Azər­baycan–Rusiya ticarət-iqtisadi əlaqələ­rinin dayanıqlı dinamikası təmin edilib, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi 2 dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib. Həm­çinin investisiya sahəsində əməkdaşlıq yeni mərhələyə daxil olub, Azərbaycan­da Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin həyata keçirilməsinə başlanı­lıb. 

Ötən il ölkələrimiz arasında perspek­tivli sahə olan nəqliyyat və tranzit daşı­maları sahəsində bir sıra mühüm uğurlar əldə edilib, ikitərəfli yükdaşımaların ümu­mi həcmində 11 faizdən çox artım qeydə alınıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliy­yat Dəhlizi ölkələrimizin əraziləri vasitə­silə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yara­dılmasına yönəlib və 2023-cü ildə dəhlizlə yükdaşımaların həcmi, təxminən, 17 faiz yüksəlib.

Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yükdaşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlə­dən tranzit yüklərin həcmi 4 dəfəyə yaxın artıb. Həmçinin Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

Ötən il Azərbaycan ilə Rusiya arasın­da enerji, kənd təsərrüfatı, gömrük-sər­həd infrastrukturunun təkmilləşdirilməsi, humanitar və bir çox digər sahələrdə də əməkdaşlığın inkişafı ilə bağlı müsbət nə­ticələr qeydə alınıb. 

Azərbaycan–Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi də investi­siya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, hu­manitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqə­dar konkret addımların atılmasını nəzərdə tutur.

İki ölkə arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaş­lıq çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. Hazırda bu dövlətlər arasında dinamik iqtisadi-ticari əmək­daşlıq müsbət göstəricilərlə diqqət çəkir. ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə önəmli layihələr həyata keçirilir. Nəq­liyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə qarşılıqlı fəaliyyət iki ölkənin regionlararası səviyyədə əlaqələ­rini daha da dərinləşdirir. Qısa müddət ərzində Dağıstan, Tatarıstan, Başqırdıs­tan, Udmurt respublikaları, Həştərxan, Ryazan vilayətləri, Perm diyarı və Rusiya Federasiyasının digər subyektləri ilə vaxt-aşırı qarşılıqlı səfərlər həyata keçirilir. 

Xatırladaq ki, Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və huma­nitar sahələrdə mühüm əlaqələr qurub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.

Martın 5-də Bakıda Baş nazir Əli Əsədov ilə respublikamızda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında iki ölkənin nü­mayəndə heyətlərinin iştirakı ilə geniş­ləndirilmiş tərkibdə keçirilən görüşdə də Azərbaycan–Rusiya strateji tərəfdaşlığı­nın müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirilib, ikitərəfli əlaqələrin dina­mik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəti­cəsi olduğu qeyd edilib. Görüşün sonun­da turizm və mədəniyyət, həmçinin Azər­baycan–Rusiya dövlət sərhədindən keçid məntəqələrinin, habelə avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.

XQ

Siyasət