Qazaxıstan neftinin BTC ilə nəqli artır

post-img

Ötən ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində imzalanmış sənədlərin icrası ikitərəfli münasibətlərin kompleks şəkildə inkişafına və çoxşaxəli tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə geniş imkanlar yaradıb. İki ölkə arasında ticarət dövriyyəsində hazırda müşahidə olu­nan artım dinamikası da nəzərdə tutulan layihələrin uğurla gerçəkləşməsindən irəli gələrək ticari-iqtisadi əlaqələrin möhkəmlənməsini daha da sürətləndirib.

Azərbaycan–Qazaxıstan iqtisadi mü­nasibətlərində ixrac-idxal potensialından geniş istifadə, nəqliyyat-logistika imkanla­rının artırılması, kənd təsərrüfatında sıx əməkdaşlıq, həmçinin birgə investisiya perspektivləri ilə bağlı məsələlər xüsusi yer tutur. Bu sırada Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ilə əlaqə­dar imkanların genişləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. Çünki Qa­zaxıstan neftinin Bakı – Tbilisi–Ceyhan (BTC) neft kəməri ilə nəqli enerji təchiza­tının diversifikasiyasını təmin edir. 

Energetika Nazirliyinin yaydığı mə­lumata görə, nazir Pərviz Şahbazovun Qazaxıstana səfəri çərçivəsində sözüge­dən ölkənin energetika naziri Almasadam Satkaliyev ilə görüşündə də bu barədə – BTC əsas ixrac boru kəməri ilə adıçəkilən ölkə neftinin nəqlinin tədricən artırılması ilə bağlı ətraflı danışılıb. Söhbət zamanı Qazaxıstan neftinin respublikamızdan keçməklə çoxistiqamətli tranziti üzrə prak­tiki addımların atılması, bu xüsusda BTC ilə illik 1,5 milyon ton neftin nəqli ilə bağlı razılaşmanın həyata keçirilməsi, tədarük həcminin tədricən artırılması istiqamətin­də Azərbaycan Dövlət Neft Şirkəti (SO­CAR) və “KazMunayQaz” arasında əmək­daşlıq yüksək qiymətləndirilib.

Görüşdə iki ölkə arasında münasibət­lərin inkişafında enerji sahəsində əmək­daşlığın xüsusi rolu qeyd edilib. Enerji əlaqələrinin karbohidrogen sektoru ilə ya­naşı, bərpaolunan enerji üzrə genişləndi­rilməsinin hökumətlərarası komissiyanın fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu bildirilib.

Elektrik enerjisinin Mərkəzi Asiyadan Azərbaycana, buradan isə Avropaya ix­racı ilə bağlı Azərbaycan – Qazaxıstan – Özbəkistan arasında üçtərəfli görüş za­manı əldə edilmiş razılaşmaya uyğun işlə­rin gedişatı da nəzərdən keçirilib. Qafqaz regionu və Mərkəzi Asiyanın enerji sis­temlərini sualtı kabel vasitəsilə əlaqələn­dirən layihənin texniki-iqtisadi əsaslan­dırma prosesinə başlanılması məqsədilə görüləcək tədbirlər müzakirə edilib.

Yeri gəlmişkən, BTC boru kəməri ilə nəql edilən Qazaxıstan neftinin ilk parti­yası 2023-cü il aprelin 22-də Türkiyə­nin Ceyhan limanından yola salınıb. Belə ki, həmin vaxt “Tengiz” yatağından hasil edilən 83,2 min ton (665 min barel) neft “Alatau” tankerinə yüklənib. Bu nailiyyət 2023-cü ilin martında başlayan Qazaxıs­tanın Aktau limanından Səngəçal termi­nalına davamlı neft tədarükü və sonradan BTC vasitəsilə nəqli nəticəsində əldə edi­lib. 

Qazaxıstan neftinin BTC ilə nəqli SO­CAR və “KazMunayQaz” şirkəti arasın­da hər il 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası “Prezi­dent Heydər Əliyev” tankeri ilə 23 mart 2023-cü ildə Aktaudan Səngəçal termina­lına gətirilib.

Xatırladaq ki, SOCAR Qazaxıstan neftini BTC boru kəmərinə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisi və ətrafında toplayıcı boru kəmər­ləri şəbəkəsinin yenilənməsi istiqamətin­də mühüm layihələr həyata keçirib. Bu la­yihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Qazaxıstan neftinin birinci partiyası­nın Ceyhan limanından yola salınması SOCAR və “KazMunayQaz” arasında tərəfdaşlığın möhkəmləndirilməsi is­tiqamətində önəmli nailiyyət kimi dəyər­ləndirilib. Eyni zamanda, bu tarixi hadisə Xəzər neftinin dünya bazarlarına nəqli üçün əsas marşrut kimi BTC boru kəmə­rinin strateji rolunu təsdiqləyərək regional enerji əməkdaşlığının əhəmiyyətini bir daha sübut edib.

Qeyd edək ki, 1768 kilometr uzunlu­ğunda olan BTC boru kəməri vasitəsilə respublikamızdan “Azəri–Çıraq–Günəş­li” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kon­densat həcmləri nəql olunur. BTC boru kəmərinin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.

Bu məqamda onu da xatırladaq ki, Qa­zaxıstanın “KazMunayQaz” milli şirkətinin mətbuat xidmətinin mediada yayılan mə­lumatına əsasən, 2023-cü ildə Qazaxıs­tanın BTC boru kəməri ilə neft ixracının həcmi artaraq 1 milyon 392 min tona ça­tıb. “KazMunayQaz” milli şirkətinin törəmə müəssisəsi olan “KazTransOil” Səhmdar Cəmiyyəti (SC) isə ötən il ərzində Aktau limanından 3 milyon 376 min ton (2022-ci ilin analoji dövrü ilə müqayisədə 1 milyon 108 min ton çox) Qazaxıstan nefti ixrac edib.

Aktau limanından Qazaxıstan xam neftinin nəqlinin həcminin artması BTC boru kəməri istiqamətində göndərilən xammalın artması ilə əlaqədardır. Belə ki, ötən il bu göstərici 2022-ci ildəki 250 min tondan 2023-cü ildə 1 milyon 392 min tona çatıb. Xüsusən, Tengiz yatağından bu istiqamətdə 1 milyon 57 min ton xam neft boşaldılıb. Bundan başqa, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində də 1 milyon 984 min ton neft tədarük edilib.

Qeyd edək ki, ildə təqribən 60 mil­yon ton neft nəqletmə imkanına malik olan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə Türkmənistan nefti də nəql olunur. Ekspertlər isə hesab edirlər ki, Xəzəryanı ölkələrin neftinin BTC boru kəməri vasitəsilə nəqli tranzit ölkə kimi Azərbaycana yüksək gəlirlər vəd edir. Göründüyü kimi, ulu öndər Heydər Əliye­vin müstəsna xidmətləri sayəsində həya­ta vəsiqə alaraq real fəaliyyət sahəsinə çevrilmiş Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin regional və beynəlxalq əhəmiyyəti ildən-ilə artır. Elə ölkəmiz­lə enerji sahəsində əməkdaşlığa xüsusi önəm verən Qazaxıstan da yaxın illərdə öz neftini dünya bazarına çıxarmaq üçün BTC-yə daha çox ümid bəsləyir.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat