I MƏQALƏ
Tarix və erməni siyasi ilğımı
XX əsr siyasi böhran faktları ilə zəngindir. Hətta, həmin dövrdə o qədər siyasi böhran növləri yarandı ki, onları hərtərəfli təsnif etmək ayrıca bir elmi yanaşma tələb edir. Politoloqlar siyasi böhranı müəyyən ictimai sistemin çətin keçid mərhələsi kimi xarakterizə edirlər. Bu zaman həmin sistemin fəaliyyətində nizamlılıq pozulur və fasilələr yaranır.
Lakin böhran elə bir zaman zolağıdır ki, növbəti mərhələ üçün dönüş nöqtəsi ola bilər. Bu, həm müsbət, həm də mənfi mənada baş verər. Yəni, siyasi böhran sosial-siyasi sistemi və bütövlükdə dövləti ya inkişafa çıxarar, ya da onu dağıda bilər.
Siyasi böhranın bu cür anlamı, əslində, müasir elmdə cəmiyyətin nəzəri anlamından qaynaqlanır. Belə ki, cəmiyyətin xaos vəziyyətindən nizamlılığa keçidinin ümumi mexanizm və qanunlarını öyrənən sinergetik yanaşmaya görə, hər bir toplumun həyatında xaos zonası yaranır və həmin zonada cəmiyyətin sonrakı inkişaf xətti müəyyən olunur. Lakin bunun baş verməsi üçün toplumun daxili “tezaurusa” (real seçim variantlarına) malik olması şərtdir. Əgər cəmiyyətin daxilində bu cür incə seçimləri təmin edən amillər yoxdursa, onda deqradasiya ehtimalı daha çoxdur. Eyni zamanda, cəmiyyət düzgün yeniləşmə xətti müəyyən edə bilməyəndə toplum “horizontal olaraq şişə bilər”, yəni böhran yayılar və bütövlükdə, ölkəni öz təsiri altına ala bilər.
Belə alınır ki, müasir elmi təsəvvürlərə görə, hər bir ölkədə xaosdan sonra inkişaf meydana gələ bilər. Bununla yanaşı, xaos ölkəni daha dərin nizamsızlığa sürükləyər. Nəhayət, üçüncü variantda ölkə nə inkişaf edər, nə də məhv olar, ancaq tərəqqiyə gücü çatmayan və yerində sayan passiv bir kütləyə çevrilər.
SSRİ dağılandan sonra müstəqilliyini əldə etmiş ölkələrdən hansının tərəqqiyə, hansıların isə tənəzzülə uğrayacağını heç kəs öncədən bilmirdi. Birbaşa siyasi fəaliyyətdə olanlardan yalnız çox məhdud qismi bunu anlaya bilmişdi. Lakin onların arasında bir nəfər də olsun erməni siyasətçi yox idi. Bunu 1989-cu ildən bu yana Ermənistanın ölkə kimi qət etdiyi yol sübut edir. Bu yolun erməni dövlətçiliyinin “inkişaf yolu” olduğu haqqında yaradılan rəylər isə əslində, bir ideoloji ilğım idi. Bu ilğımın ən yaxşı ifadəsini keçən sərin 90-cı illərinin ikinci yarısında, daha dəqiq ifadə etsək, 1997-ci ildə İrəvanda keçirilən bir konfransda erməni əsilli amerikalı tarixçi Ronald Qriqor Süni vermişdir. Taleyin hökmünə baxın: R.Süninin tayfası Zəngəzurdandır. Atası Tiflisdə böyümüşdü və bəstəkar idi. Mən mistikaya inanmıram, lakin məhz zəngəzurlu bir erməninin İrəvanda tarixçi kimi ermənilərin üzünə “siz səhv edirsiniz, İrəvanda və Zəngəzurda müsəlmanlar üstünlük təşkil etmişlər” deməsi İlahi iradənin sayəsində də ola bilərdi.
Orada R.Q.Süni açıq ifadə etmişdi ki, Azərbaycanda Heydər Əliyev müstəqil dövlətçiliyi bərpa etdi və onu artıq qurmuşdur, Ermənistanda isə müstəqil dövlət hələ yoxdur. Əziz oxucu, düz fikirləşirsiniz: ermənilər bu nisbətən obyektiv soydaşlarını daş-qalaq etməli idilər. Etdilər də... Konfransdan sonra polis onu radikal daşnakların əlindən güclə qurtara bilmişdi. Baxmayaraq ki, R.Q.Süni onu ittiham edənlərə anlatmağa çalışırdı ki, demoqrafik faktları özü yaratmamışdı, erməni tarixçiləri Corc Burutyan və Riçard Ovanisyanın əsərlərindən götürmüşdü. Onlar da həmin rəqəmləri konkret tarixi mənbələrdən almışlar. Yəni R.Q.Süninin bu məsələdə dedikləri bir həqiqət idi. Ancaq o, türklərdən deyil, ümumiyyələ, müsəlmanlardan bəhs edirdi ki, bunun da altında farsların da orada ola biləcəyi ehtimalı vardı.
Erməni şovinistləri konfransdan sonrakı təzyiqlərlə kifayətlənmədilər. Rəsmi İrəvanın ideoloji hay-küyçüləri R.Q.Süni və həmkarlarını xain, satqın və yalançı adlandırdılar. Onların sırasında Azərbaycan oxucusuna da tanış olan Armen Ayvazyan və Zori Balayan da vardı.
Bununla keçən əsrin sonlarında belə erməni siyasi dairələri və alimləri özlərini ilğıma inandırmaqda davam etdilər. Onlar bununla yalnız fərdi səviyyədə tarixi səhv etmədilər, həm də Ermənistan cəmiyyətinin yalan dünyasında qalmasına şərait yaratdılar. Həmin “tarixçilər” bilirdilər ki, R.Süni və həmkarları haqlıdırlar, onlar tam olmasa da, həqiqəti söyləyirdilər. Ancaq erməni siyasi və ziyalı şüuru həqiqətdən həmişə qorxmuşdur və özlərindən qondarma “tarixi həqiqətlər” uydurmaqla məşğul olmuşdur. Ədalət naminə vurğulayaq ki, bu fəlakətli vəziyyəti erməni siyasilərindən görənlər tapıldı. Konkret olaraq, L.T.Petrosyan Ermənistanı ölkə və cəmiyyət kimi xilas etməyə cəhd göstərdi. Bu kimi cəhdlər XX əsrin son illərində Ermənistan parlamentində kütləvi qətlə gətirib çıxardı. Bununla mürtəce və ilğım mahiyyətli erməni millətçiliyi ziyalılar və siyasətçilərə toplam cavab verdi: erməni millətçiliyi şovinizm və özünün müstəsnalığı xəttindən çəkilməyəcək! Bu, əslində, kənardan Ermənistanı maşa kimi istifadə edənlərin sifarişi idi, lakin reallaşma səhnəsi Ermənistan oldu.
Əlbəttə, tarix heç kimə siyasi ilğımları bağışlamır. Ermənistan da bu yolu seçdiyindən gec və ya tez cavabını almalı idi. Onlar anlamadılar ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və vətənsevərliyinin real tarixi faktları əsasında müstəqil dövləti çox inkişaf etdirəcək və bir zaman haqq-hesabını çəkəcək. R.Süni kimi tarixçiləri satqın elan etməklə erməni cəmiyyəti isə bütövlükdə, özünü fəlakətə sürükləməkdə davam edirdi. Hərçənd XX əsr bir neçə nümunədə siyasi böhranın nə demək olduğunu dünyaya anlatmışdı. Ermənilər bunlardan zərrə qədər də dərs ala bilməmişlər. Həmin siyasi böhranların bir neçəsinə nəzər salmaqla Ermənistanın indi siyasi böhran içində yeni konstitusiya axtarışlarının reallıqda siyasi dalanda vurnuxmaq oluğunu anlamaq çətin deyildir.
Yollar dalanda kəsişir
Bütövlükdə, siyasi böhranlar xarici və daxili qaynaqlı ola bilir. “Siyasi böhran” haqqında ilk politoloji anlam Çarlz Hermana məxsusdur (1963-cü il). Onun izahına görə, siyasi böhran həmişə gözlənilməz hadisədir. O, spontan olaraq qəfil meydana çıxa bilir. Bu, siyasi rəhbərliyin və bütövlükdə, cəmiyyətin hadisələrə reaksiya verməkdə vaxt çatışmazlığından əziyyət çəkməsində ifadə olunur. Nəticədə cəmiyyət, bütövlükdə, fraqmentar olaraq bir neçə böhran “zolağı”na bölünə bilir. Burada hakimiyyətin qanunverici qanadı ilə icraedici qolu arasında ziddiyyət özünü göstərə bilər. Cəmiyyət ideoloji olaraq bir neçə düşərgəyə parçalanar. Bir sözlə, ölkədə hakimiyyətisizlik və qanunsuzluq baş alıb gedər. Özbaşınalıq ölkəni çox ciddi problemlər qarşısında qoyar.
Azərbaycanda buna bənzər vəziyyəti 1991-1993-cü ilin iyun ayına qədər o dönəmin səriştəsiz hakimiyyətləri yaratmışdılar. Lakin Heydər Əliyev qısa müddətdə Azərbaycanı böhrandan xilas etdi və həm də səmərəli inkişaf yoluna çıxardı. Ermənstanda isə bunu bacaran hələ də yoxdur. Əslində, ermənilər XX əsrdəki siyasi böhranlara bir qədər ədalətli mövqedən baxsaydılar, müəyyən nəticə çıxara bilərdilər.
1934-cü ildə Abissin böhranı yarandı. İtaliya Yan-Yala (Efiopiya) hücum etdi. İngilislər və fransızlar münaqişədə olanları barışdırmağa çalışdılar. O zaman aydın oldu ki, Millətlər Liqası problemi həll edə bilmir. Bunun nəticəsində İkinci İtaliya–Efiopiya müharibəsi yarandı. Bu hadisə, bütövlükdə, beynəlxalq münasibətlər sisteminə ciddi təsir etdi. Qərbdə mövcud müttəfiqlik formatları dağıldı və dünya daha nəzarətsiz hala gəldi. Bu vəziyyət Hitlerə Reyn əyalətini nəzərdə tutulandan bir il əvvəl işğal etməyə şərait yaratdı. Yekun olaraq Hitler–Mussolini müttəfiqliyi gücləndi.
Əslində, bundan əvvəl dünya siyasi böhranla bağlı bir xəbərdarlıq almışdı. Birinci Dünya müharibəsi ərəfəsində Aqadir böhranı yaranmışdı. O, İkinci Mərakeş böhranı idi. Böhran fransızların 1911-ci ildə Mərakeşin Fas (Marokko) şəhərini işğal etməsi ilə başlanmışdı. Almaniya bunu qəbul etmədi və iki böyük Avropa dövləti Mərakeş sultanlığı uğrunda mübarizəyə başladı.
Sonralar yeni-yeni siyasi böhranlar meydana gəldi. Aland böhranı (1917-1921), Alban böhranı (1913-cü il), İran böhranı (1946-cı il), Fars Körfəzi böhranı, Vyetnam böhranı, Koreya böhranı, Əfqanıstan böhranı və s. Bunların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Lakin onları birləşdirən məqam ölkədaxili böhranın kənara sıçraması ilə bağlı olmalarıdır. Onların hər birində ədalət uğrunda mübarizə aparmaq deyil, böhran vəziyyətinə düşəndə zaman çatışmazlığından doğru olmayan, başqalarına ziyan verən qərarlar qəbul etmək özəlliyi vardır.
Bundan başqa, siyasi böhran konkret ölkədaxili vəziyyəti kəskin dəyişə bilir. Burada cəmiyyətin özünün daxilində yetişən ziddiyyətlərin ədalətli və düzgün həllinin tapılmaması əsas rol oynayır. Deməli, hər bir siyasi böhranı tam dərk etmək üçün ona ayrılıqda baxmaq lazımdır. Bu aspektdə Ermənistanın özünəməxsus siyasi böhrana düşdüyünü tərəddüd etmədən demək olar.
Yeni siyasi böhranın Ermənistan nümunəsi
Ermənistanla bağlı vəziyyətin orijinallığı ondan ibarətdir ki, yuxarıda vurğuladığımız siyasi böhran nümunələrində olduğu kimi, böhranı güclü və aqressiv böyük dövlət deyil, hələ müstəqil dövlət kimi formalaşmamış, zəif, qondarma və olduqca şovinist ictimai baxışlı bir ölkə – Ermənistan yaratmışdır. Onun siyasi böhran kimi iki əlaməti seçilir. Birincisi, erməni cəmiyyətinin illər ərzində formalaşdırılmış ilğım milliyyətçilik təsəvvürlərini həqiqət kimi qəbul etməsi ilə bağlıdır. İkincisi, bu vəziyyətin daim kənardan böyük güclər tərəfindən stimullaşdırılması ilə əlaqəlidir.
Bu iki xəttin kəsişməsi, bütövlükdə, Ermənistanı aqressor kimi davranmağa təhrik etmişdir. Ancaq erməni siyasi və ictimai şüurunda qarşıya qoyulan məsələləri daxili potensial hesabına həll etmək xətti heç zaman olmamışdır. Bu da erməni siyasi böhranına xüsusi məzmun və məqsəd vermişdir. Ermənistanın dövlət kimi müasir təcrübəsi göstərəcəkdi ki, bu yol son dərəcə təhlükəli və uğursuz seçimdir. Həm də ona görə ki, Ermənistan siyasi böhranı milli və regional miqyaslarda eyni dərəcədə təzahür edən risklər ortaya atmaqdadır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru