Ölkəmizdə səfərdə olan Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq etdiyi nümayəndə heyəti martın 5-də işğaldan azad olunmuş Ağdam şəhərində olublar. Qonaqları Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfər zamanı qonaqlar Ağdamda Pənahəli xanın “İmarət” kompleksi, Cümə məscidi, Ağdam Dövlət Dram Teatrının qalıqları və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.
Nümayəndə heyətinin üzvlərinə Ermənistanın müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etməsi, bu ərazilərə çoxlu sayda mina basdırması barədə ətraflı məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Vandalları hətta qəbiristanlıqları da dağıdıblar. Qonaqlara şəhər işğaldan azad olunduqdan sonra burada həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verilib.
Sonra qonaqlar Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahında olublar, xüsusi nümayəndə Emin Hüseynovla görüşüblər.
Ə.BƏDƏLOV
XQ