Milli Məclisin plenar iclası

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Spiker fevralın 20-dən 24-dək Milli Məclisin Asiya Parlament Assambleyasının tədbirlərinə evsahibliyi etməsi barədə məlumat verdi.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparıldı. Çıxış edənlər Av­ropa Parlamentinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçiril­məsi haqqında illik hesabatı” üzrə qəbul edilmiş qətnamədə əksini tapmış qərəzli fikirlərə öz münasibətlərini bildirdilər. Qət­namədə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik nüma­yiş olunduğu qeyd edildi. 

Sonra Milli Məclisin Sədri gündə­liyə 17 qanun layihəsinin müzakirəsinin daxil edildiyini və ilk məsələnin Milli Məc­lisin qərar layihəsinin olduğunu bildirdi. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrup­larının rəhbərlərinin seçilməsi haqqında” Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi müzakirələrdən sonra qə­bul edildi.

İclasda İnsan hüquqları üzrə müvək­kilin 2023-cü ildə ölkədə insan hüquqla­rının qorunması haqqında illik məruzəsi dinlənildi. Məruzəni təqdim edən Azər­baycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva fevralın 7-də prezident seçkilərinin ölkəmizin Konstitusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun demok­ratik, ədalətli və şəffaf qaydada həyata keçirildiyini qeyd etdi. Dövlət qurumla­rı, vətəndaş cəmiyyəti institutları, bey­nəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə səmərəli əməkdaşlıq şəraitində fəaliy­yətini davam etdirən ombudsman il ərzin­də insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və səmərəli təmini məqsədilə mövcud əlaqələrin gücləndirilməsi və im­kanların genişləndirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür. 2023-cü ildə ombudsmanın ünvanına daxil olan 29 min 411 müraciətə qanunvericiliyə uyğun şəkildə baxılmış və müvafiq tədbirlər hə­yata keçirilmişdir.

Bundan başqa, ombudsmanın və­satəti ilə 2023-cü ildə 59 məhkum əfv edi­lib. Ötən il ölkəmizə qarşı yönələn qərəzli çağırışlara qarşı ombudsman tərəfindən dərhal reaksiya verilib. S.Əliyeva qanun­vericiliyin təhlili və təkmilləşdirilməsi pro­sesində ombudsmanın yaxından iştira­kından bəhs etdi. 

Sonra məruzə ətrafında müzakirələr aparıldı və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (om­budsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi səsə qoyularaq nəzərə alındı.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası­nın Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanunu­nun və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr ta­rixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə layihələr birinci oxunuş­da müzakirəyə çıxarıldı. Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edildi. 

Sonra gündəlikdəki digər qanun la­yihələri müzakirə olunaraq müvafiq qərar qəbul edildi.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər