İrəvanın oyunbazlığı Moskvanı hövsələdən çıxartdı

post-img

Rusiya Ermənistanın KTMT ilə bağlı yekun qərarını gözləyir

Hazırda Ermənistanda Rusiya ilə münasibətlər, eləcə də Moskvanın dominantlıq təşkil etdiyi qurumlarda, əsasən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Hayastanın qalıb-qalmaması məsələsində ikitirəlik hökm sürür. Hakim “Mülki müqavilə” partiyasının təmsilçiləri, o cümlədən, hakimiyyətin əsas simaları KTMT-dən çıxmaqla bağlı müzakirələri “cəmiyyətdən gələn tələb” adlandırırlar. Buna qarşı çıxanlar isə KTMT-dən uzaqlaşmağın sosial sifariş olmadığını, Qərbin buyruğuna bənzədiyini qeyd edirlər. Belələrindən biri Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyandır.

KTMT Parlament Assambleyasında Hayastan nümayəndə heyətinin üzvü olan Abramyan Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində deyib: “Ermənistan rəhbərliyi bundan sonra ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını hüquqi cəhətdən rəsmiləşdirmək üçün addımlar ata bilər. Qarşılıqlı öhdəliklərlə bağlı KTMT-dən və ondan gözlənilən yardımdan yanlış gözləntilər formalaşıb. Lakin bu halda da tərəflər Ermənistanın KTMT-ni tərk etməsinə gətirib çıxara biləcək addımlar atmamalıdır. Hesab edirəm ki, Ermənistan rəhbərliyi addımlarının davamı olaraq nəinki, açıq şəkildə bəyan edildiyi kimi, təşkilatdan çıxa, ümumiyyətlə Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər”.

Eyni zamanda, Abramyan vurğulayıb ki, İrəvanın, bütövlükdə, Avropa İttifaqı və ya onun hər hansı üzv dövləti ilə münasibətlərinin mümkün dərinləşməsi, heç bir halda Moskva ilə münasibətlərə xələl gətirə biləcək şəkildə baş verməməlidir. Onun sözlərinə görə, Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqı və MDB kimi çoxtərəfli formatlarda iştirakını dondurmalı və ya dayandırmalı deyil, əksinə, onlardan qarşılıqlı əlaqəni daha çevik və məhsuldar etmək üçün yararlanmalıdır.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin KTMT-yə hücumları, əslində, 2020-ci ilin payızından, yəni Vətən müharibəsi zamanından başlayıb. Rəsmi İrəvan həmin vaxtadək elə hesab edirdi ki, Azərbaycanla müharibədə təşkilatı öz yanında görəcək. Ancaq KTMT-nin nizamnaməsinə görə, kollektiv müdafiə mexanizmi yalnız Ermənistan ərazisini əhatə edir. Vaxtilə işğal olunmuş torpaqlar isə indi olduğu kimi o vaxt da Azərbaycanın qeyd-şərtsiz suveren ərazisi idi. Ermənistan baş naziri N.Paşinyan müharibənin ilk günlərindən etibarən Moskvaya müharibəni dayandırmaq, yaxud hərbi yardım göstərmək xahişi ilə ardıcıl müraciətlər etdi. Hətta, Paşinyanın telefonun dəstəyindən asılıb qalmasını əks etdirən fotoşəkil o vaxt sosial şəbəkələrdə məsxərə obyektinə çevrilmişdi. Ancaq ona başa saldılar ki, Ermənistan ərazisi hücuma məruz qalmayıb və İrəvana birbaşa hərbi yardım mümkün deyil. Bundan sonra İrəvan hiylə işlətdi. Azərbaycanın Gəncə, Bərdə, Tər-Tər şəhərlərinin mülki əhalisi birbaşa Ermənistan ərazisindən intensiv raket hücumlarına məruz qaldı. Onlar əmin idilər ki, Azərbaycan həmin hücumları cavabsız qoymayacaq. Raketlərin harada yerləşməsindən asılı olmayaraq, onlar məhv ediləcək. Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyi KTMT-nin proseslərə cəlb olunmasına zəmin yaratmaq, onu fakt qarşısında qoymaq istəyirdi. Ancaq, bu hesablama da yanlış oldu. Azərbaycanın Raket və Artilleriya Qoşunlarının bölmələri şəhərlərimizə uçan raketlərin dəqiq trayektoriyasını müəyyən etdi. Peykdən çəkilən foto və videolarda hər bir məqam əksini tapmışdı. Cavab zərbələri məhz həmin koordinatlara endirildi. Əməliyyat o qədər dəqiq, səliqəli yerinə yetirildi ki, heç kimin deməyə sözü qalmadı. Beləliklə, Ermənistanın KTMT-ni müharibəyə cəlb etmək cəhdi də mənasız oldu.

İrəvan müharibədən sonra da KTMT-ni Azərbaycan əleyhinə fəaliyyətə cəlb etməkdən əl çəkmədi. 2021-ci ilin mayında baş verən və yaddaşlarda “Qaragöl insidenti” kimi qalan hadisələr bunun ən bariz nümunəsidir. Həmin vaxt dağların qarı ərimiş və Azərbaycan sərhədçiləri GPS naviqatorlar vasitəsilə ölkəmizin qanuni sərhədlərinə sahib çıxmışdılar. Ermənistan rəhbərliyi isə bunu əsassız olaraq, “ölkənin suveren ərazisinə hücum” adlandırmağa başladı. KTMT-yə müraciət edərək, onu “öhdəliklərini yerinə yetirməyə” çağırdı. Ancaq təşkilatın mənzil-qərargahından bildirildi ki, hələlik Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası aparılmayıb. Sərhəd xəttinin haradan keçdiyi dəqiq məlum deyil. Buna görə də İrəvanın müraciəti əsaslı sayıla bilməz.

Şərti sərhəddə daha sonra baş verən hadisələr – 2021-ci ilin noyabrın 16-da və 2022-ci ilin sentyabrın 12-14-də yaşanan döyüşlər Ermənistanda KTMT-yə müraciət məsələsini yenidən gündəmə gətirdi. Ancaq hayların cəhdləri yenə nəticəsiz qaldı. Hazırda Paşinyan komandası üzvlərinin “Ermənistan hücuma məruz qaldığı vaxt KTMT adekvat reaksiya vermədi” sözləri həmin hadisələri nəzərdə tutur.

Onu da bildirək ki, Ermənistanda təşkilata hücumların arxasında baş nazirin özü dayanır. Paşinyan fevralın 21-22-də Parisdə səfərdə olarkən “France 24”ə verdiyi müsahibədə Ermənistanın Rusiyanın önəmli rola malik olduğu KTMT-də iştirakını dondurduğunu açıqlamışdı. Eyni zamanda, hökumət başçısı vurğulamışdı ki, Ermənistanda yerləşən Rusiyanın 102 saylı hərbi bazasının çıxarılması məsələsi gündəlikdə deyil.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan hökuməti 102 saylı hərbi bazanın çıxarılması ilə bağlı heç bir iddia irəli sürə bilməz. “ vartnos” hava limanı və hərbi baza ilə bağlı iki tərəf arasında 1992-ci il sentyabrın 30-da dövlətlərarası müqavilə imzalanıb. Həmin sənəd 2040-cı ilədək qüvvədədir.

Onu da bildirək ki, Ermənistanda KTMT ilə bağlı aparılan kampaniyanı tənqid edənlər əsasən “Qarabağ klanı”na daxil olanlar, əvvəlki hökumətdə təmsil olunanlar və ya müxalifətçi deputatlardır. Tiqran Abramyanın katibi olduğu parlamentdəki “Şərəfim var” fraksiyası da belə bir siyasi platformadır. Fraksiya parlamentdəki 107 deputat yerindən cəmi yeddisinə sahibdir. Siyasi birliyin qurucusu keçmiş prezident Serj Sarkisyan, lideri isə Artur Vanetsyandır. Fraksiya digər müxalif partiyalar kimi rusiyayönümlülük və avroskeptisizmlə fərqlənir. Son parlament seçkilərində Ermənistan seçicilərinin yalnız 66 mini “Şərəfim var”a etibar edib.

“Alternativ layihələr” qrupunun üzvü, siyasi ekspert Vahe Ovannisyan isə dərc etdirdiyi məqaləsində yazıb ki, erməni xalqının və dövlətinin taleyini bir nəfər öz məhdud çevrəsi ilə həll edir: “Bu hakimiyyət uzun müddətdir ki, hətta, öz elektoratının belə etimadını qazanmayıb və son illərdə aparılan bütün sosioloji sorğular bunu sübut edir. Regional qüvvələr və ilk növbədə Rusiya bu gün Ermənistanda baş verənlərin bütün Ermənistan xalqının və ictimai qurumlarının fikrini, iradəsini əks etdirib-etdirmədiyini aydınlaşdırmağa çalışır. Bu sualın cavabı regional güclərin gələcək addımlarını da müəyyən edəcək”.

“Ermənistan KTMT-dən çıxmaqla çox ciddi problemlər yaşamayacaq”. Bunu isə “Qafqaz” institutunun direktoru, politoloq Aleksandr İskəndəryan “CivilNet”ə müsahibəsində deyib. Onun fikrincə, Rusiya KTMT-dən çıxmağa cavab olaraq Ermənistanla iqtisadi əlaqələri kəsə bilər ki, bu da son nəticədə Kremlin İrəvan üzərində bütün təsir vasitələrini itirməsinə gətirib çıxaracaq. Bu baxımdan İskəndəryan hadisələrin belə bir inkişaf ehtimalının yüksək olmadığı qənaətindədir.

Onu da bildirək ki, Ermənistanda KTMT ilə bağlı yaşanan müzakirələr artıq Rusiyanı da hövsələdən çıxarıb. Ölkənin xarici işlər naziri Sergey Lavrov martın 2-də Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun nəticələrinə dair mətbuat konfransında jurnalistlərə bildirmişdi ki, Moskva İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını gözləyir. O, qeyd etmişdi ki, Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vədəsi yetişib. Lavrovun sözlərinə görə, KTMT-nin Ermənistanı Qarabağ münaqişəsinin həllində tək qoyması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil: “Təəssüflər olsun ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Bu, müttəfiqlik münasibətləri çərçivəsinə sığışmır. Ermənistan Rusiya ilə əlaqələri kəsmək üçün İrəvana təkid edən regiondan kənardakı ölkələrə arxalanmaq qərarına gəlib”.

Mövzu üzrə söhbətləşdiyimiz politoloq Yeganə Hacıyeva bildirdi ki, KTMT-yə üzvlük Ermənistanın Rusiya ilə birgə kollektiv müdafiə sisteminin tərkib hissəsi olmasını təmin edir. Onun  sözlərinə görə, Azərbaycan ötən müddətdə təşkilata üzv ölkələrlə sistemli və ardıcıl iş aparıb. Nəticədə həmin ölkələrin Ermənistan–Azərbaycan münasibətlərinə yanaşmasında ciddi dəyişiklik baş verib: “Əgər Ermənistan Azərbaycanla deyil, digər ölkə ilə müharibə etsəydi, yəqin ki, KTMT mütləq İrəvanı müdafiə edərdi. Ancaq təşkilatın üzvlərinin mütləq çoxluğu hazırda Azərbaycanla strateji tərəfdaş ölkələrdir. Hazırda KTMT-nin daxilində belə Ermənistan dəyərli üzv statusunu itirib”.

Politoloq qeyd etdi ki, Ermənistanın Qərbyönümlü siyasəti KTMT üzvləri arasında da İrəvana münasibətdə fərqli fikirlərin yaranmasına səbəb olub: “İrəvanda düşünürdülər ki, Rusiya Azərbaycanla münasibətləri korlamaq bahasına olsa belə, Ermənistanı dəstəkləməlidir. Hazırda qlobal qarşıdurma vəziyyətində olan qüvvələr, yəni, bir tərəfdən Rusiya, digər tərəfdən isə Aİ-NATO ölkələrinin missiyası Ermənistan ərazisindədir. Burada İran amilini də nəzərə almaq lazımdır. İran Ermənistan ərazisində onun maraqlarına zidd proseslərin getdiyinə əmin olsa, müəyyən tədbirlər görə bilər”.

Səxavət HƏMİD

XQ



Siyasət