“Köhnə qitə” necə islamlaşır?

post-img

Planetin hər yerindən gənclər Avropaya üz tutublar 

(əvvəli https://www.xalqqazeti.az/az/dunya/168973-kohne-qite-nece-islamlasir)

Siyasi elita Avropa ölkələrində vətəndaş müha­ribəsi ssenarisinin hələ də aktual olduğunu açıq vur­ğulayır: “Avropalı əksəriyyətə qarşı bu müharibə hələ də yalnız müsəlman mühacirlər tərəfindən aparılır. Yerli avropalılar təkcə müsəlmanların hücumlarına qarşı müdafiəsiz deyil, həm də öz hökumətləri tərə­findən taleyin hökmünə buraxılıb.

Öz xalqını müdafiə etməyə laqeyd yanaşan ha­kimiyyət öz legitimliyini sürətlə itirir – tarix bizə bunu öyrədir. Ona görə də yerli avropalılar artıq səsvermə yolu ilə özlərini İslam təhlükəsindən qorumağa baş­lamışlar”.

İstəsək də, istəməsək də, həqiqət budur. İkinci Dünya müharibəsində sosial-nasionalimin məğlubiy­yətindən sonra “Köhnə qitə”nin ən “tolerant” ölkəsi hesab edilən Almaniyadakı gerçək vəziyyətə diqqət yetirək. Bu gün bu ölkədə müsəlmanların sayının nə qədər olduğunu və bunun cəmiyyətə necə təsir etdi­yini anlamaq üçün 2024-cü ilin statistikasına diqqət yetirmək kifayətdir. 

Məlumatlar göstərir ki, Almaniyada müsəlman­ların sayı artmaqda davam edir və bu, ölkədə ciddi suallar və müzakirələr yaradır. Bəziləri hesab edirlər ki, çoxlu sayda miqrant, xüsusilə, müsəlmanlar ölkə iqtisadiyyatına, mədəniyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Digərləri isə müsəlmanların al­man cəmiyyətinin ayrılmaz hissəsi olduğunu və on­ların varlığının ölkənin inkişafı və çiçəklənməsi üçün zəruri olduğunu düşünürlər.

Statistikaya görə, 2024-cü ilin sonuna qədər Al­maniyada müsəlmanların sayı 6,6 milyon nəfərə çatacaq. Müsəlmanlar ölkə əhalisinin, təxminən, 8 faizini təşkil etdiyindən demək olar ki, bu, Almani­yanı Avropanın ən böyük müsəlman icmasına malik ölkələrdən birinə çevirir.

Almaniyada müsəlmanların sayının artması im­miqrasiya və bu qrupdan olan əhalinin yüksək do­ğum səviyyəsi ilə bağlıdır. Ona görə də bəzi ekspert­lər Almaniyada müsəlmanların faizinin yaxın illərdə ancaq artacağını deyirlər.

Almaniyaya müsəlmanlar dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyə, Balkanlar, Şima­li Afrika və Yaxın Şərqdən gəlirlər. Müsəlmanların alman mədəniyyətinə və adət-ənənələrinə təsiri ilə bağlı cəmiyyətdə mübahisələr gedir. Bəziləri müsəl­manları yerli həyat tərzinə uyğunlaşmadıqlarına görə tənqid edir, digərləri isə din azadlığı və mədəni kimlik hüququnu müdafiə edir.

Mübahisələrə baxmayaraq, Almaniyanın müsəl­man əhalisi, bütövlükdə, cəmiyyətə inteqrasiya və iş­tirak üçün səy göstərir. Hakimiyyət onların qarşısında alman dilini bilmək və ölkə qanunlarına riayət etmək kimi müəyyən tələblər qoyur. Eyni zamanda, mədəni fərqlər müxtəlif əhali qrupları arasında dialoqun və qarşılıqlı anlaşmanın zəruriliyini vurğulayır.

Almaniyadakı müsəlman icması bu gün 5 milyon­dan çox insandan ibarətdir. Avropada müsəlmanların sayının artmaqda davam etdiyini nəzərə alsaq, bu, olduqca ciddi rəqəmdir və almanların həyat tərzinə və mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Müsəlmanlar iqtisadiyyata, təhsilə və mediaya töhfə verirlər. Eyni zamanda, onların mədəni ənənələri və adətləri münaqişələrə səbəb ola bilər.

Almaniyada müsəlmanlarla bağlı əsas məqam­lardan biri inteqrasiyadır. Bəziləri qorxur ki, müsəl­manlar Qərb dəyərlərinə riayət etmirlər, alman dilini səylə öyrənmirlər və cəmiyyətə inteqrasiya etmirlər. Buna görə də müsəlmanların sürətli inteqrasiyası on­ların alman cəmiyyəti ilə qarşılıqlı əlaqəsində əsas rol oynayır.

Amma Almaniyada müsəlmanların cəmiyyətə təsirini inkar etmək olmaz. Bu, cəmiyyətin və müsəl­manların bir-biri ilə necə davranmasından və qarşı­lıqlı münasibətindən asılı olaraq, müsbət və ya mənfi ola bilər. Müsəlmanların Almaniya cəmiyyətinə verdi­yi töhfənin müsbət olmasını təmin etmək üçün inteq­rasiya əsasdır.

Rusiya Milli Elmlər Akademiyası Dünya İqtisadiy­yatı və Beynəlxalq Münasibətlər İnstitutunun Avropa Araşdırmaları Mərkəzinin baş elmi işçisi Vladimir Olençenko hesab edir ki, yaxın gələcəkdə müsəl­manların Avropa Birliyində dövlət orqanlarına və rəh­bər vəzifələrə daxil olmasını istisna etmək mümkün deyil, üstəlik, bu, artıq baş verir.

“Məsələn, Londonun meri pakistanlıdır, onun anası da, atası da pakistanlıdır. Amma o, Londonda doğulub böyüyüb. Mən bu və ya digər siyasətçinin etnik mənşəyinə deyil, hansı normalara, həyat dəyər­lərinə riayət etməsinə fikir verərdim.

Əgər insan bir ölkədə yaşayırsa və onun mədəni, sosial normalarını mənimsəyirsə, bu, yaxşıdır, yox, əgər o hakimiyyətə mövcud dəyərləri rədd etmək və başqalarını irəli sürmək üçün müraciət edirsə, bu, hər hansı Avropa ölkəsiində cəmiyyətdə parçalan­maya səbəb ola bilər”. 

Avropa mediasından səslənən fikirlərdən bəlli olur ki, indi avropalılar tez-tez müsəlman siyasət­çilərin hakimiyyətə gəlməsinin konkret dövlətdə ciddisosial dəyişikliklərə səbəb olacağından qorxurlar, məsələn, fransız yazıçısı Mişel Uelbekin “Təslimiy­yət” romanında oxşar ssenari təsvir olunur. Amma o istisna deyil. 

“Pew Research Center” Mərkəzinin hesabatı heç də dini böhranı proqnozlaşdırmır. Burada mə­ram müəyyən dinlərin daha çox insanı öz inancına çevirə bilməsi deyil, bu gün dindar kütlələrin inanma­yanlardan daha çox gənc olması və daha çox uşaq yetişdirməsini açıb göstərməkdir. Xüsusilə, bu de­moqrafik amillər İslamın böyüməsinə kömək edəcək, çünki müsəlmanlar planetin ən gənc sakinləri və ən məhsuldar insanlarıdırlar. 

ABŞ da qeyd etdiklərimizdən kənarda qalmaya­caq və heç indi də kənarda deyil. Birləşmiş Ştatlarda da sekulyarizmin yüksəlişi davam edəcək. Özlərini dinsiz elan edənlər 2050-ci ilə qədər ABŞ əhalisinin dörddə birini təşkil edəcəklər. 2010-cu ildə onlar 16 faiz təşkil edirdi. Xristianlıq ən böyük itkilərə məruz qalacaq. Onun ABŞ əhalisində payı 2010-cu ildəki 78 faizdən, 2050-ci ildə 66 faizə düşəcək. 

“Pew Research Center” Mərkəzinin baş tədqiqat­çısı və demoqrafı hesabatı tərtib edən Konrad Hek­kett deyir ki, 2035-ci ilə qədər ABŞ-da müsəlmanların sayı yəhudiləri keçəcək. Lakin həm yəhudilər, həm də müsəlmanlar Amerika dini landşaftının yalnız kiçik bir hissəsini təşkil edəcəklər. 

Bütün bunlardan sonra, qəfildən yadıma fransalı həmkarım Jizel Littmanın 2005-ci ildə Fransada çox böyük tirajla nəşr olunun və yayılan “Avrəbistan” kita­bı düşdü. Jurnalist bu əsərində Avropanın müsəlman dünyası tərəfindən zəbt ediləcəyindən bəhs edir və yazır. Onun fikrincə, Avropa hökumətləri gələcəkdə ABŞ-a müqavimət göstərə biləcək ittifaq yaratmaq üçün Şimali Afrika, Yaxın və Orta Şərq dövlətləri ilə gizli ittifaqa giriblər. Buna nail olmaq üçün Avropa ya­vaş-yavaş, lakin əminliklə onu İslam dünyasının bir hissəsinə çevirən müsəlman mühacirlərə qapılarını açmağa razılaşıb. Əlbəttə, faktın gerçəkliyi çox şü­bhəli və inanılmazdır. Amma bu mövzu, həqiqətən, çox ciddi müzakirə mövzusudur. 

İndi politoloqlar arasında müzakirələrdə əsas mövzu Avropanın hansı ölkəsinin birinci müsəlman olub şəriət qaydalarına keçəcəyi ilə bağlıdır. Əksər analitiklər Fransanın adını çəkirlər. Digərləri əmin­dirlər ki, İslam əvvəlcə Hollandiyada qələbə çalacaq və burada adi yel dəyirmanları, lalələr və çay kanal­ları olan yerli mənzərəni məscidlərin əvəzləyəcəyini deyirlər. Hətta İslam Avropasının gələcək paytaxtının adı da çəkilir. Amsterdamın, Birmingemin, Londonun və Parisin artıq bu rol uğrunda “mübarizəyə qoşuldu­ğunu” belə söyləyirlər.

Təbii ki, bunu zaman göstərəcək. Görünür, Müəmmar Qəddafinin ölümündən bir müddət əvvəl proqnozlaşdırdıqları özünü nə vaxtsa doğruldacaq. O, deyirdi: “Bu gün Avropa qitəsində on milyonlarla müsəlman var və onların sayı getdikcə artır. Bu, açıq şəkildə göstərir ki, Avropa qitəsi məğlub olacaq və İslamı qəbul edəcək. Bir gün Avropa İslam qitəsinə çevriləcək”.

İlqar RÜSTƏMOV
XQ

Dünya