Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası təmirə bağlansa da, kollektiv Opera studiyasının səhnəsində maraqlı tamaşalarını göstərməkdə davam edir. Ötən bazar günü yaradıcı heyət növbəti tamaşasını təqdim edib. XVIII əsrin görkəmli alman bəstəkarı Kristof Villibald Qlükün “Orfey və Evridika” operası bir neçə ildən bəri teatrın repertuarında olsa da, budəfəki tamaşanı yeni bir təqdimat saymaq olar.
Ukraynanın Əməkdar artisti Mikola Tretyakın quruluşunda bu opera mövzu baxımından maraqlı və musiqi cəhətdən çox mükəmməl əsər olaraq 4-cü dəfə oynanıldı. Üç solo vokalçıdan ikisinin debütü olan, operadan daha çox balet tamaşasını xatırladan bu əsərin səhnə həllində bəzi dəyişiklik var idi. Quruluşçu baletmeyster, Azərbaycanın Əməkdar artist Yuri Lobaçov idi.
Bizim dinləyiciyə Orfey ismi, çox güman, Müslüm Maqomayevin uzun illər sevərək ifa etdiyi “Melodiya” mahnısından tanışdır: “Sən mənim melodiyamsan, mən sənin sadiq Orfeyin”… Bəli, tamaşanın qəhrəmanı həmin Orfeydir. Qədim yunan mifologiyasında kişi sədaqətinin mücəssəməsi sayılan, əsatir qəhrəmanı olan Orfey frakiyalı olub, sehrli səsə malik dahi musiqiçidir.
Bəstəkar Qlükün operası Orfeyin baş qəhrəman olduğu həmin qədim yunan əsatirindən qidalansa da, müəlliflər ona bir qədər dəyişiklik ediblər. Yəni, 1762-cı ildə Vyanada ilk dəfə oynanılan bu operada bəstəkar librettonun müəllifi Ranyero da Kalsabici ilə birlikdə əsatirin süjetinə bir qədər fərqli yanaşıb. Operanın titul qəhrəmanları Orfey və onun sevimli zövcəsi Evridika bu əsərdə adi insan kimi göstərilir.
Əslində, əcəlin vaxtsız ayırdığı bədbəxt sevgililər barədə kədərli əsatir dildən-dilə düşdükcə, müxtəlif müəlliflər ona müraciət etdikcə, zaman-zaman çox fərqli versiyalar ortaya çıxmışdı. Lakin Kristof Qlükün sayəsində tamaşaçılar bu əhvalatı məhəbbətin və sədaqətin təntənəsi kimi görürlər. Bəstəkar əsatirin faciəvi məzmununu xoşbəxt sonluğa aparıb çıxarır. Musiqi əsəri dinləyiciyə bir daha çatdırır ki, əsl hisslər zamandan, məsafədən, ayrılıqdan, hətta ölümdən də üstündür.
Azərbaycanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov nadir kontratenor səsi ilə Orfeyi layiqincə təqdim edir. Elə tamaşasının əsl qəhrəmanı da İlham Nəzərovdur. Musiqişünaslar əfsanəvi müğənni Orfeyin partiyasını nəinki mürəkkəb, hətta qəliz adlandırırlar. Gerçəkdən də, Orfey səhnədə bütün tamaşa boyu fasiləsiz oxuyur. Üstəlik, quruluş baxımından tamaşanı həm də baletyönümlüdür. Orfey öz kədərini, zövcəsi Evridikanın qəfil ölümündən dolayı öz nisgilini ifa etdikcə, əsas qəhrəmanların oxşarları, sənət dili ilə desək, alter-eqoları – balet artistləri Seymur Qədiyev və Əməkdar artist Nigar İbrahimova onun hisslərini həm də rəqsin dili ilə çatdırırlar. Hərçənd tamaşa elə qurulmuşdu ki, Orfeyin ifaçısı İlham Nəzərov da öz ifasında rəqs elementlərindən tez-tez istifadə etməli olurdu.
İndiyədək göstərilmiş “Orfey və Evridika” tamaşalarında Evridika partiyasını Ukrayna və Qazaxıstandan dəvət edilmiş sopranolar ifa edib. Lakin bu dəfə Əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi Fəridə Məmmədova Evridika kimi səhnəyə çıxdı. Fəridə xanım bütün partiyalarının ifasında təkcə gözəl və güclü soprano səsinin imkanlarından dolğun istifadə etmir, həm də bütün aktyorluq istedadını səxavətlə öz obrazına xərcləyir. Onun Evridikası da indiyədək səhnədə gördüyümüz maraqlı obrazlarının uğurlu davamıdır.
Gənc vokalçı Zümrüd Davudovanın ifa etdiyi Amur da maraqlı idi. Gənc vokalçı güclü vokal imkanları, zərif görkəmini tamamlayan incə və şıltaq hərəkətləri, ən əsası, səhnədə sərbəst davranışı ilə tamaşanın sonunda güclü alqışları haqq etdi.
Səhnədə görünməsə də, xor kollektivinin sığallı ifası səhnə arxasından qulaqları oxşadı. Təbii ki, bu, tamaşanın xormeysteri, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın əməyinin bəhrəsi idi.
Teatrın baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Əyyub Quliyevin idarə etdiyi orkestr isə bəstəkar Qlükün sanki incə saplarla toxunmuş, bəzək vurulmuş parçanı xatırladan, salonu sərin yay küləyi tək bürüyən musiqisini məharətlə ifa etdi.
Məğzinə varsaq, əslində, Orfeylə Evridikanın sevgi əhvalatı bir nağıldır. Operanın müəllifləri bu eşq hekayəsini xoşbəxt sonluqla bitirməklə, onu ən şirin nağıllardan birinə çeviriblər. Xoşbəxt sonluqlu tamaşa birnəfəsə oynanılıb dinləyicisinə, tamaşaçısına xoş ovqat bəxş edəndə isə nağılların gerçək olduğuna inanmaq istəyirsən.
XXI əsrdə – həyat ritminin itiləşdiyi, arzuların cılızlaşdığı, hövsələnin daraldığı, informasiyanın bollaşdığı dövrdə nağılları seyr etmək, dinləmək, hətta qısa zaman kəsiyində özünü o nağılın içində hiss etməkdə də fayda var…
Eynilə “Orfey və Evridika” operasının seyrindəki kimi.
Gülcahan MİRMƏMMƏD