Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Qarabağ regionunu tərk etmiş erməni əsilli sakinlərin sayı barədə rəqəmlər mübahisəlidir. Separatçı rejim uzun illər ərzində israr edib ki, orada yaşayanların sayı 120 min nəfərin üzərindədir. Azərbaycan isə bu rəqəmin şişirdildiyini isbatlayan sübutları göstərib. Ortadakı mübahisə 2023-cü ildə nisbətən sakitləşib.
Çünki, qarşı tərəf özü səsləndirdiyi rəqəmlərdə korrektələr edib. Ermənistan Respublikasının rəsmi qurumları 2023-cü ilin sentyabr–oktyabr aylarında Qarabağdan köçən erməniləri qəbul edərkən, açıqlama verdilər ki, 100 min 514 nəfəri qeydə alıblar. 2023-cü il oktyabrın 1-dən sonra bu rəqəm yenilənməyib. Proses bitib. Düzdür, Ermənistan tərəfindən səsləndirilən 100 min 514 nəfər rəqəminin özü də mübahisəlidir. Amma indiki niyyətimiz Ermənistanın səsləndirdiyi rəqəmlərin üzrində müzakirə açmaq deyil.
Problem ondadır ki, “Freedom House” fevralın 29-da “Dünyada azadlıqlar–2024” hesabatını açıqlayarkən, Qarabağdan köç etmiş erməni əsilli şəxslər mövzusuna da yer ayırıb.
Ermənilərin bu regiondan, guya, zorla köçürüldüklərini qeyd edərək Azərbaycanı “etnik təmizləmə həyata keçirdiyi üçün” qınayıb. Qısaca desək, hesabatın məzmununu erməni narrativinə uyğunlaşdırıb. Hansı ki, Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etmək şərtilə, qalıb yaşamaları təklif olunub. Qəbul edənlər olub, etməyənlərin də gedişinə maneə yaradılmayıb. Gedənlərin könüllü, təhlükəsiz və maneəsiz keçidinin təşkil olunduğu bütün dünyanın gözü qarşısında baş verib. Yerli və beynəlxalq media təmsilçilərinin iştirakı ilə prosesin canlı görüntüləri yayımlanıb. Amma bütün bunların heç biri “Freedom House” hesabatında yer almayıb.
İlk baxışdan görünür ki, təşkilatın apardığı “tədqiqatlar”, hazırladığı təhlillər elmi metodologiyalara deyil, siyasi konyukturaya əsaslanıb. Hesabatda təsvir edilən məzmunla yanaşı, istifadə edilən rəqəmlər də saxtadır. Əgər elementar formada tədqiqat aparsaydılar, görərdilər ki, Qarabağdan köç etmiş ermənilərin sayı barədə rəqəm səsləndirərkən, hətta Ermənistan özü də 120 min nəfəri dilə gətirmir. Yəni, ən azı Ermənistan özü əvvəlki rəqəmdən imtina edərək 100 min nəfərin üzərində dayanıb. Beynəlxalq KİV-lər, monitorinq mərkəzləri də indi daha çox bu rəqəmə istinad edirlər. “Freedom House” isə öz ampluasındadır. Tədqiqat aparmayıb, faktları araşdırmayıb. Yaddaşının küncündə ilişib qalan nə varsa, hesabata daxil edib. Bir sözlə, ermənilərdən daha çox ermənilik edib. Qarabağdan köç etmiş ermənilərin sayını 120 min nəfər göstərib (1-ci şəkil). Həm də onların etnik təmizləməyə məruz qaldıqlarını qeyd edib.
Bu da faktdır ki, Azərbaycanı qınağa gətirmək istəyərkən, öz qüsurunu büruzə verib. Təkcə elə 120 min nəfər rəqəminə diqqət yetirmək kifayətdir ki, “Freedom House” hesabatında faktların saxtalaşdırıldığı aşkara çıxsın.
Amma hesabatdakı qüsurların sırası bununla yekunlaşmır. Ən ciddi qüsurlardan biri “Freedom House” tərəfindən etnik-separatizmin dəstəklənməsidir. Problem ondadır ki, 2023-cü il hesabatında olduğu kimi, 2024-cü il hesabatında da “Dağlıq Qarabağ” Azərbaycandan ayrıca, əlahiddə subyekt kimi qiymətləndirilir (2-ci şəkil). Beləliklə, ABŞ Kon-qresinin son illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı siyasət “Freedom House” tərəfindən də təkrarlanır. Bu siyasət hesabatlarda öz inikasını tapır. ABŞ Ermənistan–Azərbaycan münasibətlərinin “tənzimlənməsində” hansı maxinasiyaları tətbiq edirsə, “Freedom House” də hesabatında eyni siyasəti təqib edir. “Dağlıq Qarabağ”ı əlahiddə sub-yekt kimi göstərməklə, Azərbaycanın ərazi bütövlüyünə qəsd edir! Ən acınacaqlısı odur ki, hesabatda “Dağlıq Qarabağ” təkcə ərazi baxımından deyil, həm də “demokratik azadlıqlar” konteksində Azərbaycandan qoparılır.
Diqqətçəkən daha bir məqam hesabatda “xəyallara əsaslanan”, mövcud olmayan faktların təsvir edilməsidir. Məsələn, “Freedom House” ümumi konyukturaya qoşularaq qeyd edir ki, guya, Azərbaycan Ermənistan ərazisini işğal etməyə hazırlaşır. Bu iddia daha öncə ABŞ Konqresinin bəzi nümayəndələri və Avropa İttifaqının komissiarı Cozef Borrell tərəfindən səsləndirilib. Amma dərhal da Azərbaycanın yüksək rəsmi təmsilçiləri tərəfindən təkzib edilib. Görünən budur ki, “Freedom House” tədqiqatçıları iddiaları oxuyublar, təkzibləri isə “gözdən qaçırıblar”. Beləliklə, işlərini yarımçıq, qeyri-peşəkar formada icra ediblər, qərəzli davranıblar.
“Freedom House” təkcə Azərbaycana qarşı qərəzli deyil. “Dünyada azadlıqlar-2024” hesabatı vasitəsilə 210 ölkənin “qiymətləndirilməsi” aparılıb. Hesabatda vurğulanır ki, 2023-cü ildə 52 ölkədə siyasi və mülki hüquqlar sahəsində durum pisləşib: “Hazırda dünya əhalisinin 38 faizi demokratik baxımdan azad olmayan, 42 faizi qismən azad, cəmi 20 faizi azad ölkələrdə yaşayır”.
Diqqətlə yanaşanda bəlli olur ki, ABŞ-ın siyasətinə boyun əyməyən, müstəqil davranan nə qədər ölkə varsa, hamısının adını toplayıb hesabatın “demokratik azadlıqlar olmayan ölkələr” kateqoriyasında göstəriblər. Bu dövlətlər “bütün azadlıq indeksləri üzrə pis tendensiyaların yaradıcıları” kimi təqdim edilir. Faktdır ki, adları çəkilən dövlətlər ABŞ-ın strateji planlarında hədəf seçilən, rəqib qismində görünən ölkələrdir. Onlar eyni prinsip əsasında “Freedom House” tərəfindən də hədəfə alınır. ABŞ-ın siyasəti ilə uyğunlaşmayan bu dövlətlər “qeyri-azad ölkələr” indeksi üzrə dəyərləndirilir.
Məlumat üçün qeyd edək ki, “Freedom House” təşkilatı Azərbaycanın öz müstəqilliyini elan etməsindən başlayaraq, bu günə qədər heç vaxt ölkəmiz barədə obyektiv rəy verməyib. ABŞ 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş edib Azərbaycanın müstəqilliyini təhdid altına aldığı kimi, “Freedom House” də bu illər ərzində hazırladığı hesabatlarda bizə qarşı ancaq qərəz püskürüb. O, ABŞ-ın siyasi mərkəzləri ilə sinxron davranışlarını bu gün də davam etdirir. Yəni, obyektiv deyil, konyekturalıdır.
Əslində beynəlxalq təşkilat öz işini sifarişlərlə qurmamalıdır. Müstəqilliyini qorumalı, obyektiv olmalı, demokratik inkişaf, insan haqları, azadlıqlar uğrunda çalışmalıdır. Obyektiv hesabatlar hazırlamaq üçün, ilk növbədə, təşkilatın özü azad olmalıdır. Lakin gördüyümüz kimi, “Freedom House” özü azad və müstəqil deyil, ABŞ siyasətinin bir qoludur. Onun hazırladığı hesabatlar demokratik azadlıqların dəyərləndirilməsi üçün meyar kimi qəbul edilə bilməz!