ABŞ: “Ümid və ağrı” arasında seçim

post-img

ABŞ-ın siyasi elitası 2024-cü il prezident seçkisini siyasi üstünlük məsələsi deyil, “ümid və ağrı” arasında seçim hesab edir. 

Bu fikri “Fox News”-a müsahibəsində respublikaçı senator Con Kennedi bildirib: “Baydenin prezidentliyi dövründə ölkədə cinayətlər artıb, enerji sektoru batıb, sərhəddə xaosdur, ABŞ beynəlxalq arenada nüfuzu­nu sürətlə itirir, insanlar isə sürətlə yoxsullaşırlar”. Kennedi tam səmimi şəkildə bildirib ki, əhali axmaq deyil, Baydenin siyasətinin nəyə gətirib çıxardığını yaxşı başa düşür.

Ölkədə vəziyyət həqiqətən belədir­sə, onda prezident seçkisi marafonunda Bayden Trampı, yoxsa Tramp Baydeni üstələyəcək? Son praymerizlər hansı na­mizədin daha çox seçilmək şansına sahib olduğunu göstərir? Ümumiyyətlə, seçkilərə hazırlıq prosesi hansı hadisələrlə diqqət çə­kir?

Dünya mətbuatının diqqət mərkəzində olan əsas məsələlərdən biri, əlbəttə, Bay­denin əqli sağlamlığı ilə bağlı respublika­çı konqresmenlərin qaldırdığı hay-küylə bağlıdır. Nümayəndələr Palatasının Kolo­radodan olan respublikaçı üzvü Ken Bak Konqresə Prezident Adminstrasiyasını Co Baydeni hakimiyyətdən kənarlaşdırmaq üçün Konstitusiyaya 25-ci düzəlişdən istifa­də etməyə çağıran qətnamə təqdim etmək niyyətindədir. 

K.Bak Baydenin zehni sağlamlığı ilə bağlı ciddi problemləri olduğuna görə və­zifəsindən uzaqlaşdırılmasını tələb edir. Səbəb kimi o, xüsusi prokuror Robert Hurun Baydenin məxfi sənədlərlə işləməsi ilə bağ­lı apardığı təhqiqatın hesabatını göstərib. Sənəddə prezidentə qarşı heç bir ittiham olmasa da, o, dəfələrlə yaddaşı zəif olan qoca insan kimi təqdim edilir. Bak hesaba­tın əksər amerikalıların çoxdan öz gözləri ilə gördüklərini əks etdirdiyini bildirərək deyib: “Prezident Bayden artıq öz postunun əsas vəzifələrini uğurla yerinə yetirə bilməz".

Bak “Fox News Digital”a müsahibəsin­də daha sonra deyib: “Hesabatda göstə­rilən çoxsaylı faktlar prezident Baydenin açıq-aşkar əqli qabiliyyətinin zəifləməsini və əqli gücsüzlüyünü açıq şəkildə nümayiş etdirir. Ölkəmizin üzləşdiyi sosial çağırışlar və təhlükəsizlik təhdidləri saysız-hesabsız­dır və bu, dövlət başçısından güclü əqli və fiziki qabiliyyət tələb edir. Vitse-prezidentin və Nazirlər Kabinetinin ölkəmizi birinci yerə qoymalarının və 25-ci düzəlişin tətbiqini irə­li sürmələrinin vaxtı çatıb”. O, irəli sürdüyü qətnamənin mətnində Baydenin nitqindəki yanlışlıqları və ictimaiyyət arasındakı gü­lüş doğuran səhvlərini sübut kimi göstərib. Qeyd edib ki, Bayden bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makronu onil­liklər əvvəl vəfat etmiş sələfi ilə səhv salıb, Almaniyanın eks-kansleri Angela Merkeli 2017-ci ildə həyatdan köçmüş Helmut Kolla qarışdırıb və səhvən Misir prezidentini Mek­sika prezidenti adlandırıb.

Təbii ki, Nümayəndələr Palatasının üzvü Ken Bak siyasi elitanın belə qənaətdə olan nə birinci, nə də sonuncu nümayən­dəsidir. Oxşar bəyanatlarla senatorlar Rik Skott və Mayk Li, həmçinin Nümayəndələr Palatasının üzvləri Meri Miller və Mayk Kollinz də çıxış ediblər. Respublikaçı se­nator Con Kennedi isə fevralın 29-da “Fox News”-a müsahibəsində deyib: “Bu prezi­dent seçkiləri eks-prezident Trampla pre­zident Bayden arasında mübarizə olacaq. Mən prezident Trampı dəstəkləyirəm. Me­dia mənsubları məndən bunun səbəbini soruşduqda, onlara deyirəm ki, bu, respub­likaçılar və demokratlar arasında seçim de­yil. Bu, daha çox ümidlə ağrı arasında se­çimdir. Prezident Baydenlə biz yalnız ərzaq mağazasına getməyin xərcindən tutmuş küçələrdəki cinayətlərə qədər daha çox ağrı ilə qarşılaşacağıq. 

Sərhəd açıq qanaxma yarasıdır. Düş­mənlərimiz artıq bizə hörmət etmir. Demək istəyirəm ki, bu, sadəcə, bir sıra uğursuz­luq idi. Əlbəttə, bu haqda danışmaq mənə sevinc gətirmir. Amma Amerika xalqı bunu belə görür”.

Bütün bunlara baxmayaraq, Ağ ev xü­susi prokuror Robert Hurun Co Baydenin məxfi sənədləri düzgün saxlamaması ilə bağlı təhqiqatının hesabatını ciddi cəhd­lə tənqid etməkdədir. Xatırlayırsınızsa, Ağ evin mətbuat katibi Karine Jean-Pierre he­sabat açıqlanandan dərhal sonra demişdi: “Xüsusi prokuror Hur respublikaçıdır. O, həkim deyil”. Və əlavə etmişdi ki, “Amerika prezidentinin vəziyyəti ilə bağlı qərarı "təbii ki, həkim verməlidir".

Nəhayət, fevralın 28-də ABŞ prezidenti Milli Hərbi Tibb Mərkəzində illik tibbi müa­yinədən keçib. Bundan dərhal sonra onun həkimi Kevin O’Konnor ictimaiyyətə hesa­bat verərək bildirib ki, Co Bayden öz və­zifələrini yerinə yetirə bilir. 

Sənəddə deyilir: “Prezident Bayden prezidentin vəzifələrini, o cümlədən icra hakimiyyətinin rəhbəri, dövlət başçısı və Ali Baş Komandan kimi vəzifələrini uğurla ye­rinə yetirməyə qadir olan sağlam, fəal, 81 yaşlı möhkəm kişidir”. Bununla belə hesa­batda Baydenin yuxu apnesi, hiperlipide­miya, qastroezofageal reflüks və artrit daxil olmaqla bir neçə xəstəlikdən əziyyət çəkdiyi də qeyd olunur. 

Təbii ki, bu, demokratlarda tam arxa­yınçılıq yarada bilməz. Ona görə də xüsusi prokurorun hesabatı, respublikaçı rəsmilə­rin açıq hücumları və özlərinin müşahidələri bir çox demokratları 2024-cü il prezident seçkilərində alternativ namizədi nəzərdə tutan “B” planı haqqında düşünməyə vadar edib. “Politico” nəşri bu barədə dərc etdiyi məqalədə yazır: “İndiyə qədər Co Baydenin partiya üzvləri bu məsələ ilə bağlı şayiələr­dən qətiyyətlə qaçırdılar, lakin xüsusi pro­kurorun sənədi, çox güman ki, onları daha fəal hərəkətə keçməyə məcbur edəcək”.

Demokratların prezident seçkiləri planı­na korreksiyasında bir çox amillər xüsusi rol oynayıb. Bunlara Baydenin yeni prezident­lik müddəti üçün çox qoca olduğuna dair geniş yayılmış rəy və seçicilərin mövcud si­yasi kursdan məyusluğu da daxildir. Popul­yarlıq səviyyəsinə görə Bayden, prezident seçkilərinin taleyini həll edən mühüm ştat­larda keçmiş eks-prezident Donald Tramp­dan geri qalır. Bu, qarşıya çox ciddi suallar çıxarır: 46-cı prezident noyabrda yenidən partiyaya rəhbərlik edə biləcəkmi və gözlə­nilməz vəziyyətlər yarandığı məqamda par­tiya üzvlərinin hansı ehtiyat variantları var? 

Prosessual və siyasi incəliklərə görə, Baydeni sadəcə əvəz etmək çox çətin ola­caq. Çünki o, artıq demokratların əsas na­mizədi kimi birbaşa finiş xəttinə çıxıb. Hətta fevralın 28-də nəticəsi elan olunan Miçiqan ştatında keçirilmiş praymerizdə belə böyük səsçoxluğu ilə öz partiyasının qalibi olub. Belə ki, demokratlar partiyasından Bayden 81,1 faiz, respublikaçıların əsas namizədi Tramp isə 68,2 faizlə qalib gəlib. 

Doğrudur, Bayden səslərin mütləq ək­səriyyətini qazanıb, lakin onların 13,2 faizi "qeyri-sadiq" sütununu (təxminən "hamıya qarşı") qrafasını seçib. Amerika mediası bunu Baydenin Qəzza zolağı ilə bağlı si­yasətinə qarşı çıxan “Miçiqanə dinlə” hərə­katının fəaliyyəti ilə əlaqələndirir. Hərəkatın rəsmi saytında deyilir: “2016-cı ildə Tramp Miçiqanda 10 min səslə qalib gəldi. Bayde­nin Qəzza ilə bağlı siyasətindən narazı olan Miçiqan ştatının qeyri-müəyyənlikdə qalan demokratları bu üstünlüyü bizim təşkil etdi­yimizi göstərə bilərlər. Bayden bizim səsimi­zi öz siyasətini dəyişdirməklə qazanmalıdır”. Ona görə də hərəkatın fəalları “qeyri-sabit” qrafasında səs verməyə çağırıblar.

Təbii ki, Yaxın Şərqdəki vəziyyətin qeyri-müəyyənliyini nəzərə alaraq, yerli müsəlmanların Baydendən narazılığı daha da artacaq. Miçiqanda adətən demokrat­lara üstünlük verən, lakin hazırda Bay­dendən narazı olan etnik ərəblərin dəstəyi çox əhəmiyyətlidir. Əlbəttə, onlar Trampı dəstəkləməyəcəklər, amma sadəcə seçkiyə gəlməyəcəklər və Baydenin ştatda qalib gəlmək şanslarını azaldacaqlar.

Belə bir vaxtda ABŞ medasında Co Baydenin əsas rəqibi olan respublikaçıla­rın əsas namizədi Trampın İllinoys ştatın­da keçirilən praymerizdə iştirakına qadağa qoyulması ilə bağlı xəbər yayılıb. “The New York Times” nəşri məhkəmənin qərarına is­tinadən xəbər verir ki, bu qərarı Kuk (İllinoys ştatı) dairə məhkəməsinin hakimi Treysi Porter verib.

Porter bəyan edib ki, ştatın seçki komis­siyası yanvarda Trampın ştatın seçkilərdə iştirakına icazə verməklə səhv edib. Ha­kimin sözlərinə görə, indi qurum keçmiş prezidentin martın 19-da ştatda keçiriləcək ilkin səsvermədə iştirakını qadağan etmə­li olacaq. O, Trampın 2021-ci il yanvarın 6-da baş verən hadisələrdə – “Kapitoliya hücum”da iştirakı səbəbindən ştatda ilkin seçkilərdə iştirak edə bilməyəcəyini vurğu­layıb. Porterin qərarı cümə gününə qədər qüvvəyə minəcək və bu da Trampa qərar­dan şikayət etmək imkanı verəcək. 

Müşahidələrdən aydın görünür ki, Bir­ləşmiş Ştatlarda noyabrda baş tutacaq pre­zident seçkilərinə qədər hələ çox hadisələr baş verəcək. Ona görə də indidən Bayde­nin, eləcə də Trampın bu seçkilərdə əsas rəqib olacaqlarını əminliklə söyləmək hələ çox tezdir. 

İlqar RÜSTƏMOV
XQ

 

Siyasət