100 yaşın mübarək, “Qələbə”!

post-img

Düz 1 əsr əvvəlin bu günlərində Salyanda rayon qəzetinin “Qırmızı Muğan” adı ilə çıxan ilk nömrələrini əldə edənlərin özlərini necə xoşbəxt saydıqlarını təsəvvür etmək çətin deyil. O zaman salyanlılar, çox güman ki, əl boyda qəzetə bir möcüzə kimi, təbərrik kimi baxıb, “qurğuşun” sətirlərdə ipə-sapa düzülən bütün materialları heyranlıqla oxuyublar. 

Sonralar adı dəfələrlə dəyişdirilərək “Sosializm yolu”, “Məhsul”, “Günay­dın” və “Qələbə” kimi tanınan bu mət­bu orqanın indi artıq 8711-ci nömrəsi çıxıb. Bölgə həyatının bütöv bir sal­naməsinin əks olunduğu qəzetin 100 yaşı rayonda təntənə ilə qeyd edilib. Yubiley mərasiminə Mətbuat Şurasının rəhbərliyi, mərkəzi qəzetlərin təmsil­çiləri, qonşu rayonlardan gəlmiş jur­nalistlər və çoxsaylı rayon ziyalıları da qatılmışdılar. Əvvəlcə iştirakçılar mət­buatın inkişafına daim böyük diqqət və qayğı göstərmiş Ulu öndərin şəhərin baş meydanındakı möhtəşəm abidə­sini ziyarət edib, önünə tər güllər düz­dülər. Sonra mərasim rayon icra ha­kimiyyətinin akt zalında yubileyə həsr olunan videoçarxın nümayişi ilə davam etdi.

Salyan Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov “Qələbə”nin yaradıcı heyətinə yubiley münasibətilə təbriklərini çatdırdı. O, hər zaman ra­yonun ictimai həyatında mühüm rol oy­namış, milli məfkurə tribunası olmuş, əhalinin maarifləndirilməsi missiyasını şərəflə yerinə yetirmiş “ağsaqqal” qə­zetin xidmətlərini yüksək dəyərləndirdi, redaksiya kollektivinə ən xoş arzularını bildirdi. 

Qəzetin baş redaktoru Rüstəm Mə­likov çıxışında bildirdi ki, qələbələr müj­dəçisi olan “Qələbə” şanlı tarix yaşayıb, nailiyyətlərə işıq tutub, çatışmazlıqları cəsarətlə tənqid edib, prinsipiallığını və obyektivliyini itirməyib. Vaxtilə bu re­daksiyada çalışmış ünlü söz adamları xatırlandı və ənənələrin layiqincə da­vam etdirildiyi diqqətə çatdırıldı. 

Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, vaxtilə bu rayon qəzetinin məsul katibi olmuş, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arif Əliyev, AYB Muğan bölməsinin rəhbəri Nəbi İbrahimov, Salyan Rayon Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev 100 yaşı tamam olan qəzetlə bağlı sə­mimi duyğularını dilə gətirdilər.

Sonda yubilyar qəzetin kollektivinə Mətbuat Şurasının diplomu və Salyan Rayon İcra Hakimiyyətinin fəxri-fəman­ları təqdim edildi. 

P.S. Biz də “Xalq qəzeti” olaraq bölgə mətbuatının flaqmanlarından sa­yılan “Qələbə”nin yaradıcı heyətini 100 illik yubiley münasibətilə təbrik edir və yeni-yeni qələbələr arzulayırıq. 

Əli NƏCƏFXANLI
XQ





Mədəniyyət