Ermənistan parlamentinin spikeri yeni müharibə anonsu verirmi?
Ermənistan parlamentinin spikeri Alen Simonyan yenə Rusiyanı ittiham yolunu tutub. Amma bu dəfə ad çəkmədən. Nəinki bu şəxsin, eləcə də erməni iqtidarında təmsil olunan hər kəsin anti-Rusiya ritorikasını anti-Azərbaycan məntiqi ilə vəhdətdə tutduğu isə danılmaz həqiqətdir.
Beləliklə, A.Simonyan deyir ki, Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək, sonda sülhpərvər sifət ifadəsi ilə bunun qarşısını almaq və hər iki ölkənin boynuna kəndir keçirərək, regionda növbəti dəfə sülh yaratmaq planları olub.
Maraqlıdır, A.Simonyan hansı məqamı nəzərdə tutub? Çox güman, fevralın 13-dəki insidentdən danışıb. Yəni, başqa nə isə düşünməyə əsas yoxdur. Fevralın 13-də isə ilk atəş Ermənistan tərəfdən açılmışdı. İndi necə başa düşək, bunu Rusiyamı təşkil etmişdi? Hər halda, erməni spikerin fikirləri absurd görünür. Necə də görünməsin? Erməni mövqelərindən atəş açılır, buna qarşılıq Azərbaycan cavab verir və Ermənistanın dörd hərbçisi məhv edilir. Simonyanın məntiqi ilə təxribat üçüncü tərəfin işidirsə, hər halda bunu təsdiqləyəcək dəlil-sübut olmalıdır. Ancaq bu yoxdur. Olsaydı, yüz faiz ortaya çıxaracaqdı. O zaman kimdir müqəssir?
Haşiyə çıxaq ki, son günlər Ermənistan rəsmilərinin Rusiyanı hədəfə almaları, kifayət qədər, həyasız motivlərə və diplomatiyadan uzaq məqamlara köklənib. Baş nazir Nikol Paşinyan “France 24”ün efirindən bildirmişdi ki, ötən ilin sentyabrında Azərbaycan Qarabağa sahiblənəndə Rusiya rəsmiləri Ermənistanda hakimiyyəti devirmək yönümlü çağırışlar səsləndiriblər. Görəsən, kim idi bu Rusiya rəsmisi? Paşinyan da açıqlamayıb, məsuliyyətsizcəsinə danışıb.
İndi də Simonyan eyni yolu tutur. Bəlkə, aranı qarışdıran Azərbaycan–Ermənistan şərti sərhədinin Ermənistan tərəfində dayanmış Avropa Şurasının mülki müşahidə missiyasının təmsilçiləridir? Hərçənd, spikerin onları nəzərdə tutduğunu söyləmək yerinə düşmür. Axı avropalılar mütərəqqidirlər, ruslar kimi insanlıq, sülh düşməni deyillər (?). Bəs onda kim?
Əslində, A.Simonyanın digər fikirləri mövzudan, daha doğrusu, subliminal səslənmiş anti-Rusiya ritorikasından uzaqlaşmaqdır. İlk baxışdan, onun söylədiklərində məntiq yoxdur. Sanki iz azdırır. Ancaq gizlətmək istədiyini ortaya qoyması ilə fərqlənir. Məsələn, erməni parlament sədri ölkəsinin təhlükəsizliyinin təminatı prioritetindən söz açır və deyir: “Bizim əmrimizlə ordu Ermənistanın sərhədlərini qoruyur. Biz öz səylərimizlə sərhədlərimizi qorumaq üçün müxtəlif ölkələrdən silah gətiririk”.
Bəli, əsas məsələ də elə budur. Ermənistan silah gətirirsə, deməli, onun istifadəsini düşünür. Düşünməyə bilməz. Əlbəttə, xaricdən hər silah-sursat alan ölkə onu öz qonşusuna qarşı istifadəni nəzərdən keçirmir ki, bu da təbiidir. Tutalım, Gürcüstan xaricdən silah alırsa, biz nəyə görə düşünək ki, məqsəd həmin silahdan Azərbaycana qarşı yararlanmaqdır. Eləcə də Azərbaycan eyni addımı atanda Gürcüstan heç bir əndişə keçirmir. Ermənistan isə xoflanır. Çünki xislətində xainlik var. Elə Simonyan da İrəvanın müxtəlif ölkələrdən silah gətirdiyini deyəndə, tonunu eyni xainliklə çatdırır.
Digər tərəfdən, Simonyan belə fikir bildirməklə, müəyyən mənada, köhnə mövzunu təzələyir. Əlbəttə, ən yaxın keçmişin anti-Rusiya ritorikasını. O, ötən il bildirmişdi ki, Moskva 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasına nail olmaqla, Qarabağı Azərbaycana verdi. O da məlumdur ki, erməni spikerin bu fikri Rusiyada birmənalı qarşılanmadı. Hətta, ölkənin Prezidenti Vladimir Putin başqa olmaqla, bir sıra yüksək rütbəli rəsmilər məsələ ilə bağlı mövqe səsləndirdilər. Putin baş nazir Nikol Paşinyanın 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında keçirilmiş Praqa və Brüssel sammitləri zamanı Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və bununla hər şeyin bitdiyini dilə gətirdi. Eyni məqamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da vurğuladı.
Simonyanın isə hazırda söylədiklərindən belə nəticə hasil olur ki, Rusiyanın 2020-ci ildə Ermənistanı Azərbaycanın əlindən alması hər iki dövləti nəzarətdə saxlamaq istəyi idi. O zaman belə düşünə bilərik ki, İrəvan özünün qeyri-ordinar hərəkətləri ilə belə bir nəzarətə qarşı çıxdı və nə etdi? Qarabağda separatçı quruluşu qoruyub saxladı, bölgədəki erməni ordusuna məxsus hərbi birləşmələri çıxarmadı. Deməli, beynəlxalq hüquq normalarına etinasız yanaşdı.
O zaman daha bir sual yaranır: Qarabağda separatizmin saxlanılması yekunda kimin xeyrinə idi? Əlbəttə, Ermənistanın. Və məntiqlə İrəvan gərək üçtərəfli bəyanatın şərtlərini yerinə yetirə idi ki, boyunduruğa düşməsin. Ancaq buna getmədi, destruktiv mövqe tutdu. Azərbaycanla konflikti davam etdirdi. Bir halda ki, Azərbaycanla münaqişədə “boyunduruq” məntiqi var, olmazdımı ki, Ermənistan bundan uzaq dayanardı? Görünür, olmazmış!
Məsələyə başqa bucaqdan yanaşaq. Fərz edək ki, Moskva Qarabağı Ermənistanın nəzarətində saxlamaq istəyib, amma İrəvan bununla razılaşmayıb, ona görə ki, başına kəndir keçirilməsini istəməyib? Bu, əsla mümkün deyil. Həm də məsələ hansı boyunduruqdadır? Bəli, Ermənistan Qərbin boyunduruğunu başına salıb. Mövcud xüsusda ölkə özünü demokrat, insan hüquq və azadlıqlarını qoruyan ölkə kimi reklam edir. Bu ritorika ilə Azərbaycanı gözdən salmağa girişir. Halbuki, ölkəmizlə səmimi keçinmək üçün şansı olub. Hətta, bu gün də var. Sadəcə, erməni iqtidarında səmimiyyət çatışmır.
Bu yerdə A.Simonyanın başqa fikirlərinə də nəzər salaq. O, Azərbaycanla müharibə ehtimalını proqnozlaşdırmaq istəmədiyini, təmsil olunduğu komandanın belə bir təhlükənin qarşısını almaq üçün mümkün olan hər şeyi etdiyini vurğulayır. Əlbəttə, erməni parlamentari söz oyununa baş vurur. Çalışdığı budur ki, ölkəsi müdafiə tərəfi kimi görünsün. Heç şübhəsiz, belə yanaşma Azərbaycanı təcavüzkar qismində qələmə verməyin dəfələrlə sınaqdan çıxarılmış üsulu, erməniləri məzlum göstərməyin dəfələrlə sınaqdan çıxarılmış yarıtmaz metodudur. Çünki Simonyan vurğuladığımız kimi, hər şeyi açıqdan-açığa deyir. Yəni, dünyanın müxtəlif ölkələrindən silah aldıqlarını vurğulayır və bu deyimdə heç bir məzlumluq yoxdur. Əksinə, tam əminlik görünür. Belə nəticəyə gəlmək olar ki, Ermənistan parlamentinin spikeri dolayısı ilə yeni müharibə anonsunu verir. Onu da nəzərə alaq ki, ölkənin Azərbaycanla müharibəyə başlamaq niyyəti ilə bağlı məlumatları yayan elə erməni mediasının özüdür.
R.ƏVƏZ
XQ