Hərbi Prokurorluqda Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, cinayət işi üzrə ümumilikdə 81 mindən artıq istintaq hərəkəti icra edilib, o cümlədən 29 mindən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib, 30 mindən artıq şəxs şahid qismində dindirilib, 18 mindən artıq şəxs mülki iddiaçı qismində tanınıb, 4 minə yaxın müxtəlif növ ekspertizalar keçirilib, 34 minə yaxın prosessual qərarlar qəbul edilib və digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər şəxsin barəsində onların Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də vardır. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.
XQ