Bakı Təşəbbüs Qrupu İstanbulda keçirtdiyi “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb.
Petisiyada Fransa Prezidenti Emmanuel Makrona müraciət edilərək, Fransanın Afrikadan oğurladığı 90 mindən artıq maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılması tələb olunur.
Afrika ölkələrindən müstəmləkə dövründə oğurlanmış, talan edilmiş 90 mindən çox mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur.
Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə bildirib ki, Afrikanın mədəni sərvətləri Afrikada sərgilənməlidir və 5 il müddətində hər bir mədəni, tarixi əşyanın geri qaytarılacağına söz vermişdi. Həmin vaxtdan 7 il keçməsinə baxmayaraq, Makron vədinə əməl etməyib.
Bakı Təşəbbüs Qrupu tələb edir ki, Fransa hökuməti qanunvericiliyinə dəyişiklik etməli, oğurladığı artefaktları mənbə ölkələrinə geri qaytarmalı və qanunsuz mülkiyyətçi kimi tarixi əsərlərin qanuni mülkiyyətçisi olan ölkələrə təzminat ödəməlidir.
BTQ Beynəlxalq Ədalət Məhkəməsində Yeni Kaledoniyaya dəstək verəcək
Bakı Təşəbbüs Qrupu Beynəlxalq Ədalət Məhkəməsində Kanaki – Yeni Kaledoniyaya dəstək verəcək.
Bu barədə təşkilatın təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən "Dekolonizasiya: İntibahın oyanışı" adlı beynəlxalq konfransın yekunlarına dair yayılan kommunikedə bildirilib.
Kommunikedə bildirilib ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin nümayəndələrinin, eləcə də BMT-nin ixtisaslaşmış institutlarının iştirak etdiyi konfransda Kanaki – Yeni Kaledoniyadan olan nümayəndə heyəti Fransa hökumətinin təşkil etdiyi kütləvi miqrasiyanı öz daxili qanunlarına uyğun olaraq qanuniləşdirmək üçün Emmanuel Makron hökumətinin atdığı addımlara qarşı, xüsusən də seçici kütləsinin sayını artırmağa hesablanmış addımları qınadığını bəyan edib.
“Bakı Təşəbbüs Qrupu Kanaki – Yeni Kaledoniyanın siyasi tarixinin böhran yaşanan bu dövründə ona dəstək verdiyini təkrar nümayiş etdirdi, regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində fəaliyyətini davam etdirəcəyini bildirdi".
Fransanın müstəmləkəçilik siyasətinə qarşı növbəti etiraz aksiyası
Fevralın 27-də Yeni Kaledoniyanın paytaxtı Numeada məhkəmə qarşısında Fransanın müstəmləkəçilik siyasətinə qarşı növbəti etiraz aksiyası keçirilib.
Etirazçılar Fransa hakimiyyəti tərəfindən saxlanılmış fəalların azadlığa buraxılmasını tələb ediblər.
Xatırladaq ki, 21 fevral tarixində Fransanın daxili işlər və dənizaşırı naziri Gerald Darmaninin Yeni Kaledoniyaya səfəri zamanı Yeni Kaledoniyada etiraz aksiyası keçirilib. Həmin etiraz aksiyası zamanı Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan bir neçə fəal Fransa polisi tərəfindən həbs edilib.
Aksiyada da həmişə olduğu kimi, ölkəmizə hörmət əlaməti olaraq, Azərbaycan bayrağı dalğalandırılıb.
XQ