Baş nazirin son addımları Moskva ilə yanaşı, Tehranda da narahatlıq doğurub
Fransanın müdafiə naziri Sebastian Lekornunun fevralın 22-23-də Ermənistana etdiyi səfər regionda gərginliyin artması ilə yadda qaldı. Səfərin davam etdiyi saatlarda Ermənistan ordusunun bölmələri Azərbaycanla şərti sərhəddə atəşkəs rejimini pozdu. Halbuki, fevralın 12-də Zəngilan istiqamətində törədilən təxribatı nəzərə almasaq, iki ölkənin şərti sərhədində 5 aya yaxın idi ki, nisbi sakitlik hökm sürürdü. Fevralın 23-də, səhər saatlarında isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutdular.
Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda diqqətçəkən bir cümlə var. Nazirlik bildirdi ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. Eyni zamanda, MN Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırıb, həmin əməlləri törədənlərin isə cəzalandırılmasını tələb edib.
Fransız nazir erməni həmkarı ilə keçirdiyi mətbuat konfransında ölkəsinin lazım olarsa, Ermənistana qısa, orta və uzaqmənzilli raketlər verə biləcəyini vurğulayıb. Qeyd edib ki, həmin raketlər Ermənistanın müdafiə qabiliyyətinin inkişafının tərkib hissəsi olacaq: “Ermənistana hansı texnikanın gələcəyi ilə bağlı çox təfərrüata varmayacağam, lakin bunların hamısı müdafiə baxımından əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Fransanın addımları onun regionda sülhün bərqərar olmasını istəmədiyini, vəziyyəti gərginləşdirdiyini və Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışdığını göstərir. Burada məqsəd Ermənistandakı Rusiyanın 102 saylı hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Baş nazir Nikol Paşinyanın Fransada olduğu günlərdə bu istiqamətdə atılan bir sıra addımlar, o cümldən İrəvan hava limanından rusiyalı hərbçilərin çıxarılması, Paşinyanın Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətlərini dondurduqlarını vurğulaması, Fransa müdafiə nazirinin növbəti dəfə Ermənistan üçün ayrılmış hərbi texnika ilə İrəvana səfər edəcəyini bəyan etməsi buna yönəlib. Hərçənd ki, Paşinyan Parisdə olduğu zaman “France 24” telekanalına müsahibəsində bildirmişdi ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin müzakirəsi gündəmdə deyil.
Onu da bildirək ki, Fransanın Rusiyanın Ermənistandakı bazasının çıxarılması və əvəzində fransız bazasının yerləşdirilməsi planından İranın kəşfiyyat orqanlarının da məlumatı var və Tehran da bundan narahat olub. Buradan gəlinən qənaət ondan ibarətdir ki, Paris hər zaman yaxşı münasibətdə olduğu Tehranla da münasibətlərin pisləşəcəyinin fərqinə varmır.
Ümumiyyətlə, Ermənistan hökumətinin son günlər atdığı addımlar heç öz ölkəsində də birmənalı qarşılanmır. Xüsusilə, Paşinyanın NATO ölkəsi olan Fransa ilə hədsiz yaxınlaşma kursu götürməsi, Münxendə Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadıqlarını növbəti dəfə bəyan etməsi, KTMT-də iştirakın dondurulduğunu bildirməsi, İranın maraqlarına məhəl qoyulmaması haylar arasında ciddi təhlükəsizlik qayğılarının yaranmasına səbəb olub.
Ermənistan mediasında edilən çıxışlara baxdıqda da bunu əyani şəkildə görmək mümkündür. Məsələn, hərbi-siyası şərhçi Ayk Nahapetyan bildirib ki, Ermənistan Rusiya ilə tarixi münasibətlərindən geri çəkilir, Paris isə Kremlin keçmiş müttəfiqləri üzərində təsirini gücləndirməyə çalışır. Bu sırada Moldova və Mərkəzi Asiya ölkələri də var. Ekspertin fikrincə, verilən silahlar Ermənistan üçün heç bir effekt verməyəcək: “Həmin silahları Ukraynaya da təklif etmişdilər, lakin Kiyev onlardan imtina etdi. Çünki onlar real döyüş əməliyyatları zamanı heç bir əhəmiyyət kəsb etmir. Fransız radarlarının Ermənistana verilməsinə gəldikdə isə burada da məqsəd bəllidir. Rusiya və Ermənistan arasında hava hücumundan müdafiə qüvvələrinin birgə idarə olunması barədə saziş mövcuddur. Fransa isə bununla Ermənistanın hava məkanının ümumi idarəetmə sisteminə daxil olmağa çalışır. Son hədəf isə Ermənistanı Rusiya–Ukrayna cəbhəsinə daxil etməkdir”.
Ekspert bu mənada Fransa müdafiə nazirinin ölkəyə səfərinin arxasında təhlükəli məqamların olduğunu deyib: “Fransa, əslində, Ermənistana silah vermir, sadəcə olaraq, imitasiya yaradır. Hədəf Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır, çünki Kiyev cəbhəsində nəticənin necə olacağı artıq aydın görünür. Gec-tez bu cəbhə NATO-nun məğlubiyyəti ilə bağlanacaq”.
Politoloq Suren Surenyants isə “Facebook” səhifəsində yazıb: “Nikol Paşinyanın “France 24” telekanalına müsahibəsinin əsas məqamlarını oxudum. Təəssüf ki, bu adam hələ də primitiv ideyalara sadiq qalır. O, hesab edir ki, Rusiyanı münaqişəyə nə qədər sürükləməyə çalışsa, Qərbdən bir o qədər çox dəstək alacaq. Lakin Paşinyanın bu avantürası Ermənistan üçün 1920-ci ildə olduğu kimi mənfi nəticələrə gətirib çıxara bilər. Paşinyan hər şeyi edir ki, yolumuzun üzərində kələ-kötür çox olsun. Bütövlükdə, deyəsən, Paşinyanın ürəyi 1920-ci ildə Aleksandropolda baş verən hadisələri təkrarlamaq istəyir. Bu gedişlə biz yalnız Paşinyanın hansısa Qərb ölkəsinin paytaxtında siyasi səhnədə də məğlubiyyəti ilə bağlı xatirələrini yazacağını təxmin edə bilərik”.
Politoloq Akop Badalyan Ermənistanın düşdüyü vəziyyəti “çox narahatedici” adlandırıb. O qeyd edib ki, erməni cəmiyyəti Qarabağ məsələsində Rusiyanın mövqeyindən razı qalmayıb. Amma hakimiyyətin bu vəziyyətdən çıxış yolu axtararkən Fransanın maraqlarının “ön xəttində” dayanması da doğru yanaşma sayıla bilməz.
Mövzu ilə bağlı söhbətləşdiyimiz politoloq İlyas Hüseynov “XQ”yə açıqlamasında bildirdi ki, Fransa Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək niyyətini güdür. Onun sözlərinə görə, yeni geosiyasi reallıqlarda Paris bölgədə siyasi, həmçinin iqtisadi-maliyyə təsirlərini həyata keçirə bilmir və həmin niyyətlərini Ermənistanın hesabına reallaşdırmaq istəyindədir: “Biz görürük ki, Ermənistanla Fransa arasında sıx əməkdaşlıq həyata keçirilməkdədir. Hayastanın baş naziri Nikol Paşinyanın bir neçə gün öncə Fransaya etdiyi səfər, prezident Emmanuel Makronla görüşməsi, görüşdən sonra keçirilən mətbuat konfransında səslənən fikirlər, “France 24” telekanalına müsahibə göstərir ki, Ermənistan da Rusiyanı regiondan çıxarmaq məqsədi güdür və 102-ci hərbi bazanı fransız bazası ilə əvəzləmək istəyir. Fransa da bu maraqların ardınca Cənubi Qafqazda geopolitik nöqteyi-nəzərdən öz strategiyasını formalaşdırır. Eyni zamanda, qeyd etməliyik ki, artıq müxtəlif partiyalarla Fransa silahlarının Ermənistana çatdırılması da həyata keçirilir. Müdafiə naziri Lekornunun İrəvana səfəri zamanı gecəgörmə cihazları və radarlar da daxil olmaqla, Fransa texnikasının Ermənistana tədarükü həyata keçirildi”.
Politoloq qeyd etdi ki, “Beşinci Respublika” Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiyanı qəbul etmək istəmir: “Bununla yanaşı, Paşinyanın “France 24”-ə müsahibəsi, Rusiya hərbçilərinin İrəvandakı “Zvartnos” hava limanından çıxarılması, Ermənistanın Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını faktiki olaraq dondurduğunu bəyan etməsi və hərbi sahədə Fransa–Ermənistan əməkdaşlığının dərinləşməsi ilə bağlı verilən mesajlar birbaşa revanş məqsədi güdür. Fransa regiondan nə qədər uzaq olsa da, öz maraqlarını Ermənistan hesabına təmin etməyə çalışır”.
İ.Hüseynov hesab edir ki, fransız hərbçilərin Cənubi Qafqaza gəlişi, heç şübhəsiz, bölgədəki ənənəvi oyunçular tərəfindən də mənfi qarşılanır: “Rusiyanın 102 saylı bazasının fransız bazası ilə əvəzlənməsi artıq İran tərəfindən də narahatlıqla qarşılanır. Güman etmək olar ki, bu plandan İranın kəşfiyyat orqanlarının da məlumatı var. Tehranın narahatlıqları da buradan qaynaqlanır”.
Müsahibimiz qeyd etdi ki, ümumiyyətlə, regional geosiyasi konyuktura “3+3” formatının ən münasib çıxış yolu olduğunu sübut etməkdədir: “Lakin Ermənistan bura əlavə qüvvələri, əlavə geosiyasi mərkəzləri dəvət edir. Xüsusilə, Fransanın bölgədə görünməsi regional oyunçular üçün qəbuledilməzdir. Bir müddət öncə Fransanın briqada generalı da Ermənstana səfər etmişdi. O, İrəvanda hərbi məktəbdə mühazirə oxumuşdu. Digər tərəfdən, Sebastian Lekornu da İrəvanda bildirdi ki, Fransanın Ermənistanda daimi hərbi müşaviri olacaq. Hərbi müşavirin əsas vəzifəsinə gəldikdə isə bildirildi ki, o, fransız texnikasının tətbiqini öyrədəcək, onun xüsusiyyətlərindən istifadə üçün şəxsi heyətin hazırlanmasında iştirak edəcək. Bu təyinat regional təhdidi bir qədər də artırır, gərginliyin böyüməsinə səbəb olur”.
Politoloq onu da bildirdi ki, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda ənənəvi oyunçuları sıxışdıraraq öz mövqelərini gücləndirmək niyyətini reallaşdırmaqdadır. Ancaq bunun İrəvan üçün acı nəticələri ola bilər. Belə ki, Fransa Ukrayna kimi Ermənistanı qurban vermək istəyir və bölgədə yeni gərginlik ocağı yaratmaqla öz siyasi məqsədlərini davam etdirir.
Səxavət HƏMİD
XQ