Bəs Nikol Paşinyanın Paris “işgüzarlığı” nədən qaynaqlanır?
Sərlövhəni dahi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” klassik komediyasının motivləri əsasında çəkilmiş “Dərviş Parisi partladır” filmindəki məşhur frazaya oxşatmağımıza sonda aydınlıq gələcək. Yazımızda isə Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya işgüzar səfərindən söz açacağıq. Ancaq hələlik...
“Təkrar etmək istəmirəm. Hərçənd bu məsələni unudan və ya bilməyənlərə xatırlatmaq yerinə düşər ki, Fransa Prezidenti Jak Şirak uzun müddət atamı Fransanın həmsədrliyinə razı salmaq istəyirdi və o, bundan imtina edirdi. Sonradan Prezident Şirakla keçirdiyim görüşlər əsnasında o, dəfələrlə onu necə razı salmaq istədiyini və Fransanın neytral olacağını vəd etdiyini xatırladırdı. Həmçinin mənim qarşımda əlavə edirdi ki, bu vədi atamın həyatda olmadığı vaxtda da yerinə yetirir. Mən bunu həmişə müsbət qəbul edirdim. Ancaq zahirən də, ümumilikdə, bütün bunlar onun dediyi kimi təsir bağışlayırdı. Hərçənd, bilmirəm ki, pərdə arxasında nələr baş verirdi, lakin son vaxta qədər balans zahirən saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. Bəli, tam əminliklə demək olar ki, Fransa prezidenti Emmanuel Makron dövlətimizin başçısının nəzərində tutduğu populist və demaqoqlardandır və onun yeritdiyi siyasət Parisi Azərbaycan-Ermənistan münasibətlərində ədalətli vasitəçi obrazında görməyə imkan vermir. Makron hazırda var gücü ilə çalışır ki, Bakı – İrəvan münasibətlərinin nizamlamasında ikincinin xeyrinə yeni reallıqlar formalaşdırsın. Mövcud məqam Ermənistan baş naziri N.Paşinyanın Fransaya işgüzar səfəri zamanı da açıq göründü. Daha doğrusu, Makronun Paşinyanla keçirdiyi görüş əsnasında səsləndirdiyi bəyanat hər şeyi üzə çıxardı.
Ancaq yazımızda yalnız Makronun nələrdən söz açdığını diqqətə çatdırmayacağıq. Eyni zamanda, N.Paşinyanın Parisdə dilə gətirdiyi fikirlərə diqqət yetirəcəyik. O fikirlərə ki, hazırda Bakı – İrəvan sülh razılaşması ilə daban-dabana ziddir. O fikirlər ki, Ermənistanın qeyri-konstruktiv tərəf mövqeyini bir daha ortaya qoyur.
Makron – Paşinyan görüşündə səslənmiş bəyanatlarla əlaqədar qənaəti bir neçə cəhətdən qruplaşdırmaq mümkündür. Birincisi, hər iki ölkə 2022-ci ilin oktyabrında Avropa Siyasi Birliyinin Praqada keçirilmiş Zirvə toplantısı çərçivəsində reallaşmış dördtərəfli (Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan) görüşün nəticələrini ehkamlaşdırmaq yolu tutur.
İkincisi, Paris Ermənistanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələni dünya ictimaiyyətinin, necə deyərlər, gözünə soxur və mövcud fonda elə təəssürat yaradır ki, sanki Azərbaycan təcavüzkardır və İrəvanın onun aqressiyasından qorunmasına ehtiyac var. Makron tərəfindən Ermənistana hər cür dəstəyin göstərilməsinə dair fikirlərin səslənməsi bunun təsdiqidir. “Bu gün sizin varlığınız bizim hamımız üçün çox vacibdir. Mən sizin hüzurunuzda bir daha demək istəyirəm ki, Fransanın Ermənistana dəstəyinə, onun müstəqilliyinə, ərazi bütövlüyünə, demokratik proseslərə və sülh istəyinə arxalana bilərsiniz”, – deyən Fransanın dövlət başçısının yanaşması Paşinyanın Parisdə keçirdiyi bütün görüşlərin leytmotivini təşkil edib.
Üçüncüsü, rəsmi Paris Cənubi Qafqazda qlobal maraqlarının olduğunu təsdiqləyir və Paşinyanın Fransaya səfəri həmin maraq və mənafelərin qorunmasında Ermənistan kartının daim əldə saxlanılacağının mesajıdır. Nəzərə alsaq ki, səfər gözlənilmədən reallaşıb, onu Azərbaycan Prezidentinin Türkiyəyə səfərinə cavab kimi də qiymətləndirmək mümkündür və deməli, Fransa Cənubi Qafqaz müstəvisində durumun gərginləşdirməsinə maraq göstərdiyini bir daha ortaya qoyur.
***
İndi isə konkretləşdirək. E.Makron çıxışının Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı hissəsində əvvəlcə fevralın 13-də hər iki ölkənin şərti sərhədində yaşanmış hərbi toqquşmaya münasibət bildirib. O, atışma nəticəsində bir azərbaycanlının yaralanmasından təəssüfləndiyini deyib və bunu Ermənistan rəhbərliyinin də tam şəffaflıqla etiraf etdiyini vurğulayıb. Sual yaranır: Rəsmi İrəvan nə zaman və nəyi etiraf edib? Yaxud, onun etdiyi etiraf idimi? Xeyr! Ermənistan rəsmiləri, sadəcə, ilk atəşin öz hərbçiləri tərəfindən açıldığını danmağı bacarmayıblar. Çünki ortada videogörüntü olub. Yəni, dana bilməmək etiraf və peşmançılıq deyil.
Amma Paşinyan və komandasının təmsilçilərinin Azərbaycanın cavabının qeyri-adekvat şəkildə alınmadığına dair deyimləri onların səmimiyyətdən uzaqlığının göstəricisidir. Hələ bu deyimlərdə Azərbaycanın işğalçı obrazının canlandırılması da var. Əslində, Makron da eyni yolu tutur. O bildirir ki, Fransa Azərbaycanın dörd erməni hərbçisini məhv edərək, qeyri-mütənasib qisas almasından təəssüflənir. Bundan sonra Makron ölkəsinin Azərbaycanla Ermənistan arasında ədalətli və davamlı barışa nail olmaq naminə səyləri dəstəkləyəcəyini bildirib. Görəsən, dəstəkləmək beləmi olur? Beləliklə, Makron bir yandan Prezident İlham Əliyevin təbirincə desək, balansı pozur, digər yandan isə Fransanı, guya, ədalətli kimi göstərir, Bakı ilə İrəvan arasında vasitəçi imici qazanmağa çalışır. Necə deyərlər, utanmasan, oynamağa nə var...
Balansı pozmaqdan söz düşmüşkən, mövzumuzun davamını məhz haqqında söz açdığımız Praqa görüşü məsələsinə gətirməyə çalışaq. Məlumdur ki, Azərbaycan Fransa tərəfinin həmin görüşdə iştirakına etiraz etməmişdi. Prezident İlham Əliyev yanvarın 10-dakı müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra Bakı – Paris münasibətlərindəki gərginliyə baxmayaraq, Makronun Praqa görüşünə qatılmasına razılıq verdiyini açıqlamışdı. Bəs, Makron nə etdi? Görüşdən heç iki həftə keçməmiş bildirdi ki, Azərbaycan işğalçıdır, Rusiya müttəfiqi Ermənistana xəyanət edib. Nəzərə alaq ki, Yelisey sarayı rəhbərinin bu mövqeyi liderlərin Brüssel raundu çərçivəsində 2022-ci ilin dekabrında nəzərdə tutulmuş növbəti görüşünün fiasko reallığını doğurdu. Nəticədə Aİ Şurası prezidenti Şarl Mişelin sülh vasitəçiliyi missiyası iflasa uğradı. Yəni, Makronun “töhfəsi” göz qabağındadır. Elə həmin Praqa görüşündəki pozitiv cəhətləri heçə sayması da, həmçinin.
Bəli, indi Fransa prezidentinin yadına vaxtilə nəticələrini alt-üst etdiyi Praqa görüşü düşüb. O, həmin təmas zamanı Azərbaycan və Ermənistan liderlərinin 1991-ci ilin Alma-Ata Bəyannaməsinə sadiqlik göstərdiklərini xatırladır və deyir ki, Azərbaycana qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır: “Hesab edirəm ki, Azərbaycana Ermənistanın ərazi bütövlüyü, xəritələrlə bağlı qeyri-müəyyənliyi aradan qaldırmaq həmişə lazım olduğundan daha çox lazımdır. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı vicdanlı iş aparılmalıdır ki, bu da sərhədin hər iki tərəfindəki qüvvələrin geri çəkilməsinə əsas olacaq”.
Göründüyü kimi, Makron siyasi manipulyasiyaya baş vurur. Bu tendensiyada Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaq xəttinin aşkar duyulması öz yerində. “Qüvvələrin geri çəkilməsi” məntiqi isə Azərbaycanı işğalçı kimi göstərməyin fərqli metodudur. Deməli, Fransa Ermənistanın bu mövzuda irəli sürdüyü avantürizmi dəstəklədiyini təsdiqləyir.
Digər tərəfdən, bəli, Azərbaycan Praqa Sammiti zamanı Alma-Ata Bəyannaməsinə sadiqliyini bəyan edib. Amma Bakının və İrəvanın sənədə sadiqliyi interpretasiyalara yol açmamalıdır. Çünki bəyannamədə konkretlik yoxdur. Yəni, o, ümumi xarakter daşıyır, keçmiş SSRİ-nin müttəfiq respublikalarının bir-birinin ərazi bütövlüklərini tanımalarını rəhbər tutur və mövcud xüsusda bəzi məqamları vurğulamağa ehtiyac var. Birincisi, yenidən bildirək: Makron özü Praqadakı razılaşmanı heçə endirib. İkincisi, Praqa görüşündən ötən müddətdə qanunsuz erməni hərbi birləşmələri, daha doğrusu, Ermənistan ordusunun hissələri Azərbaycan ərazisində qalmışdı. Habelə, Qarabağda İrəvanın dəstəklədiyi separatçı rejim “fəaliyyətini” davam etdirmişdi. Yəni, Ermənistan Alma-Ata Bəyannaməsinə əhəmiyyətsiz yanaşmışdı. Hələ otuz ilə yaxın müddətdə İrəvanın həmin sənədə tam etinasız münasibətini, Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlamasını bir kənara qoyuruq...
Əslində, Alma-Ata Bəyannaməsinin ehkamlaşdırılmasının düzgün olmadığını Prezident İlham Əliyev də bildirib. Əlbəttə, bir qədər fərqli formada. Dövlətimizin başçısının fikirləri Makronun hazırda irəli sürdüyü “Azərbaycanın xəritələrlə bağlı qeyri-müəyyənliyi aradan qaldırmasının vacibliyi” ritorikasını hədəf seçir. İş ondadır ki, xəritə ilə bağlı məsələ heç də Alma-Ata Bəyannaməsinə qeyri-sadiqlik kontekstində qiymətləndirilə bilməz. Heç Ermənistan rəhbərliyinin delimitasiya və demarkasiya zamanı 1970-ci ildən sonrakı xəritələri əsas götürmək istəməsi də sözügedən sənədə sadiqlik deyil.
Sual olunur: nə üçün Ermənistan 1970-ci ildən sonranın xəritələrinə istinadın tərəfdarıdır? Dövlətimizin başçısının münasibəti həm reallıqları açıqlayır, həm də suala cavab mahiyyəti daşıyır. “Nə üçün 1975-ci ilin, yaxud da ki, indi 1970-ci ilin, hətta bəzi təkliflərdə 1970-ci, 1990-cı illərin xəritələri, cavab çox sadədir və mən bu gün bu barədə açıq danışmaq istəyirəm”. – deyən Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verildiyini vurğulamış və prosesin bütün təfərrüatlarını açıqlamışdı. Ölkəmizin lideri həm 1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulan zaman İrəvanın Ermənistana paytaxt kimi verilməsini, həm 1920-ci ilin sovetləşməsindən sonra Qərbi Zəngəzurun böyük hissəsinin Azərbaycandan qoparılmasını yada salmış, həm də belə torpaq hədiyyələrinin illər ərzində düz 1969-cu ilin mayınadək davam etdiyini vurğulamış, əlavə etmişdi ki, nəticə Azərbaycanın 100 min kvadratkilometrdən çox ərazisindən 86,6 min kvadratkilometr qalmışdı. Prezidenti İlham Əliyev, həmçinin, ulu öndər Heydər Əliyevin 1969-cu ilin iyul ayında rəhbərliyə başlamasından sonra torpaq hədiyyələrinin dayandığını dilə gətirərək bunları bildirmişdi: “Onlar məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.
***
Bəli, “Ermənistan plyus” qruplaşmasının başlıca fiquru Fransadır və Makron Paşinyanla görüşündə Azərbaycanla sülh prosesinə, öz aləmində yeni durum gətirməyə də çalışır. Söhbət Qarabağ ermənilərinin bölgəyə qayıtmalarından gedir. Ölkəmizin prinsipial baxışı budur ki, Qarabağ ermənilərinin yaşadıqları yerlərə dönüşü vaxtilə Ermənistandan didərgin salınmış azərbaycanlıların əzəli torpaqlarına, yurd yerlərinə qovuşmaları ilə eyni kontekstdə qiymətləndirilməlidir. Yəni, sülh müqaviləsində hər iki qayıdış əsas götürülməlidir. Ancaq Fransa prezidentinin səsləndirdiyi fikir bunun əksidir. O, Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarından söz açır və deyir ki, Azərbaycan 2023-cü il sentyabrın 19-dan etibarən “Dağlıq Qarabağı tərk edən və geri qayıtmaq istəyən şəxslərin” təhlükəsiz, rəvan və tez bir zamanda bu əraziyə dönmələrini təmin etməlidir. Yəqin, “Dağlıq Qarabağ” ifadəsinə diqqət yetirdiniz. Təkcə bu ifadə Fransanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibəti baxımından hər şeyi ortaya qoyur... Qarabağ erməniləri isə yalnız bəhanədir. Məqsəd onların qayıtmaları üçün yaranacaq təminatı beynəlxalq səviyyədə müəyyənləşdirməkdir ki, bu da öz növbəsində Parisin Qarabağdakı erməni separatizmini yenidən alovlandırmaq cəhdidir.
***
Makronun Paşinyanla görüş əsnasında səsləndirdiyi fikirlər Fransanın qlobal siyasət trayektoriyasının məhsulu kimi də qiymətləndirilə bilər. Ermənistanın ərazi bütövlüyü və suverenliyi, ardınca Azərbaycanın Ermənistan üçün vacib olan məqamlarla razı salınması cəhdi. Növbədə daha bir “vəzifə” var. Fransa prezidenti deyir ki, Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyir. Onun sözlərinə görə, kommunikasiya kanallarının parçalanma deyil, inteqrasiya faktoru olması zəruridir. “Mən Mərkəzi Asiyaya səfər etmişəm və istəyirəm ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa İttifaqı arasında kommunikasiya əlaqələri inkişaf etsin”, – deyən Makron yenə də ermənipərəstliyini göstərir və İrəvan tərəfindən irəli sürülmüş “Dünyanın kəsişməsi” ideyasını alqışladığını bildirir. Deməli, o, Paşinyan administrasiyasının təşəbbüsünü özünün “kommunikasiya oxunun” tərkibində görür. Və deməli, tam məlum olur ki, “Dünyanın kəsişməsi” təkcə erməni iqtidarının deyil, həm də rəsmi Parisin düşüncə məhsuludur.
Bəli, Fransa dolayısı ilə Azərbaycanın “Zəngəzur dəhlizi” təşəbbüsünə qarşı çıxır. Ümumən, göstərir ki, Cənubi Qafqazda mübarizə plasdarmı formalaşdırmaqda, bölgəyə yeni siyasi reallıqlar gətirməkdə maraqlıdır. Görünür, Paris kollektiv Qərbin Cənubi Qafqaz maraqlarını yerinə yetirməkdə, belə demək mümkünsə, qladiatorluğa keçib. Əlbəttə, hazırkı durumda Ermənistan, obrazlı desək, qladiatorun əl meymununa, ya da təlxəyinə oxşayır. Amma Paris həmin təlxəyi müdafiə edəcəyini vurğulayır və bu anlamda Makronun Fransanın Aİ ilə İrəvan arasındakı əlaqələrin inkişafına güclü dəstək verəcəyini bildirməsi başlıca faktordur. Əlbəttə, ən vacib məsələ Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə dəstəkdir.
Qeyd edək ki, artıq Ermənistandakı bəzi dairələr məhz söz açdığımız dəstək ritorikasına əks yanaşma ortaya qoyurlar. Onlar çox haqlı olaraq bildirirlər ki, əvvəllər ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq kimi gündəmi yox idi. Həmin dairələr məsələnin, ümumən, nəinki gündəlikdə olmadığını, heç ağla belə gəlmədiyini vurğulayırlar. İndi Paşinyan administrasiyası bundan söz açmağı xoşlayır və vətənpərvərlik məntiqinə güc verir. Halbuki, durum dramatik şəkil almaya da bilərdi.
Nəticəyə gəlirik ki, N.Paşinyan administrasiyası Ermənistanı qlobal oyunların məngənəsinə atır və yaxşı bilir ki, bu oyunlardakı məğlubiyyətin cəzası ağır olacaq. Ona görə qabaqdangəlmişlik edib ucuz populizm yolu tutur. “Ermənistanın ərazi bütövlüyünü və suverenliyi” mövzusu məhz bu səbəbdən gündəmdədir.
Makrona gəldikdə isə o, fikirləri ilə təxminən belə deyir: Ermənistan kollektiv Qərbin regional maraqları naminə hər şeyi etsin, həyasızlıq yolu tutsun, o cümlədən, Azərbaycana qarşı çıxsın, bütün bunların müqabilində dövlət kimi yox olub getməkdən narahat olmasın. Bəs İrəvanın çıxardığı oyunlara görə cəzasız qalacağına təminat varmı? Fransa prezidentinin sözlərindən belə düşünmək olar ki, təminat Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində lövbər salmış mülki müşahidə missiyasıdır. Guya ki, missiyanın məqsədi sabitliyi təşviq etmək, beynəlxalq ictimaiyyətə qərəzsiz məlumat vermək və münaqişə zonalarında həssas əhalinin təhlükəsizliyinin təminatıdır. “Ermənistan da Avropanın sülh alətlərindən yararlanmalıdır. Avropa İttifaqı və Ermənistan yeni tərəfdaşlıq üçün cədvəl hazırlamaq istəyirlər”, – deyən Fransa prezidentinin İrəvanı illüziya bataqlığına sürüklədiyi gün kimi aydındır. O, Ermənistandakı illüziyanı sınıq-salxaq fransız silahlarını ölkəyə verməklə də dərinləşdirir...
***
Makronun hansı tərəfdaşlıq cədvəlindən danışdığı hələlik tam agah olmasa da, bir şey dəqiqdir ki, Paşinyanın Paris səfəri zamanı dedikləri Fransa prezidentinin fikirlərinin davamıdır. Yəni, Nikol da 2022-ci ilin Praqa Sammitindən söz açıb və bildirib ki, həmin görüşdəki prinsiplərə əməl olunarsa, Ermənistanla Azərbaycan arasında sülh mümkündür.
Deməli, Paşinyan şərt dilində danışmağa üstünlük verir. O, eyni zamanda, faktiki olaraq, ölkəsinin silahlanma kursunu davam etdirəcəyini bildirir və bunun regionda təhlükəsizliyin və sabitliyin təminatı baxımından vacibliyini önə çəkir. …Erməni baş nazir bir yandan qonşuların ərazi bütövlüyünə, suverenliyinə hörmət, Ermənistanın müdafiə qabiliyyətinin inkişafının heç kəsdə narahatlıq doğurmamasına dair yalnız sözdə olan təminat, digər yandan İrəvanın regionda düzgün balans yaratmaq, qanuni, suveren əraziləri, sərhədləri qorumaq istəməsi. Göründüyü kimi, Paşinyanın fikirləri təzadlıdır, məntiqsizdir. Durum nədən yaranır? Məsələ ondadır ki, Paşinyan Makronun Ermənistanı saldığı oyunda riskin mövcudluğunu yaxşı anlayır. Bu səbəbdən ölkəsinin müdafiə qabiliyyətinin yüksəldilməsindən danışır. Bir növ, sağ qalmaq üçün təminat istəyir. Yəni, o, nə qədər pərdələmək istəsə də, içərisində olduğu oyunun qorxunc nəticələr doğuracağından əndişələndiyini gizlətməkdə çətinlik çəkir.
Paşinyan çıxışında digər məqamlara da toxundu. Ancaq onun başqa nələrdən danışdığının üzərində dayanmağa ehtiyac duymuruq. Yekun budur ki, artıq Fransa öz prinsipial mövqeyini tam açıq şəkildə ortaya qoyur. Ümumən, Ermənistanın baş nazirinin Parisə işgüzar səfəri həmin mövqeyin ifadə səhnələri ilə yadda qaldı. Bu yerdə Azərbaycan Prezidentinin bir fikrini də diqqətə çatdırmağı vacib sayırıq: “Sadəcə, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı – qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana münasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalarda və başqa addımlarda israr edirdi. Artıq bu tezislər səsləndirilib və onlar belə desək havadan asılı qalıb, sözdən əmələ keçməyib”.
Sonda lap əvvələ qayıdaraq deyək ki, “Dərviş Parisi partladır” filmindəki hamımıza tanış olan dərviş obrazı Fransa prezidenti E.Makronun özüdür. İndiki durumda barıtı çox edən yox, Parisdən çoxlu barıtla qayıdan isə baş nazir N.Paşinyandır. Paşinyan həm də barıtla düzgün rəftarı bacarmayan biridir. Deməli, Makronun onun köməyi ilə Ermənistanı “partlatması” an məsələsidir və hadisələrin bu perspektivə doğru getdiyi şübhə doğurmur.
Əvəz CAHANGİROĞLU
XQ

