Yeni tarixi mərhələ: strateji məqsəd və növbəti vəzifələr

post-img

(fəlsəfi-sinergetik təhlil)

III MƏQALƏ

Yeni mərhələdə tarixi seçim anı

İstənilən müstəqil dövlətin başçısı və lideri üçün təhlükəsizlik məsələsi ön sı­radadır. Buna çağdaş mərhələdə şübhə edən yoxdur. Ancaq əsas məsələ bu təh­lükəsizliyi necə təmin etməyin mexanizm­ləri ilə əlaqəlidir. Əgər hər hansı prinsipial səhv olarsa, ölkənin təhlükəsizliyi ciddi riskə düşər. Bu isə bütünlüklə siyasətin strategiyasını dəyişməyi tələb edir. Yəni məsələ sadəcə, ölkəni təhdidlərdən qo­rumaqla, məhdudlaşmır – tam olaraq siyasi fəaliyyətin strategiyası dəyişir. Konkret isə dövlət inkişaf paradiqmasın­dan müharibəyə hazırlıq paradiqmasına keçid etməyə məcbur qalır. Əsas hədəf kimi, daim xarici düşmənlərə qarşı han­sısa tədbirlərin görülməsi seçilir. Bu da tədricən ictimai şüurda insanların həmişə ola biləcək təhlükələrə qarşı psixoloji ha­zırlanması məsələsini aktuallaşdırır. Belə bir prosesin tədricən cəmiyyətin bütün kəsimlərinin psixoloji və sosial-mənəvi durumuna təsir etdiyi aydındır. 

Təbii ki, cəmiyyətin fərdi və kollek­tiv səviyyədə sosial-psixoloji, ideoloji və mədəni aspektlərdə bu cür transformasi­yasının dövlət quruculuğu prosesinə də ciddi təsiri olur. Konkret olaraq, toplum artıq inkişafa deyil, özünü qorumağa hə­dəflənir. O halda müstəqil dövlətin inkişa­fı istiqaməti də təhrif olunur. 

Zaman isə daim tərəqqidə olmağı tələb edir. Çünki müasir tarixi mərhələnin geosiyasi, siyasi, iqtisadi və mədəni ruhu bunu tələb edir. Belə çıxır ki, hər hansı bir müstəqil dövlətdə liderin və toplumun inkişafa deyil, təhlükəsizliyə hədəflən­məsi stratejidə dövlət quruculuğunda ləngimələr yarada bilər. Lakin o da fakt­dır ki, təhlükəsizlik mütləq təmin edilmə­lidir. Məhz bu məqamda qlobal geosiyasi mənzərənin mahiyyəti və dinamikasına uyğun düzgün geosiyasi seçim etmək vəzifəsi son dərəcə aktuallaşır. Burada bir mühüm özəllik də nəzərə alınmalıdır. 

Fəlsəfi, sinergetik və politoloji araş­dırmlara görə, çağdaş tarixi mərhələdə ayrıca bir dövlətin deyil, dövlətlər qrupu­nun (kollektiv) fəaliyyəti daha çox önəm kəsb edir. Çünki hazırda qloballaşma dünya sisteminə o dərəcədə nüfuz et­mişdir ki, metaforik ifadə etsək, “hər kəs hamıdan və hamı hər kəsdən asılıdır”! Rusiya kimi böyük və güclü dövlətin prezidenti açıq ifadə edir ki, “indi müt­ləq müstəqillik, heç kəsdən asılı olma­yan sərbəstlik yoxdur – dünyada hər bir dövlət digərlərindən asılıdır və əksinə”. Bu tezisi ABŞ, Avropa və Çin liderləri də doğru hesab edirlər. Deməli, müstəqil ol­maq və suverenliyi saxlamaq üçün özünə sadiq, səmimi olan dövlətlər qrupunu düzgün müəyyən etməlisən. İlham Əliyev bu seçimin anonsunu vermişdir! 

Azərbaycan Prezidenti bütün dün­yaya açıq və qətiyyətlə bəyan etmişdir: “Azərbaycan birməanlı olaraq Türk dün­yası ailəsinə daxildir!” Onun siyasətində bu real fakt prioritetdir! Burada biz cənab Prezidentin təbirincə deyə bilərik “...və Nida”

Azərbaycan Respublikası Preziden­tinin bu tarixi qərarının (daha doğrusu, seçiminin) dərin, geniş, mədəni və elmi əsasları mövcuddur. Bu tezisin işığında I məqalədə yeni tarixi mərhələdə qlobal kontekstli seçimin edilməsinin fəlsəfi-si­nergetik təhlili üzərində bir qədər geniş dayanaq. 

Təhlükəsizliyin yeni formulu

Prezident İlham Əliyevin andiçmə nitqinin məntiqinin ana xəttini təşkil edən çox vacib bir məqam var. Bu, Azərbayca­nın qədəm qoyduğu yeni tarixi mərhələ­də inkişaf fəlsəfəsini davam etdirmək və hətta onu çevik transformasiya edə bilən sistem kimi daha da təkmilləşdirməklə bağlıdır. İlham Əliyevin nitqinə bu sə­bəbdən çox ciddi surətdə təhlükəsizlik məsələsindən başlaması təsadüfi deyil­dir. Lakin burada bir dərin və incə çalar mövcuddur. Yəni Azərbaycan Prezidenti yalnız davamlı inkişaf çərçivəsində təh­lükəsizliyi strateji prioritet istiqamət kimi görür. Təhlükəsizliyin təmini bu yanaş­mada vacibdir, dövlətçilik baxımından ol­duqca əhəmiyyətlidir, eyni zamanda, bu, mütləq surətdə davamlı inkişaf paradiq­ması daxilində reallaşmalıdır. Müstəqil dövlətçilik üçün həmin məna çaları prin­sipial əhəmiyyət kəsb edir. Prezidentin arqumentlərinə baxaq.

İlham Əliyev nitqində demişdir: “Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməz­dik”. Aydın görünür ki, Azərbaycan Prezi­denti ərazi bütövlüyünün təmininin, yəni, faktiki olaraq milli ideyanın yerinə yetiril­məsinin təməlini siyasi, iqtisadi, geosiyasi və digər sferalarda güclü Azərbaycanın qurulmasının təşkil etdiyini diqqətə çatdır­mışdır. Dövlət başçısı bununla artıq arxa­da qalmış mərhələdə də aparıcı və müəy­yənedici prosesin inkişaf paradiqması ilə bağlı olması fikrini söyləmişdir. 

Bir qədər sonra ifadə etdiyi fikirlərdə isə İlham Əliyev inkişaf paradiqmasının davamlı, məntiqi, siyasi və strateji baxım­dan ardıcıl reallaşdırılmasında liderin si­yasi iradəsi, yüksək zəkası və sarsılmaz qətiyyətinin xüsusi rol oynadığına diqqət yönəltmişdir. Xüsusi olaraq vurğulamış­dır ki, “Biz heç kimdən heç nə xahiş etmi­rik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olma­yıb. Biz özümüzü tam təmin edən ölkə­yik”. Hansı dövlətlər müasir mərhələdə özünü tam təmin etməyə nail ola bilər? Ancaq və ancaq bütün gücünü inkişafa yönəldən müstəqil dövlətlər! Azərbaycan Avrasiya məkanında bu keyfiyyətə malik nadir ölkələrdəndir! 

Bu siyasətin də müxtəlif aspektlərdə dividendləri olur. İlham Əliyevin həmin dividendlər sırasında daxili və xarici si­yasətin harmoniyasına diqqət çəkməsi heç də təsadüfi deyildir. Çünki bu məqam birbaşa şəxsi marağa deyil, dövlətçiliyə xidmət edir. Azərbaycan lideri çox ay­dın tərzdə ifadə etmişdir: “Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsip­ləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik. Çünki xarici siyasət, – bunu hamı bilir, – daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasə­timiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir”.

Bütün bunların yekun nəticəsini, ye­kun tezisini Prezidentin ifadə etdiyi kimi, “dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var”. Deməli, Azər­baycan yeni tarixi mərhələyə yüksək inkişaf dinamikası və gözəl perspektiv­lərlə qədəm qoyur. Prezident dövlət qu­ruculuğunun strateji kontekstində hansı məqamları nəzərdə tutur?

Türk dünyası ailəsində inkişaf

Yuxarıdakı təhlildən belə alınır ki, Azərbaycan Prezidentinin Türk dünyası­nı prioritet kimi qəbul etməsi dövlətçiliyin dərin və əhatəli inkişaf prinsipləri ilə sıx bağlıdır. Bu, sadə seçim deyildir. Yalnız etnik-mədəni faktorlarla izah oluna bil­məz. Ön sırada müstəqil milli dövlətçiliyin davamlı və sabit inkişafını təmin etmənin beynəlxalq miqyasda struktur və funk­sional şərtlərini müəyyən etmək vardır. Həmin şərtlər ən ümumi miqsyada Ulu öndərin “bir millət, iki dövlət” kəlamının ideya-mənəvi və mədəni potensialından qaynaqlanır. 

Məlumdur ki, bu formulu ilk dəfə Ulu öndər keçən əsrin 90-cı illərində özü­nün verdiyi məzmunda siyasi leksikona daxil etmişdir. Bu, real olaraq müasir tarixi mərhələdə Azərbaycanda perspek­tivli, qalıcı və daim inkişaf edə biləcək, təhlükəsizlik şəraitində mövcud olan müstəqil dövlət qurmaqla birbaşa bağlı­dır. Hətta strateji hədəf bununla bağlıdır. Heydər Əliyev müstəqil dövlət quruculu­ğunun strategiyasını “bir millət, iki dövlət” düsturu kontekstində müəyyən etməklə XX əsrdə Azərbaycanın müstəqil dövlət qurmaq xəttinin acı təcrübələrini nəzərə alaraq yeniləşmişdir. 

Mən deyərdim ki, Ümummilli lider hətta daha qədimlərdə Azərbaycan döv­lətçiliyində özünü göstərmiş çoxlu sayda faktoru kompleks halında diqqətə almış­dır. Məsələn, hansı səbəblərdən Azərbay­canın indiki siyasi-coğrafi və mədəni mə­kanında meydana gəlmiş dövlətlər süqut etmişlər? Onların bir neçəsinin ömrü tarixi mövcudluq baxımından hətta niyə çox az olmuşdur? Azərbaycanda imperiya dövlə­ti ilə respublika dövləti arasındakı fərqlər müstəqilliyin təmini baxımından necə ol­malıdır? Azərbaycan xarici siyasət strate­giyasının daim uğurlu olması üçün hansı məqamları önə çəkməlidir? Nəhayət, konkret olaraq Şərqin ilk demokratik res­publikası olan ADR hansı səbəblərdən çox tez süqut etdirildi? 

Digər suallar da vardır. Lakin vurğula­nanlardan aydın olur ki, müasir mərhələ­də Azərbaycanın müstəqil dövlət olması üçün quruculuğun strateji prinsipləri ye­nilənməlidir. Məhz bu aspektdə “bir mil­lət, iki dövlət” əsl xilaskarlıq formuludur! 

Həm də ona görə ki, onun başlıca ideya potensialı elə müəyyyən olunmuş­dur ki, faktiki olaraq bir millətin iki döv­lətindən həmin millətin çox sayda döv­lətinin əməkdaşlıq fəlsəfəsinə keçmək mümkündür. Həmin dövlətlərin sayının 5, 6, 7 və ya daha çox olması prinsipial rol oynamır. Nəyə görə?

Çünki “bir millət, iki dövlət” formulu saya, yəni kəmiyyətə görə məzmunlaş­mamışdır: burada aparıcı ideya əmək­daşlığın elə qurulmalıdır ki, bir millət də olsa, dövlətlərin müstəqilliyi, suverenliyi, eyni hüquqa malik olmaları, beynəlxalq hüquq qarşısında eyni dərərəcədə mə­suliyyət daşımaları və birgə harmonik inkişafı təmin olunsun! “Bir millət, iki döv­lət” düsturunun (və kəlamının) müstəqil dövlətlər arasında əməkdaşlığı qalıcı və perspektivli etməsi və bu keyfiyyətinə görə digər əməkdaşlıq modellərindən müsbət mənada fərqlənməsi vurğulanan ideya özəlliyi ilə əlaqəlidir!

Beləliklə, “bir millət, iki dövlət” müd­rik kəlamı ümumilikdə, türk dövlətlərinin müstəqil dövlətlər kimi əməkdaşlıq fəl­səfəsinin kökündə dayanir. Bu, həqiqətin digər aspekti hər bir türk dövlətinin regi­onal və qlobal miqyaslarda müstəqillik və suverenliyin təmin edilməsi şərti ilə mövcud olma fəlsəfəsi ilə sıx bağlıdır. Burada söhbət faktiki olaraq “bir millət, iki dövlət” formul-vizyonun kontekstində türk dövlətlərinin birgə müstəqil inkişaf etmək konsepsiyasından gedir. TDT-nin fəaliyyətinin və inkişafının mərkəzi müd­dəasını bu anlamda məhz “bir millət, iki dövlət” kəlamı və onun genişlənmiş mə­nası təşkil edir. 

Bütün bunlardan ümumi xarakterli bir məntiqi qənaət əldə etmək olar: Prezi­dent İlham Əliyevin yeni tarixi mərhələdə Türk dünyasını ailə elan etməsi və TDT-nin gücləndirilməsinin başlıca xətt oldu­ğunu bəyan etməsi tam əsaslıdır, ciddi arqumentlərə söykənir. 

Geosiyasi seçimin “7 təməl arqumenti”

Vurğulanan səbəblərdən, müstəqil milli dövlətçiliyin davamlı və sabit inkişa­fını təmin etmənin beynəlxalq miqyasda struktur və funksional şərtləri, Azərbay­can Respublikasının milli və regional miqyaslarda reallaşan dövlət quruculuğu şərtlərinin çağdaş dövrün çağırışlarını nəzərə alaraq qlobal miqyasa proyeksi­yası (yayılması, genişlənməsi, praktiki reallaşması) kontekstində dərk edilməli­dir. Burada isə Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi başlıca faktorlar mövcuddur.

Onlar Azərbaycanın müstəqilliyi, su­verenliyi və milliliyinin təmin edilməsi fo­nunda bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq formatı daxilində beynəlxalq hüquq normalarına ciddi əməl olunması şəraitində bir neçə dövlətin “koinkişa­fı” (birgə tərəqqisi) şərti ilə əlaqəlidirlər. Bu prinsiplər Türk Dövlətləri Təşkilatının başlıca fəaliyyət prinsipləridir. Buna görə TDT digər beynəlxalq təşkilatlardan öz potensialı və inkişaf imkanları ilə fərqlə­nir. Prezident İlham Əliyev həmin po­tensialın və inkişaf imkanlarının konkret faktorlarını ndiçmə nitqində dəqiq ifadə etmişdir. 

Birincisi, Türk dünyası “böyük coğra­fiyadır, böyük ərazidir”. İkincisi, “böyük hərbi gücdür”. Üçüncüsü, “böyük iqtisa­diyyatdır”. Dördüncüsü, “zəngin təbii sər­vətlərdir”. Beşincisi, “nəqliyyat yollarıdır”. Altıncısı, “gənc və dinamik artan əhali­dir”. Yeddincisi, “bir soydan, kökdən olan xalqlardır”. Bunlara şərti olaraq Prezident İlham Əliyevin türk birliyini əsaslandıran “7 təməl arqumenti” deyək! 

Onların hər birinin ayrıca fəlsəfi-siner­getik təhlilinə böyük ehtiyac vardır. Çünki o halda Azərbaycan Prezidentinin dərin, ədalətli və geniş təhlil əsasında vurğula­nan strateji xarakterli seçimi etdiyinə tam əminlik yaranır. Eyni zamanda, buradan “bir millət, iki dövlət” kəlamının fəlsəfi kontekstində tükənməz idraki, siyasi və dövlətçiliyin uğurlu inkişafı potensialının mühüm cəhəti aydın olur. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət