Tramp Avropanın təhlükəsizlik arxitekturasını lərzəyə gətirib

post-img

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, Avropada siyasi gərginlik də mütənasib olaraq artır. Bu gərginlik ondan irəli gəlir ki, Respublikaçıların namizədi Donald Tramp Ağ Evə qayıtsa, Aİ və NATO üçün çətin günlər başlayacaq. 

Ukraynanı dəstəkləyən, Rusiyanı cilovlamağa çalışan Avropa ABŞ kimi mühüm ticarət və güclü hərbi müttəfiqini itirmək riski ilə üzləşəcək.

Fevralın 10-da 77 yaşlı Tramp Cə­nubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı avropalı siyasətçilərlə gö­rüşləri haqqında danışıb. Eks-prezidentin dediyinə görə, “böyük ölkənin” lideri on­dan Rusiyanın hücumu zamanı ABŞ-ın bu dövləti müdafiə edib-etməyəcəyini so­ruşub. Cavab verib ki, NATO büdcəsinə üzvlük haqqı ödənilməsə, o, hücuma məruz qalan ölkəni müdafiə etməyəcək və hətta hücum edən tərəfi “istədiyini etməyə” “həvəsləndirəcək”.

Bu, Ağ evin keçmiş sahibinin ilk belə bəyanatı deyil. Tramp hələ ilk prezident­liyi dövründə alyansın üzvlərini dəfələrlə NATO-dan çıxmaqla hədələyib. O, he­sab edir ki, avropalıların silaha kifayət qədər pul xərcləmədiyi halda, Birləşmiş Ştatların digər 30 üzv ölkənin müdafiəsi üçün məsuliyyət daşıması ədalətsizlikdir. 2019-cu ilin dekabrında alyansın London sammitində Tramp bu hərbi blokun bü­tün ölkələrini üzvlük haqlarını ÜDM-in 4 faizinə çatdırmağa çağırmışdı. O zaman bu, kəskin narazılıq ilə qarşılanmışdı. 

Bu dəfə Trampın Cənubi Karolinada açıqladığı fikirlər Aİ ölkələrinin liderlərini qarşıda onları nələrin gözləyə biləcək­ləri haqqında ciddi düşünməyə vadar edib. Hansı addımı atacağını qabaqca­dan demək mümkün olmayan Trampı nəzarətdə saxlamaq üçün Aİ Ukraynaya hərbi yardımı müstəqil şəkildə maliy­yələşdirməyə davam edəcəyini təklif edə bilər. Alman–Amerika Ticarət Palatası güman edir ki, Tramp Aİ-dən cəza tarif­ləri tələb edəcək. Aİ də öz növbəsində idxal rüsumlarını artırmalı olacaq. Bu, ticarət həcminə və iqtisadi artıma mənfi təsir göstərəcək. Amma bununla məsələ bitmir. 

Bir çox Aİ ölkələrinin mühüm ticarət tərəfdaşı olan Çinlə münasibətlər Tram­pın dövründə daha da pisləşəcəkmi? Belə olarsa, dünyada sabitlyin pozula­cağı ehtimalları daha da artacaq. Bu isə Brüssel üçün əsl kabusa çevriləcək. Tək­cə bir nəfərdən başqa. Ağ evin sahibinin dəyişməsinə sevinən yalnız bir avropalı siyasətçi olacaq – Viktor Orban. Maca­rıstanın baş naziri Trampı müttəfiqi kimi görməkdən çox məmnun olacaq. 

Təbii ki, belə olan halda Avropa siya­si aktorlarının başağrısına çevriləcək ən ciddi problemlərdən biri NATO-nun indiki vəziyyətdə qalıb-qalmayacağı məsələsi olacaq. Eks-prezidentin bəyanatından dərhal sonra Aİ-nin Xarici siyasət idarə­sinin başçısı Cozep Barrel NATO-ya restorandakı menyu kimi yanaşmamaq barədə xəbərdarlıq edib. O, bazar ertəsi Brüsseldə çıxışı zamanı xəbərdarlıq edib ki, “NATO ABŞ prezidentinin şıltaqlığına tabe olan hərbi ittifaq ola bilməz. Alyan­sın müdafiəsi məsələsi ortaya çıxanda üzv ölkələr bu gün “bəli”, sabah isə “yox” deyə bilməz. O, ya mövcuddur, ya da yoxdur” .

Fevralın 11-də NATO-nun Baş katibi Yens Stoltenberq də Trampın bəyanatına münasibət bildirib. O, üzv dövlətləri bir daha əmin edib ki, onlardan hər hansı birinə hücum olarsa, hərbi blok onun mü­dafiəsinə qalxacaq. Stoltenberq Trampın adını çəkmədən, bu “aksiomu sual altına qoyan” bəyanatları tənqid edib. 

“NATO bütün müttəfiqlərini qoruma­ğa hazır və qadir olaraq qalır”, – deyən baş katib, həmçinin bildirib ki, “alyansa qarşı istənilən hücum vahid və qətiyyətli reaksiyaya səbəb olacaq. Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı bir təklif, ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bizim ümumi təhlükəsizliyimizi pozur və Amerika və Avropa əsgərlərini daha çox risk altında qoyur”. Stoltenberq əmin olduğunu bildirib ki, Birləşmiş Ştat­lardakı prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, bu ölkə NATO-nun güclü və sadiq müttəfiqi kimi qalacaq. 

“Reuters” agentliyi xəbər verir ki, Pol­şanın Baş naziri Donald Tusk Donlad Trampın məlum bəyanatına ilk reaksiya verən siyasi liderlərdən biri olub. Paris­də səfrdə olan Tusk Fransa prezidenti Makronla birgə bəyanatla çıxış edərək deyib: “Artan təhlükəsizlik riskləri qarşı­sında Avropa, NATO və ABŞ-ın bir-biri ilə əməkdaşlığına alternativ yoxdur. Av­ropa təhlükəsiz qitəyə çevrilməlidir və bu o deməkdir ki, Aİ, Fransa və Polşa güclü olmalı və öz sərhədlərini qoruma­ğa, həmçinin alyansdan kənarda müttə­fiqlərimizi və dostlarımızı qorumağa və dəstəkləməyə hazır olmalıyıq“. Polşanın baş naziri, həmçinin deyib: “Bəlkə də elə burada, Parisdə Aleksandr Dümanın “Üç muşketyor” əsərindəki sözləri xatırlatmaq yerinə düşür: “Birimiz hamımız üçün, ha­mımız birimiz üçün”.

Almaniyanın maliyyə naziri Kristian Lindner əks-sədası Avropa silkələyən Trampın bəyanatını İngiltərədə səfərdə olarkən eşidib və buna özünəməxsus şəkildə soyuqqanlı cavab verib: “Ağ evdə kimin olmasından asılı olmayaraq, biz ABŞ-la iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığı davam etdir­məkdə maraqlıyıq”.

Londonda öz həmkarı Ceremi Hantla görüşən Lindner əlavə edib ki, “Böyük Britaniya və Almaniyanın azad ticarət im­kanlarının gücləndirilməsi ilə bağlı oxşar problemləri var. Trampın bəyanatların­dan sonra London və Berlin arasında bu dialoq xüsusi əhəmiyyət kəsb edir. Çünki NATO-nun avropalı üzvləri olaraq biz cid­di problemlərlə üzləşirik”. 

Almaniya Bundestaqındakı Xristian Demokrat və Xristian Sosial Birlik frak­siyalarının xarici siyasət üzrə eksperti Norbert Röttgen məsələylə münasibətini belə açıqlayıb: “Trampın müdafiə xərcləri tələblərinə cavab verməyən NATO müt­təfiqlərini müdafiə etməkdən imtina edə­cəyi ilə bağlı bəyanatları, ilk növbədə, Almaniyaya qarşı yönəlib”.

Avropa Şurasının sədri Şarl Mişel Cə­nubi Karolina ştatında səslənən fikirlərə daha kəskin reaksiya verib və Trampın sözlərini “məsuliyyətsizlik” adlandırıb. 

Estoniyanın Baş naziri Kayya Kallas isə məlum hadisələrə daha diplomatik münasibət bildirərək deyib ki, Trampın NATO ilə bağlı açıqlamaları müdafiəyə böyük sərmayə qoymayan NATO üzvləri üçün həyəcan siqnalı olmalıdır. O, Avro­pa Parlamentinin sədri Roberta Metsola ilə keçirdiyi birgə mətbuat konfransında deyib: “Mən hesab edirəm ki, Amerikanın prezidentliyə mümkün namizədinin de­dikləri çox iş görməyən bəzi müttəfiqləri də hərəkətə gətirməlidir”.

Alyansa üzvlüyü ilə bağlı prosedurla­rı tam başa çatdırmayan Finlandiyanın yeni seçilmiş Prezidenti Aleksandır Stubb isə dünən bəyan edib ki, Trampın alyans­la bağlı şərhlərinə baxmayaraq, ölkəsi sakit olmalı və diqqətini NATO üzvlüyünə yönəltməlidir.

Fransanın xarici işlər naziri Stefan Sejurne fevralın 12-də Trampın sözlərini şərh edərək deyib: “Bəli, bizə NATO-nun əvəzinə, ona qarşı deyil, əlavə olaraq ikinci həyat sığortası lazımdır”. Fransa diplomatiyası rəhbərinin sözləri, əslində, Makronun prezidentliyi dövründə Parisin Avropada fəal şəkildə təbliğ etdiyi strateji muxtariyyət ideyasını əks etdirir. Məram Amerika təhlükəsizlik çətirindən asılılı­ğı azaltmaq və ilk növbədə, Avropa re­surslarına güvənməkdir. Əvvəllər bu cür fikirlər həm Aİ-də, həm də ABŞ-da NA­TO-nun birliyini pozmaq cəhdi kimi qə­bul edilirdi. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Av­ropanın təhlükəsizliyinin gücləndirilməsi məsələsi gündəmə gəldi. 

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron da Trampın açıqlaması ilə razılaşmadığını bildirib. Nazir vurğu­layıb ki, o, “NATO-nun son dərəcə qatı tərəfdarıdır” və Rusiya–Ukrayna mühari­bəsinin davam etdiyi dönəmdə alyansın müdafiə zəmanətlərinin əhəmiyyəti artıb.

"Əslində, bu il İsveç və Finlandiya üzv olduqdan sonra NATO daha da güclən­di. Təbii, biz istəyirik ki, bizim kimi bü­tün ölkələr ÜDM-in 2 faizini müdafiəyə xərcləsinlər, amma mən hesab edirəm ki, alyans haqqında deyilənlər ağlabatan yanaşma deyil.”

Prezident Co Baydenin administrasi­yası da Trampın Rusiyanın hücumu ha­lında NATO müttəfiqlərinə kömək etmək­dən imtina edəcəyi ilə bağlı bəyanatlarını kəskin tənqid edib. Açıqlamada qeyd edi­lib ki, Vaşinqtonun ən yaxın müttəfiqləri­nin ərazisinə “qanlı rejimlərin təxribatının həvəsləndirilməsi” “dəhşətli və həyəcan­vericidir”. Bu, Birləşmiş Ştatların milli təh­lükəsizliyini, qlobal təhlükəsizliyi və ABŞ iqtisadiyyatının sabitliyini təhdid edir.

Respublikaçılar partiyasının 2024-cü il ABŞ prezidentliyinə digər namizədi Nik­ki Heyli də rəqibi Trampın fikirlərini “CBS“ nəşrinə müsahibəsində kəskin tənqid edib.

Prezident olarsa, NATO-nun “birinə hücum hamıya hücumdur” prinsipini dəstəkləyəcəkmi sualına Respublikaçı namizəd “bəli” cavabını verib və deyib: "NATO son 75 ilin uğurlu tarixidir...NATO bizə müharibənin qarşısını almağa imkan verir. Biz həmişə müharibənin qarşısını almağa diqqət etməliyik".

Qərb siyasi elitasının bütün bu ən­dişələrini oxuduqca ortaya belə bir sual çıxır: Tramp Prezident seçilsə, həqiqətənmi, ABŞ NATO-nu tərk edə­cək? Həqiqətənmi, Avropaya yeni təh­lükəsizlik arxitekturası qurmaq lazım gələcək? Vaxtilə Tramp administrasi­yasında ABŞ-ın milli təhlükəsizlik üzrə müşavir olmuş Con Bolton hesab edir ki, Trampın hakimiyyətə qayıdacağı təqdir­də NATO-dan çıxacağı ilə bağlı təhdidləri ciddi qəbul edilməlidir.

Görünür, Avropa siyasi elitasının na­rahatlığı əbəs deyil. Elə qitənin aparıcı media resurlarının da. Məsələn, ”t-online” informasiya portalı Trampın bəyanatının mümkün epoxal nəticələrini belə təsvir edir: “Qəfildən bütün dünyaya onilliklər ərzində ağlasığmaz görünən bir ssenari təqdim olunur: Avropa İkinci Dünya mü­haribəsindən sonra ilk dəfə özünün NA­TO-nun çox mühüm və son dərəcə güclü həmtəsisçisinin müdafiəsindən məhrum olacaq. Bu, Trampın yenidən prezident olacağı təqdirdə baş verəcək”.

“t-online” daha sonra yazır: "O, ay­rı-ayrı ölkələri müdafiədən məhrum edə­cəyi ilə hədələməklə, Qərbin və bununla da bütün dünyanın təhlükəsizlik arxitek­turasını laxladır. Axı bu, əhəmiyyətli dərə­cədə etibarlı çəkindirməyə əsaslanır. Tramp üçünsə bu, bir reket sistemi kimi görünür, ABŞ yalnız öz maliyyə və ya iqtisadi şərtlərinə cavab verdikdə digər ölkələrə müdafiə zəmanəti verəcək. Bu ideya, ən azı, ortaq demokratik dəyərlərə əsaslanan və Amerikanın maraqlarına açıq şəkildə xidmət edən əvvəlki sistem­dən tamamilə fərqli görünür".

Nəşr xəbərdarlıq edir ki, ABŞ-ın xarici siyasət konsepsiyasında bu cür dəyişiklik bilavasitə Rusiyanın xeyrinə işləyəcək. 

Sonda ”t-online” belə proqnoz verir: “Əgər noyabrda Ağ evdə hakimiyyət də­yişikliyi olacağı məlum olarsa, o zaman Fransa, Böyük Britaniya və Almaniya­ya tarixi görüşə toplaşmaq lazım gələ bilər. Bu təcili görüşün bir niyyəti olacaq: 1949-cu ildən bəri ilk dəfə olaraq ameri­kalılar olmadan Avropa üçün yeni təhlükə­sizlik arxitekturası işləyib hazırlamaq”.

Avropa siyasi elitası öz regionunun təhlükəsizliyi üçün bu qədər narahat ikən, görəsən, nədən bütün vasitələrlə Cənubi Qafqazda siyasi gərginliyi qı­zışdırmağa, Ermənistanı silahlandırıb “sönmüş ocağın üstünə yağ tökməyə” ciddi cəhdlər göstərir? Bu haqda gələn sayımızda geniş analitik məqalə ilə çıxış edəcəyik. 

İlqar RÜSTƏMOV
XQ

Siyasət