Jurnalist Taker Karlson Qərbin siyasi elitasına qarşı

post-img

Və ya demokratlar azad sözdən niyə qorxurlar?

Dünya o zaman kor olur ki, ortada həqiqət olmur. Həqiqət isə acı olduğundan onu ifadə edən sözü məhkum edib aradan götürürlər ki, kimsə eşitməsin. Biz dünyanın Azərbaycan həqiqətlərinə kor olduğunu çox görmüşük deyə, bunu yaxşı bilirik. 20 Yanvar 1990-cı il faciəsi, dəhşətli Xocalı qətliamı,  Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalına ədalətsizcəsinə göz yumulub. Torpaqlarımızı azad edib qəsbkarları qovandan sonra isə Qərb demokratiyasının başqa bir eybəcər üzü ilə qarşılaşmışıq.

Amma bütün bunların son günlər söz azadlığının mücahidinə çevrilmiş amerikalı jurnalist Taker Karlsona həm dəxli yoxdur, həm də birbaşa aidiyyatı var. Bu haqda bir qədər sonra. 

Taker Karlson haqqında ötən saylarımızın birində  kifayət qədər geniş analitik yazı vermişdik deyə, bu yazımızda  jurnalistin Rusiya Prezidenti Vladimir Putindən götürdüyü müsahibənin dünyada yaratdığı əks-sədadan və söz azadlığı “bayraqdarları”nın ona qarşı iftira və çirkablarının nədən irəli gəlməsindən danışacağıq. 

Dünən haqqında söz açacağımız müsahibə elektron mediada yayımlanmamışdan əvvəl Taker Karlson onu bu addımı atmağa vadar edən məqamları mətbuata açıqlayaraq demişdir: “Aydındır ki, belə müsahibə almaq çox risklidir. Ona görə biz bir neçə ay ciddi şəkildə bu haqda düşündük. Biz bunu nəyə görə edirik?

Birincisi, bu, bizim işimizdir. Biz jurnalistika sahəsində çalışırıq və bu, bizim borcumuzdur. Bütün dünyanı dəyişən münaqişə artıq 2 ildir ki, davam edir, ancaq amerikalıların çoxunun bu haqda dürüst informasiyası yoxdur. Onların bu regionda nələrin baş verməsindən real təsəvvürü yoxdur. Ancaq onlar bunu bilməlidirlər, çünki onlar özləri də başa düşmədən bütün bunlara görə pul ödəyirlər”. 

Jurnalist daha sonra deyir: “...Ukraynada münaqişə başlayandan bəri Amerika KİV-i çoxlu sayda ukraynalı ilə ünsiyyətdə olub  və Zelenski ilə çoxsaylı müsahibələr yayımlayıb... Amma onun Birləşmiş Ştatlarda verdiyi müsahibələrin heç biri ənənəvi müsahibələr deyildi.  Zelenskinin söylədikləri  ABŞ-ın Şərqi Avropadakı münaqişəyə daha da sıx cəlb edilməsinə və bu qarşıdurmanın daha çox maliyyələşdirməsi tələblərinə köklənmiş qıcıqlandırıcı fikirlər idi.

Bu, jurnalistika deyil. Bu, hökumətin təbliğatıdır, ən çirkin təbliğatdır... İnsanları məhv etmək təbliğatı. Eyni zamanda, siyasətçilərimiz və KİV xarici ölkənin  liderini sanki yeni istehlakçı brendi kimi təbliğ edirdilər. Heç bir Qərb jurnalisti bu münaqişədə iştirak edən digər ölkənin prezidentindən – Vladimir Putindən müsahibə götürməyi ağlına belə gətirməyib.

Əksər amerikalıların Putinin Ukraynaya niyə qoşun yeritdiyi və indiki məqsədləri barədə heç bir məlumatı yoxdur. Onlar onun səsini belə eşitməyiblər. Bu, doğru deyil. Amerikalıların iştirak etdikləri münaqişə haqqında hər şeyi bilmək hüququ var. Bizim də bu barədə onlara danışmağa haqqımız var, çünki biz də amerikalıyıq”.

Karlson açıqlamasında cəsarətlə deyir: “Ona görə buradayıq ki, biz Birləşmiş Ştatları sevirik. Biz istəyirik ki, bizim ölkə çiçəklənmiş  və azad olaraq qalsın”.  

Demokratiya və söz azadlığı “carçısı”olan ABŞ və bütövlükdə, Qərb haqqında müstəqil jurnalistin “azad olaraq qalsın” ifadəsini işlətməsi bizə qəribə gəlir, deyilmi? Bu, necə ola bilər, məgər Birləşmiş Ştatlar artıq azad ölkə olmaqdan uzaqlaşır? Karlson buna müsbət cavab verərək deyir: “Qərb ölkələrinin hakimiyyətləri bütün vasitələrlə çalışır ki,  bu müsahibəmi  başqa platformalarda senzuraya məruz qoysunlar. Onlar məhz buna çalışırlar. Çünki onlar nəzarət edə bilmədikləri informasiyalardan qorxurlar”. 

Bu azmış kimi, dünən X platformasından yayımlanan və təqribən, 2–3 saat ərzində  60 milyondan çox izləyici toplayan müsahibədən sonra yayılan bir çox xəbərlərdə artıq Qərbin jurnalistə qarşı kükrəyən qərəz dalğasının şahidi oluruq. “Newsweek” nəşri yazır ki, Avropa İttifaqında Putinlə müsahibəyə görə Taker Karlsona qarşı sanksiya tətbiq ediləcəyi istisna deyil. Bəzi siyasətçilər artıq keçmiş teleaparıcının Rusiya Prezidenti ilə müsahibəsinin Qərb təbliğatının “nizamı”nı pozduğuna görə  müəllifi “Putinin ruporu” kimi qələmə verməyə başlayıblar. Taker Karlsonun Avropaya girişinə qadağa qoyulmasını tələb edən Belçikanın keçmiş baş naziri, hazırda Avropa Parlamentinin üzvü Qi Verhofstadt tələbini belə əsaslandırır: “Putin hərbi cinayətkar olduğundan və Aİ  ona dəstək verən və  kömək edən hər kəsə qarşı sanksiyalar tətbiq etdiyi üçün Avropa Xarici Fəaliyyət Xidməti Karlsonun işinə də baxmalıdır”. 

Əcəba, sizin siyasi elitanın nümayəndələri heç bir ölkənin tanımadığı qondarma DQR-in cinayətkar erməni rəhbərləri ilə görüşəndə nədən belə bəyanatlar vermirdiniz? Olmaya, onda Azərbaycan ərazilərini işğal altında saxlayan bu caniləri gündəmə gətirmək demokratiya təzahürü idi?!

Avropa Parlamentinin keçmiş üzvü Luis Qarikano “Newsweek”ə açıqlamasında Verhofstadtın mövqeyi ilə razılaşdığını bildirir:  "O, artıq jurnalist deyil, o, sülh və təhlükəsizliyimiz üçün ən böyük təhlükə yaradan, Avropa torpağında ən iyrənc rejimin təbliğatçısıdır”.

Taker Karlson öz Vətəni – “azadlıqlar ölkəsində” də ciddi qınağa və sərt ittihamlara tuş gəlib. Müsahibədən xəbər tutan ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Karlsonun Putinlə müsahibəsinə ehtiyac yoxdur. Vaçinqton rəsmisi  Ağ evin  amerikalı jurnalistlə Rusiya Prezidenti arasında dərc olunan müsahibədən narahat olub-olmaması sualını bu şəkildə qəzəbli  cavablandırıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş üzvü Adam Kinzinger Karlsonu Rusiyaya səfər etdiyi üçün satqın adlandırıb. Bu cür ittihamları rədd edən jurnalist deyib: “ABŞ qarşısında niyə özümü günahkar hiss etməliyəm? Məgər mən yalnız Amerikanı sevməyə məcburam?” 

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Teylor Qrin etiraf edib ki, Karlsonun müsahibəsi Amerika hakimiyyətinə qorxu aşılayıb. Eyni zamanda o vurğulayıb ki, amerikalılar həqiqəti yalnız belə jurnalistlərdən eşidə bilərlər. 

Aldığımız məlumatlar aydın göstərir ki,  Qərb siyasi elitasından fərqli olaraq, Qərb mediası Rusiya liderinin müsahibəsini diqqətdən kənarda qoymayıb. Amma fərqli rakurslardan. Müsahibənin təfərrüatlarını Britaniyanın “Independent”, “Guardian”, “Daily Mail” və Telegraph” nəşrləri  ilə yanaşı, “American New York Times”, “Wall Street Journal”, “Financial Times”, “Forbes, “Daily Beast”, “Variety”, “Newsweek”, “New York Post”, “Hill” kimi tanınmış və nüfuzlu nəşrlər geniş şərh ediblər. Buna baxmayaraq,  “CNN və “Fox News” müsahibədən sonra ilk saatlarda onun adını belə çəkməyib. Amerikanın “MSNBC” kabel kanalının köşə yazarı Frenk Fiqlyuççi isə “müsahibənin elə-belə baş tutmadığı” fikrini irəli sürərək Putinin keçmiş KQB zabiti olduğunu xatırladır. Bu ki, heç kimdən gizli bir məlumat deyil. Amma Frenk fikrinə davam edərək deyir:  “O, (Putin) hər şeyi məqsədli və strategiya ilə edir. Ona görə də belə qənaətə gəlmək olar ki, o, burada nəticənin necə olacağını bilir”. Köşə yazarı qısqanclıqla  bildirir ki, Karlson özünü sadəcə jurnalist kimi göstərir. "Taker Karlson nə jurnalist,  nə də müxbirdir, lakin o, televiziyada onlardan birinin rolunu yaxşı  oynadı”.

“The Washington Post” qəzeti isə daha irəli gedərək  bu mövzuda amerikalı jurnalisti tənqid edən bir neçə material dərc edib. Qəzetin qeydlərindən birində deyilir: “Karlson tez-tez Kremlin Rusiyanın Ukrayna ilə müharibəsinə  bağlı təbliğatını təkrarlayır, Vladimir Zelenskini tənqid edir və ABŞ-ın Ukraynaya hərbi yardımına qarşı çıxırdı”.

Bununla yanaşı, nəşrin yazarları Kremlin respublikaçılarla əlaqə yaratmağa çalışdığı fikrini irəli sürürlər: “Kremlin müsahibəyə razılıq verməsi onu göstərdi ki, Putin “Amerikanın əvvəlki əzəmətini qaytaraq” ideyasının tərəfdarları arasından Respublikaçılar Partiyasının “dağıdıcı elementi” ilə əlaqələr qurmaqda maraqlıdır. Bu, həm də Kremlin Donald Trampın prezidentliyə qayıdacağına və respublikaçıların ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırmağa davam edəcəyinə ümidini əks etdirir”.

Moskvanın, guya, respublikaçılarla əlaqə yaratmaq cəhdləri mövzusunu “New York Times” qəzeti də ön plana çıxarıb. Məqalənin müəllifləri müsahibədə ABŞ-ın Kiyevə yardımının göydən asılı vəziyyətdə olduğu bir vaxtda Rusiya liderinin birbaşa amerikalı mühafizəkarlara müraciət etmək istəyinin əlamətini görürlər. Nəşr, həmçinin müsahibənin ABŞ daxilində Ukrayna ilə bağlı siyasi fikir ayrılıqlarına təkan verə biləcəyini də xüsusi vurğulayır. 

“İndi Respublikaçılar Partiyası Nümayəndələr Palatasında Vladimir Putinə xidmət göstərir və “tanıdığımız biri” qarşı tərəfə keçib və Qərb jurnalistlərini tənqid edərək, “kaş Qərb jurnalistləri bura gələydilər və heç olmaya müharibə haqqında dürüst danışmağa çalışaydılar” deyə, “The Hill” Karlsonun sözlərini sitat gətirir və  onun  Vladimir Putinə xidmət göstərdiyini deyir. 

Etiraf etmək lazımdır ki, “demokratik Qərbin” siyasi elitasından fərqli olaraq sadə insanlar, bir çox jurnalistlər və politoloqlar Taker Karlsonun bu cəsarətli addımını təqdir edir və onu dəstəkləyirlər. Məsələn, ABŞ-ın keçmiş məşhur kəşfiyyatçısı Skott Ritter Taker Karlsonun Vladimir Putinlə müsahibəsini tamaşaçılara həqiqəti açıb göstərən bomba kimi qiymətləndirib.

Skott Ritter “YouTube” platformasındakı “Müfəttişdən soruş” verilişində deyib: "Culian Assanjın nümunəsi göstərir ki, Amerika siyasəti üçün əlverişsiz mövzuları işıqlandıran yaxşı jurnalistika ölümcül nəticələrə səbəb ola bilər. Mən demirəm ki, bu, Takerin başına gələcək, məncə, Taker ABŞ-a qayıdacaq və hətta ona toxunulmayacaq. Mən onun müsahibəsinin bomba olacağını düşünürəm, o, hər şey haqqında həqiqəti üzə çıxaracaq”.

Jurnalist Kleyton Morris isə ABŞ Milli Təhlükəsizlik Agentliyini keçən il Karlsonun Rusiya Prezidentindən müsahibə almağı planlaşdırdığını öyrəndikdən sonra onu izlədiyinə görə ittiham edib. “Onlar bunu istəmirdilər. [ABŞ prezidenti Joe] Bayden administrasiyası və kəşfiyyat qurumları onun belə müsahibələr verməsini istəmirdilər. Onlar onu izləyirdilər”.

“Demokratik Qərb”in ağası olan və  özünü kürreyi-ərzə söz azadlığının nəinki carçısı, həm də onun qatı müdafiəçisi kimi təqdim edən Birləşmiş Ştatlarda, elə Avropada siyasi elitanın, söz azadlığı hüququndan istifadə edib azad söz eşitmək hüququ olan Qərb vətəndaşlarına  fərqli baxışdan fərqli  və əslində, obyektiv və qərəzsiz informasiya çatdırmağa çalışan jurnalisti bu şəkildə təqib və təhdid etməsi utancvericidir desəm, bu, çox zəif bir ifadə olar. Çünki müstəqilliyimizin 30 ildən yuxarı bir dövründə söz azadlığı ilə bağlı Qərbdən Azərbaycanın ünvanına daim  qınaq və böhtan eşitmişik. Elə indi də bu böhtanları az eşitmirik.

Azad və demokratik seçki keçirmişik, üstümüzə çamur və çirkab atıb belə “azad seçkilərin Qərbdə qəbul edilmədiyini”, az qala, gözümüzə soxublar. Haqqımıza, hüququmuza kor olub, erməni işğalını dəstəkləyiblər və indi də “zavallı ermənilər” üçün göz yaşı tökürlər. Yüzlərlə şəhər və kəndimizi vəhşicəsinə dağıdan erməni vandalizmi haqqında söz düşəndə ağızlarına qıfıl vurub gerçək mənzərəni gözardı edərək gediblər. 

İndi Qərb siyasi elitasına üz tutub soruşmaq istərdim: Ay demokratlar, nədən bircə jurnalistin müsahibəsi sizi bu qədər qorxuya salıb? Əcəba, azad söz aşiqisinizsə, azad sözü niyə məhkum etməyə çalışırsınız? Olmaya, paxırınız açılır deyə, qəzəbinizi cilovlaya bilmirsiniz?!

İlqar RÜSTƏMOV 
XQ

 

Siyasət