“Xalq qəzeti” əməkdaşının yubileyi

post-img

Dünən Azərbaycan Mətbuat Şurasında “Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı Hüseynovanın anadan olmasının 70 illiyi münasibətilə yubiley mərasimi keçirildi.

Məclisi giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirdi ki, həmkarları və oxucu auditoriyası Zərifə Bəşirqızını istedadı, məsuliyyəti və fədakarlığı ilə peşəkar jurnalistikamıza xidmət edən qələm sahibi kimi tanıyır. Onun 47 illik peşə fəaliyyəti ölkənin 2 nüfuzlu yaradıcı kollektivi ilə bağlı olub: 1977-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirəndən sonra 19 il  keçmiş “Yazıçı” nəşriyyatında redaktor və böyük redaktor vəzifələrində çalışıb, 28 ildir ki, “Xalq qəzeti”nin  müxbiridir. Məhsuldar yaradıcılıq yolu keçən jurnalist 100-dən artıq kitabın redaktoru, minədək müxtəlif janrlı yazının müəllifidir. Ölkənin tanınmış qadınları barədə “Adın şərəflidir” silsiləsindən çap etdirdiyi yazılar ona xüsusi populyarlıq gətirib.

 “Xalq qəzeti”nin baş redaktoru, Mətbuat Şurası idarə heyətinin üzvü  Əflatun Amaşov redaksiyanın aparıcı yazarlarından olan Zərifə Bəşirqızının yetkin fəaliyyəti ilə gənc əməkdaşlara nümunə olduğunu bildirdi. Pandemiya dövründə onun çoxsaylı informativ və maarifləndirici yazıları ilə bu bəşəri bəlaya qarşı ardıcıl mübarizəsinin önəmini, sosial mövzuda yazılarının böyük maraqla qarşılandığını qeyd etdi.

Milli Məclisin deputatı Aydın Hüseynov, AMŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, Əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Telli Pənahqızı, Flora Xəlilzadə, Mustafa Çəmənli, Şəmsiyyə Kərimova, İttifaq Mirzəbəyli, Əntiqə Qonaq, filologiya üzrə fəlsəfə doktoru Amalya Qasımova, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, şair-publisist Əkbər Qoşalı, yubilyarın tələbə yoldaşı Qəşəngi Əliyeva və digər çıxış edənlər də Zərifə Bəşirqızının yüksək peşəkarlığından və mənəvi-əxlaqi dəyərlərə bağlılığından söz açdılar.

Sonda çıxış edən Zərifə Bəşirqızı qədirbilənliyə və xoş sözlərə görə  toplantı iştirakçılarına təşəkkürünü bildirdi, bundan sonra da milli jurnalistikamıza yorulmadan xidmət edəcəyini söylədi.

 

T.RÜSTƏMLİ,

XQ



Son xəbərlər