Mirzoyanın BCM-dən Azərbaycanla bağlı əsassız tələbi

post-img

Rəsmi İrəvan ali məhkəmə instansiyasını siyasi alətə çevirməyin anonsunu verdi


Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünün təntənəli təqdimat mərasimi keçirilib. Məlum olduğu kimi, ölkə quruma fevralın 1-də rəsmən qoşulub.  Bu, BCM-in Roma Statutunun Ermənistanda qüvvəyə minməsi ilə baş verib. 

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (Rome Statute of the International Criminal Court) 15 iyun–17 iyul 1998-ci il tarixləri arasında İtaliyanın paytaxtında keçirilmiş BMT Konfransının qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statutdur. 2016-cı ilin mart ayından etibarən 139 dövlət sənədi imzalamış və 123-ü onu təsdiqləmişdir. Yəni, Ermənistan sözügedən əsasnaməni imzaladıqdan sonra təsdiqləyən ölkələr sırasında sayca 124-cüdür. Xatırladaq ki, 2023-cü ilin aprelində Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunun  qanunvericiliyə uyğunluğunu təsdiqləmişdi. Həmin ilin oktyabrında ölkə parlamenti onu ratifikasiya etmiş, nəhayət, sənəd 2024-cü il fevralın 1-də qüvvəyə minmişdir.

Sözsüz ki, Roma Statutu Ermənistanın anti-Rusiya dirənişində mühüm halqanı təşkil etməkdədir. Nəzərə alaq ki, BCM Rusiya Prezidenti Vladimir Putinin və digər ölkə rəsmilərinin həbsinə order çıxarıb. Deməli, V.Putin bundan sonra Ermənistana daxil olacağı təqdirdə, həbslə üzləşə bilər. Hər halda, İrəvan belə bir öhdəliyi rəsmən öz üzərinə götürüb. Rusiyanın özünə gəlincə, ölkə Roma Statutunu 2000-ci ilin sen­tyabrında imzalasa da, 2016-cı ilədək təsdiqləməmişdi. 2016-cı ildə Prezident Putin sənədin qəbuledilməzliyinə dair sərəncam imzalamışdı. Bu qərar ölkənin milli maraqları baxımından izah edilmişdi... 

Milli maraqlardan söz düşmüşkən, Ermənistan baş naziri Nikol Paşinyan ötən il “Politoco Europe” nəşrinə müsahibəsində Roma Əsasnaməsinin ölkəsinin təhlükəsizlik maraqları baxımından uyğunluğunu vurğulamışdı. Nikol fikrini belə əsaslandırmışdı ki, İrəvanın hazırkı təhlükəsizlik alətləri tələbatlara cavab vermir və onların yeniləri ilə əvəzlənməsi şərtdir. Erməni baş nazirin bu fikirləri söyləyərkən, Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün Ermənistana heç bir fayda gətirmədiyini söyləməsi diqqət çəkmişdi. Digər tərəfdən, Paşinyan Roma Əsasnaməsinin vacibliyinə dair izahına Qarabağ məsələsini də əlavə etməyi yaddan çıxarmamış və bildirmişdi ki, bölgədəki Rusiya sülhməramlıları üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. N.Paşinyan sözügedən nəşrə müsahibəsində Roma Statutunun ən böyük hədəfini də açıqlamışdı. Daha dəqiq desək, hədəf kimi Azərbaycanı göstərmişdi. Paşinyan sənədin köməyi ilə İrəvanın Bakını məsuliyyətə cəlb edəcəyini  bildirmişdi. 

Onu da vurğulayaq ki, Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır. Bunlar soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə və təcavüz faktlarıdır. Sadalanan cinayətlərlə bağlı BCM-də heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən, qurum dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdikləri və müdaxilə etmək istəmədikləri vəziyyətlərdə sadalanan dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər. 

Bu yerdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünün təntənəli təqdimat mərasimində nələri söylədiyinə diqqət yetirək. Bəri başdan deyək ki, onun bildirdikləri rəsmi İrəvanın Roma Statutunu Bakıya qarşı istifadə etmək niyyətinin təsdiqidir. Yəni, erməni XİN rəhbəri, faktiki olaraq, N.Paşinyanın aylar öncə bildirdiklərini yenidən gündəmə gətirib. 

Beləliklə, A.Mirzoyan vurğulayıb ki, cinayətin qarşısının alınmasında və münaqişələrin sülh yolu ilə həllində BCM-in rolu yüksəkdir. “Təəssüf ki, biz regionumuzda nəinki münaqişənin sülh yolu ilə həllinə tam istəksizliklə, həm də açıq-aşkar müharibə, nifrət və terror yaymaq niyyəti ilə üzləşmişik. Ermənistan Respublikasına qarşı davam edən təcavüz və suveren ərazilərimizin işğalı, ermənilərə qarşı törədilmiş iyrənc vəhşiliklər, Qarabağın etnik təmizlənməsi nəticəsində 100 mindən çox erməninin Ermənistana sığınmaq üçün evlərini tərk etməyə məcbur qalması ilə nəticələnmişdir. Fəlakətli humanitar durum regionumuz üçün birbaşa təhlükə törətməkdə davam etməkdədir. Bu kontekstdə biz əminik ki, Roma Statutu digər mexanizmlərlə yanaşı, regionumuzda sabitlik və davamlı sülh yolunda mühüm mərhələyə çevrilərək, gərginliyin və vəhşiliyin qarşısını almaq potensialına malikdir”, – deyən A.Mirzoyan eyni fikirləri BCM-in sədri Piter Hofmanla görüşü zamanı da təkrarlayaraq bildirib ki, regionda cəzasızlığın ağır nəticələri ilə üzləşən Ermənistan buna qarşı mübarizə aparmaq və insanlıq əleyhinə cinayətlərin qarşısını almaq naminə qüvvələri birləşdirməyin zəruriliyini yaxşı dərk edir və bu məqsədlə BCM-ə üzv olub.

Göründüyü kimi, Ermənistan BCM müstəvisinə özünün anti-Azərbaycan platforması üçün alətə çevirmək niyyətini ilk fürsətdəcə ortaya qoydu. Hesab edirik ki, bundan sonra rəsmi İrəvan Azərbaycanın BCM müstəvisində məsuliyyətə cəlbi istiqamətində fəaliyyətə başlayacaq. Belə yanaşma, şübhəsiz ki, Cənubi Qafqazda sülh və sabitliyin yaranmasına ciddi əngəl törədən faktordur. Mirzoyanın sözləri sülhün səmimiyyət mühitinə ziddir. 

Sonda BCM-nin əsas fəaliyyət qayəsinə bir daha diqqət yetirməyi vacib sayırıq. Yuxarıda da vurğulandı ki, qurum insanlıq əleyhinə cinayətlərin qarşısını almağı, mövcud istiqamətdə beynəlxalq cəza mexanizmlərinin tətbiqini hədəf seçir. Məsələ burasındadır ki, Ermənistan kimi insanlıq əleyhinə cinayətlər törətmiş, otuz ilə yaxın müddətdə işğalçılıq siyasəti həyata keçirmiş, BMT-nin və digər qurumların işğala son qoyulması ilə bağlı çağırışlarına, rəsmi sənədlərinə məhəl qoymamış bir ölkə BCM-ə üzv olursa, demək ki, bu qurum elan etdiyi təməl prinsiplərdən tam uzaqdır. Bir ölkənin ki, üzərində Xocalı soyqırımı böyüklükdə ləkə var, onu ali məqsədlər naminə mübarizə apardığı bildirilən quruma necə üzv etmək olar? Əlbəttə, belə yanaşma nonsensdir. 

Ancaq görünür, qlobal siyasət oyunlarında alətə çevrilmiş BCM üçün prioritet başqadır. Məqsəd Ermənistanı kollektiv Qərbin anti-Rusiya siyasətində möhkəmləndirmək, mövcud istiqamətdə ona yeni alət qazandırmaqdır. İrəvan isə bu “imtiyazı” özünün anti-Azərbaycan ritorikası üçün “vasitəyə” çevirməkdədir. Deməli, Ermənistan ölkəmizə qarşı çıxmaq üçün əlinə düşən heç bir şansı qaçırmır. Bu isə dediyimiz kimi, sülhün səmimiyyət paradiqmasına tam zidddir.

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət