Heydər Əliyevin milli dövlət quruculuğu konsepsiyasının Naxçıvan mərhələsi

post-img

(“Bir millət, iki dövlət” kəlamı kontekstində)

Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

I məqalə

Hər şey sovet dövründən başladı

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti milli dövlətçiliyin müasir mər­hələdə inkişafı baxımından çox qiymətli təcrübə, tarixi, nəzəri-politoloji və fəlsəfi salnamədir. Ulu öndərin siyasətlə məşğul olduğu müddətin elə bir anı yoxdur ki, dərin tarixi, siyasi, ideoloji və dövlətçilik məqamını özündə ehtiva etməsin. Buna görə də Heydər Əliyevin fəaliyyətinin so­vet dövrü, Naxçıvan mərhələsi və müa­sir müstəqillik dövrü kimi təsnifatı yalnız tarixi-xroniki, nəzəri-politoloji və abstrakt fəlsəfi xarakter daşıyır. Reallıqda bu mər­hələlərin hər biri ardıcıl, sistemli və öncə­dən strateji tərəfi düşünülmüş vahid fəa­liyyətin fraqmentləridir. Faktlar və keçmiş təcrübə bu tezisin tam doğru olduğunu sübut edir. Bu kontekstdə deyə bilərik ki, hər şey sovet dövründən başladı. 

Sovet dövrü: real rəhbərlik və qeyri-formal liderliyin Heydər Əliyev nümunəsi 

Kimsəyə bir daha sovetlərin fəlsəfi, tarixi, sosial, ideoloji kimliyini izah etməyə ehtiyac yoxdur. Lakin həmin dönəmdə “idarəetmə” və “rəhbər olma”nın məzmu­nu, üsulu və reallaşma imkanlarının fəl­səfi və politoloji “ölçülməsi” faydalı olardı. Məsələ ondan ibarətdir ki, həmin dövrdə, ümumiyyətlə, SSRİ-də liderlikdən danış­maq cinayət idi. Müttəfiq respublikaların rəhbəri kimi milli maraq gözləmək qatı ci­nayət idi və ağır bədəlləri olurdu. İdarəet­mənin isə bütün şərtlərini Mərkəz müəy­yən etmişdi, ondan kənara çıxmaq dövlət xəyanəti kimi qiymətləndirilirdi. Belə bir mürəkkəb, dolaşıq və risklərlə zəngin bir dövrdə müttəfiq respublikaya rəhbərlik etmək xüsusi siyasi məharət və iradi şü­caət tələb edirdi. Mərkəz, hətta, respubli­ka rəhbərlərinin şəxsi həyatına, ailə qur­maq işinə belə qarışırdı. Bunun fonunda isə respublikada hər hansı başqa addım atmağın nə demək olduğunu təsəvvür et­mək çətin deyildi. 

Sovetlərin bu reallıqlarında Azərbay­canla bağlı qorxunc bir niyyət də vardı. Mərkəz səviyyəsində Azərbaycanı res­publika kimi ya çox zəiflətmək, ya da mümkün olsa, bütövlükdə ləğv etmək planı gizli işləyirdi. Bunun üç əlaməti var­dı. 

Birincisi, Azərbaycanda qeyri-azər­baycanlıların (oxu: əsasən milli düşüncəli türklərin) idarəetmə, nəzarət, qanunveri­ci, təhlükəsizlik, asayişi təmin etmək kimi vacib sferalarda işləməsini maksimum dərəcədə məhdudlaşdırmaq xətti vardı. Bu xətt işə düzəlmə zamanı müxtəlif süni bəhanələrin gətirilməsi, tələlər qurulma­sı, insanların müxtəlif üsullarla şərlənmə­si, guya, məişət səviyyəsində meydana gəlmiş intriqaların burulğanına salınması və s. üsullarla həyata keçirilirdi. 

İkincisi, yüksək səlahiyyətli idarəet­məyə və təhlükəsizlik sisteminə rus qafa­lı (bunun tərkibi və fraqmenti kimi erməni, yəhudi, xristian qafalı) adamları doldurur­dular. Onlar azərbaycanlılarla düşmən kimi rəftar edir və hər kiçik imkanda zərər vururdular. Əsl Azərbaycan sevdalılarını psixoloji, mənəvi və fiziki olaraq sındırır, onlarda öz vətənlərinə ən azı laqeyd­lik hissi aşılayırdılar. Tezislərindən biri “ümumiyyətlə, azərbaycanlı ləyaqətsiz, bacarıqsız, dövlətin nə olduğunu bil­məyən, rüşvətxor, alverçi, bazar adamı, cahil, radikal dindar, mədəniyyətin nə olduğunu anlamayandır”. Bu fikri hər fürsətdə Azərbaycan cəmiyyətinin özün­də belə yayırdılar və onun fonunda “əsl adam rus, erməni, gürcü, fransız, fars və s. kimi olar” psixologiyasını yeridirdilər. Bununla faktiki olaraq “azərbaycanlılıqla fəxr etməyin əsası yoxdur” şüarını yara­dırdılar. 

Üçüncüsü, ilk iki psixoloji təsir forma­sının fonunda daha qorxunc və təhlükəli bir xətti gizli yeridirdilər. Bu xəttin ümumi qayəsi, bütövlükdə, Azərbaycanın rəsmi surətdə ikinci dəfə parçalama (birinci par­çalama Türkmənçay müqaviləsi ilə rəs­miləşmişdi) planları ilə bağlı idi. 

Əslində, Azərbaycan SSR-də kadrla­rı ölkəyə laqeyd olanlardan təşkil etmək, azərbaycanlıları psixoloji və hüquqi ola­raq aşağılamaq və digər işlər yekunda “belə ölkə olmaz” fikrini formalaşdırıb, onu qonşular arasında (Rusiya, Ermənis­tan və Gürcüstan) bölmək niyyətini ger­çəkləşdirmə üçün idi. 

Onun konkret və daha dəhşətli təza­hürü Mərkəzdə bir qrup adamın Xəzər dənizini qurudub neft çıxarmaq planını irəli sürməsində özünü tapdı. Bu, olduq­ca qorxunc və birbaşa Azərbaycanı ərazi kimi məhv etməyə hədəflənmiş planın re­allaşmaması vicdanlı rus alimlərinin təsiri və Stalinin ölməsi ilə bağlı idi. Rus alim­lər sübut etdilər ki, Xəzərin qurudulması Xəzəryanı ərazilərin qurumasına gətirib çıxaracaq və ayrıca Azərbaycan torpaq­larını suvarma imkanı olmayacaq. Buna qarşılıq respublikanın ortasında Kürün qabağını kəsməklə süni göl yaratmaq fikrini ortaya atdılar. Bu da faktiki olaraq Şimali Azərbaycanın ərazi tamlığının po­zulması və quruda qalan hissələrin Rusi­yaya, Ermənistana və Gürcüstana veril­məsi üçün əsas yaratmaq idi. 

Mərkəzin ciddi nəzarəti və total avto­ritar, konyuktur, tam mərkəzçi siyasəti ilə Azərbaycana qarşı olan məkrli planların birləşməsi hansı anlama gəlir? Məncə, bu sualın cavabı aydındır. Yəni real ola­raq Vətənimiz Azərbaycanı itirmək riski ilə ciddi surətdə xalq və yerli rəhbərlik üz-üzə qalmışdı. Bu iki güclü dağıdıcı siyasət dalğasının qarşısını almaq böyük dahilik, yüksək məntiqi zəka, siyasi iradə, ən əsası böyük Vətən sevgisi tələb edir­di! Eyni zamanda, prosesi davamlı olaraq aparmaqla qalib olmaq lazım idi, çünki yarımçıqlıq da məğlubiyyət idi. 

Məhz bu cür taleyüklü və ölüm-qalım dilemması şəraitində ağır yükü Heydər Əliyev çəkinmədən çiyinlərinə götürdü. Ulu öndərin təhlükəsizlik sistemində və sonra siyasi sahədə uğurlu karyerası ol­masa idi, indi Azərbaycan mövcud olma­ya bilərdi. Heydər Əliyev hər mərhələyə uyğun siyasəti elə apardı ki, Moskvanın dirənişini aşdı və planlarını həyata keçir­di. Onların üç aspektini burada qeyd edə bilərik. 

Birincisi, Heydər Əliyev yorulma­dan Azərbaycan mədəniyyət, elm və in­cəsənət xadimlərini müdafiə edərək milli mədəniyyətin var ola bilməsi tezisinə azərbaycanlıları inandırdı və düşmən­lərlə yanaşı, dostların da beyninə yerit­di. Konkret olaraq, Heydər Əliyev milli düşüncəli Azərbaycan ziyalılarını məhv olmaqdan xilas etdi, onları himayəsinə götürdü və həm də tarixi şəxsiyyətlərin yubileylərini təntənəli surətdə təşkil etdi. Bütün bunlar dünyaya bir mesajı verirdi: “Azərbaycan mədəniyyət məkanı kimi vardır!” 

İkincisi, Heydər Əliyev Azərbayca­nın iqtisadi məkan kimi mövcud olması zərurətini həm azərbaycanlılara, həm Mərkəzə, həm də bütün dünyaya anlatdı. Bunu dalbadal keçici bayraqlar almaqla, SSRİ üzrə yüksək sosial-iqtisadi nəticələr göstərməklə və o dövrdə müasir olan za­vod və fabriklər inşa etməklə sübuta ye­tirdi. Məsələn, kondisioner istehsal edən zavodun Azərbaycanda tikilməsi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Bu da ikinci mesaj idi: “Azərbaycan iqtisadi mə­kan kimi bütövdür və azərbaycanlılar ni­zamlı iqtisadi sistem yarada bilirlər!” 

Üçüncüsü, Heydər Əliyev ardıcıl olaraq və planlı surətdə Azərbaycanda kadrları milliləşdirdi. Məcazi mənada “azərbaycanlaşdırdı”. Həm də bunu et­nik kontekstdə deyil, kadrların ilk olaraq Azərbaycanı düşünməsi, onun maraqla­rına xidmət etməsi və azərbaycanlılıqla fəxr etməsi aspektlərində etdi. Onun re­allaşma mexanizmi SSRİ-nin müxtəlif ali məktəblərinə gənc azərbaycanlıları təhsil almağa göndərməsi ilə bağlı idi. Nəticədə tarixi baxımdan qısa müddətdə respubl­kaya minlərlə Azərbaycan ruhlu kadrlar gəldi. Ulu öndərin bu addımı Mərkəzin Azərbaycana işləmək adı ilə çox sayda rus qadınlarını göndərmək planlarını tam məhdudlaşdırdı və onun sosial təsir gü­cünü minimuma endirdi. İndi məlum olur ki, bu, strateji aspektdə Heydər Əliyevin böyük siyasi-psixoloji töhfəsidir. 

Beləliklə, sovet dövrü Heydər Əliye­vin Azərbaycan SSR-ə real rəhbərliklə qeyri-formal xalq lideri olmağı sintez edən bir mərhələ kimi də təsəvvür edilə bilər. Həmin dövrdə Azərbaycan xalqı­nın qəlbində Heydər Əliyevə sarsılmaz inam və etibar formalaşmışdı. Bu faktor müstəqillik mərhələsində olduqca ciddi rol oynadı.

Naxçıvana qayıdış: yeni liderliyin çətin sınaqlarının başlanğıcı

Beləliklə, Heydər Əliyevin Azərbay­can SSR-ə real rəhbərliyi və qeyri-for­mal xalqa liderliyi ökəni məhv olmaqdan xilas etdi. Eyni zamanda, sovet dövrün­dəki fəaliyyət sonralar Heydər Əliyevin SSRİ-nin real rəhbərlərindən və lider­lərindən biri olmaq üçün əsas yaratdı. Siyasi-nəzəri kontekstdə söhbət faktiki olaraq liderlik fəaliyyətinin böyük trans­formasiyasından gedir: bir türk lider İtti­faqın qeyri-slavyan respublikalarından biri miqyasındakı fəaliyyəti sayəsində Ümumittifaq miqyasında liderə çevrilə bilmişdi! Bu, liderlik missiyası ilə miqya­sının uğurlu sintezi deməkdir (akademik İsa Həbibbəyli mənasında). Ancaq bu irəliləyişin qarşısını Mərkəzdəki qərəzli qüvvələr aldı. Bu hadisə zaman baxıı­mından həm də SSRİ-nin dağılmasına təsadüf etdi. O dövr çox qarışıq və riskli idi. Üstəlik, Heydər Əliyev xəstələnmiş­di. Kremldə qərəzli planlar quranlar Ulu öndəri fiziki məhv etməyi düşünürdülər. Lakin Heydər Əliyev böyük məharətlə qurulan bütün tələləri neytrallaşdırdı və 1990-cı ildə Vətənə qayıtdı. 1990-cı il iyulun 22-də isə Ulu öndər artıq Naxçı­vanda idi. 

Bu qayıdışın müxtəlif aspektlərdə fəlsəfi və siyasi-nəzəri araşdırılmasına ciddi ehtiyac vardır. Çünki Heydər Əliyev sadəcə, doğma yurduna fiziki olaraq dön­məmişdi, böyük siyasət xadiminin strateji məqsədi Azərbaycanın bir bölgəsi kimi Naxçıvanı qorumaq, saxlamaqla yanaşı, milli dövlət quruculuğunun bütün Azər­baycan miqyasında reallaşdırılması üçün Naxçıvanda onun bazasını yaratmaqla bağlı idi! Bu mənada Ulu öndərin fəa­liyyətinin Naxçıvan mərhələsi fəlsəfi və politoloji olaraq müasir dövrdə müstəqil Azərbaycan dövlətçiliyinin ilkin mərhələsi və çox aspektlərdə həmin prosesin baş­lanğıc təcəssümüdür.

Prezident İlham Əliyevin həmin dövrə verdiyi qiymətdə ifadə olunan fikirlər də bu tezisi təsdiq edir. İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində ifadə etmişdir: “Məhz 1990-cı illərin əvvəl­lərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olma­saydı və naxçıvanlılar ulu öndərin ətrafın­da sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi...O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi... Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çir­kin əməllər edirdi. Ancaq naxçıvanlılar hə­mişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında yumruq kimi sıx bir­ləşdilər və həm erməni işğalına tutarlı ca­vab verdilər, onları yerində oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyə­cəkdir”.

Akademik İsa Həbibbəyli həmin kon­tekstdə vurğulamışdır: “Azərbaycanın dövlət müstəqilliyi taleyində görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhə­miyyətə malikdir”. Ulu öndər “...azərbay­cançılıq düşüncəsinə real təminat əldə olunmasına...xüsusi diqqət yetirdiyi kimi, Naxçıvan Muxtar Respublikasının inkişaf etdirilməsinə də ümummilli vəzifələr sə­viyyəsində böyük qayğı göstərib, ölkənin maraqlarını qorumuşdur”. Ümummilli li­der “...Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi xalqı öz ətrafında birləşdirərək, region dövlətləri ilə əlaqələ­ri möhkəmləndirərək böyük güclərin tə­cavüzünə qarşı müqavimət hərəkatına bacarıqla rəhbərlik” etmişdir (İ.Həbib­bəyli. Heydər Əliyev yolu: Naxçıvan re­allıqları // “Azərbaycan” qəzeti, 16 aprel 2014-cü il).

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,fəlsəfə elmləri doktoru

Siyasət