Freydin əbədi yuxusu...

post-img

4 Fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Nevrologiya, psixiatriya, psixologiya, parapsixologiya və psixoterapiyanın inkişafında çox böyük uğurlara imza atan məşhur alim Ziqmund Freydin həyatının son illəri amansız xəstəliklə mübarizə, iradə və dözüm baxımından yaddaqalan bir nümunədir. O, 1856-cı ildə Avstriya imperatorluğunun Freyburq şəhərində dünyaya gəlib və 4-5 yaşında ailəsi ilə birlikdə Vyanaya köçüb və həyatının, demək olar ki, çox böyük hissəsini həmin şəhərdə yaşayıb. Səkkiz uşaqdan ibarət böyük ailənin üzvü olan Ziqmund digər qardaş-bacılarından öz istedadı, bacarığı və iti ağlı ilə həmişə fərqlənib.

Dünya şöhrətli Ziqmund Freyd, sözün əsl məna­sında iradə və səbrin nəyə qadir olduğunun bariz nü­munəsini göstərib. 1923-cü ilin aprelində böyük alimin şəxsi həkimi Feliks Denta müayinə zamanı onun ağız boşluğunun sağ yarısında, damaq ilə çənənin birləş­diyi yerdə yara aşkara çıxarıb və onun çənə xərçəngi olduğu qənaətinə gəlib. Aparılan əlavə müayinələr diaqnozu təsdiqləyib. Təcili əməliyyat təyin olunub. İlk əməliyyatı onun şəxsi həkimi həyata keçirsə də, uğursuz alınıb. Az sonra şişin böyüməsi aşkarlanıb.

Altı ay sonra ikinci əməliyyat keçirilib. Həmin dövrün məşhur həkimi Rixler bir həftə fasilə ilə əməliyyatı iki mərhələdə aparıb. İlkin mərhələdə alt çənə tamamilə, damağın isə böyük bir hissəsi (ağız və burun boşluğunu ayıran bölgə) çıxarılıb. Həmin müddətdə o, burnundan qida borusunadək salınan xüsusi zond vasitəsilə qidalanıb. Yaralar sağalan­dan sonra növbəti mərhələdə Freydin qida qəbulu və danışa bilməsi üçün kəsilib götürülmüş əməliyyat sahəsinə süni protez yerləşdirilib. Ardıcıl aparılan əməliyyatlar fəsadsız ötüşsə də, ikinci əməliyyatdan sonra sağ qulağının eşitməsini itirib.

Xəstəliyi üzündən oxunan böyük alim bir gün qızı Annanı yanına çağırıb: “Nə qədər mən sağam, ölüm qorxusunun qəlbimə girməyinə əsla izn verməyə­cəyəm,” – deyib.

Freyd getdikcə ağırlaşan xəstəlik nəticəsində başlayan dəhşətli ağrılara dözərək ağrıkəsici kimi is­tifadə olunan narkotiklərdən imtina edib və ömrünün son 16 ilində 30-dan çox əməliyyat keçirib. 1933-cü ildə hakimiyyətə gələn Hitlerin ona olan mənfi mü­nasibətindən daha çətin və ağır vəziyyətə düşüb. 1936-cı ildə 80 yaşlı Freyd dünyanın hər bir yerindən ona ünvanlanan təbrik teleqramları və çiçək bağla­malarını alanda, gestapo hələ də öz çirkin əməllə­rindən əl çəkməmişdi. 1938-ci ildə Hitler Avstriyanı ilhaq edəndən sonra Freyd qatarla Fransaya, ora­dan da İngiltərəyə köçüb.

1938-ci ilin axırlarında əməliyyat sahəsində yeni bir yara açılıb. Çox götür-qoydan sonra daha bir əməliyyat aparılması qərara alınıb. Bu, onun həya­tında sayca 33-cü əməliyyat olub...

1939-cu ildə 83 yaşlı Ziqmund Freyd 16 il aman­sız xəstəliklə mübarizə aparandan sonra son məktu­bunu yazıb və əməliyyatdan qabaq ona baş çəkən həkiminə verərək deyib: “Sonun yaxınlaşdığını du­yuram. Bu məktubu son yolçuluğumda məni yalqız buraxmayan qızım Annaya verərsiniz. Amma rica edirəm, tələsməyin, vaxtı çatanda...”.

Təəssüf ki, həmin əməliyyat uğursuzluğa düçar olub, çünki xəstəlik qarşısıalınmaz dərəcədə inkişaf edərək bütün daxili orqanlara yayılmışdı. Əməliyyat­dan sonra ağır və dözülməz ağrılarla yaşayan Freyd yuxusunu və nitqini itirsə də, həkimi və qızı Anna bir an da olsun onun yanından çəkilməyiblər. 

Nəhayət, bir gün həkimi onun verdiyi kağız par­çasını ünvanına çatdırıb. Məktubda böyük alim əbə­di yuxuya getməyi üçün ona morfin vurulmasını xa­hiş edirdi...

O günədək narkotik almayan Freyd az miqdarda morfindən rahatlandı və çoxdan bəri həsrət qaldı­ğı yuxuya daldı. Bu, onun son yuxusu idi və Freyd 1939-cu il iyunun 23-də çəkdiyi ağrıları geridə qoya­raq əbədiyyətə üz tutdu...

Süleyman QARADAĞLI

Dünya