“Azərbaycana işləmək” ittihamı kimin sifarişidir?
Ermənistan yaşadığımız Cənubi Qafqaz regionunda böyük ekoloji təhlükə mənbəyidir. Bununla bağlı indiyədək çox yazılıb və deyilib, müxtəlif misallar çəkilib. Yazımızda birbaşa onların üzərində dayanmaq istəmirik. Mövzumuz bir qədər konkretdir.
Ancaq azərbaycanlı ekofəalların 2022-ci ilin dekabrından 2023-cü ilin aprelinədək Laçın–Xankəndi yolunun üzərində həyata keçirdikləri etiraz aksiyasının əhəmiyyətini vurğulamalıyıq. Məlum olduğu kimi, aksiya Qarabağdakı sabiq separatçı rejimə də böyük zərbə vurmuş, ümumən, Ermənistanın ekoloji terrorunun yaratdığı fəsadların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdı.
Deyəsən, Azərbaycanın ekoloji müstəvidə İrəvana qarşı apardığı fəaliyyət, yəni onun dövlət səviyyəsində ətraf mühitə vurduğu ziyanın ifşası istiqamətində gördüyü işlər Ermənistana da təsirini göstərib. Əlbəttə, erməni nəşri olan “Hraparak”ın yazdıqları sırf qeyd etdiyimiz xüsusda deyil. Nəşr aşkar təxribatçı mövqe tutmaqdadır. Ancaq onun ortaya çıxardığı bir həqiqət var – Ermənistan hakimiyyətinin ekologiyaya vurduğu ziyan ölkənin ətraf mühitlə bağlı qeyri-hökumət təşkilatlarını hərəkətə keçirib. Onlar özlərinin haqq səslərini ucaldırlar. Təəssüf doğuran məqam isə budur ki, “Hraparak” məsələni Azərbaycanın apardığı “anti-Ermənistan təbliğatının” nəticəsi kimi dəyərləndirir və ölkənin hüquq-mühafizə orqanlarını belə təmayüllərlə mübarizəyə çağırır. Təxribat da elə budur.
Bəli, “Hraparak” bildirir ki, Azərbaycan ekoloji problemlər pərdəsi altında, guya, Ermənistanın dağ-mədən sənayesinə qarşı sistemli mübarizəyə başlayıb. Ölkədəki bəzi ekoloji təşkilatlar isə prosesə töhfə verməkdədirlər: “İş o yerə çatıb ki, Azərbaycan erməni QHT-lərinin araşdırmalarına əsaslanaraq, Hayastanın Qafqazda fəlakətli ekoloji vəziyyət yaratdığına dair bəyanatlar səsləndirir, mədənlərimizin bağlanmasını tələb edir, hətta, Qarabağda və Şərqi Zəngəzurda ətraf mühitin və biomüxtəlifliyin məhvinə görə Ermənistana qarşı təzminat tələbi ilə məhkəmə iddiaları da qaldırır”.
“Hraparak” məqaləsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun söylədiklərindən də iqtibas gətirib. Qeyd edək ki, C.Bayramov bir müddət əvvəl Azərbaycan dövlətinin ölkəmizə dəymiş külli miqdarda ekoloji ziyana görə Ermənistana qarşı məhkəmə iddiası qaldırdığını bildirmişdi. O, tarixdə ilk dəfə Bern Konvensiyasına uyğun olaraq Ermənistanla əlaqədar arbitraj prosesinin başladıldığını diqqətə çatdırmışdı. “Hraparak” isə vurğulayır ki, erməni QHT-ləri xarici təşkilatlarla əməkdaşlıq edərək, habelə müsahibələr verməklə, bəyanatlar səsləndirməklə, “flora və faunanı, yaşayış yerlərini qorumaq məqsədilə” Bakının İrəvana qarşı hərəkatını dəstəkləyirlər.
“Hraparak” məqaləsində qızıl mədəni olan Amulsarın istifadəyə verilməsindən sonra Azərbaycan mediasında mədənin istismarının regionun təbiətinə, insanların səhhətinə ziyan vurmasına dair fikirlərin yayılmasına diqqət çəkir. Qəzet, eyni zamanda, həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın regionun yaşayış mühitinə və faunasına ciddi ziyan vurduğunu, təbii sərvətlərin istehlakına və biomüxtəlifliyin məhvinə səbəb olduğunu vurğulayan bəyanatla çıxış etdiyini xatırladır. Ən əsası isə nəşr bildirir ki, o zaman erməni QHT-ləri, demək olar ki, eyni məzmunlu bəyanatlar verməyə başlamışdılar.
Erməni qəzetində ölkəmizə məxsus ekoloji təşkilatların təmsilçilərinin fikirlərinə də yer verilib. Həmin fikirlərdə azərbaycanlı ekofəalların təşəbbüslərinin Ermənistanda da ciddi nəzərə alındığından, ölkənin ekoqurumları nümayəndələri tərəfindən ətraf mühitin korlanmasına qarşı etiraz səslərinin ucaldıldığından söz açılıb. Nəşr, bütün bunları nəzərə alaraq, erməni ekofəallara qarşı repressiv metodların seçilməsini təlqin edib. Qəzet onların, guya, Azərbaycan dövlətinə işlədiklərinə eyham vurmağa başlayıb. Doğrudur, media orqanı məsələni qəti şəkildə qoya bilmir. Heç şübhəsiz, sübutu yoxdur. Sadəcə, mənfi rəy formalaşdırmağa çalışır, necə deyərlər, şübhə toxumları səpir: “Biz erməni ekoloqlarının Azərbaycanla və Azərbaycan üçün işlədikləri barədə uzağa gedən nəticələr çıxarmaq istəmirik. Hesab edirik ki, Ermənistanın bu yaxınlarda yaradılmış Əks-Kəşfiyyat Xidməti və Milli Təhlükəsizlik Xidməti duruma maraq göstərməlidir. Onlar Ermənistanda fəaliyyət göstərən və bu yaxınlarda Amulsarın istismarına qarşı bəyanat verən 100-dən çox QHT-nin kimin maraqlarına xidmət etdiyini öyrənməlidirlər”.
Ümumən, Ermənistanın istər indiki, istərsə də əvvəlki hakimiyyətinin təmsilçiləri özlərinin şəxsi mənafeləri naminə müxtəlif faydalı qazıntı yataqlarının istismarı zamanı heç bir qayda gözləməyiblər. Ötən il erməni hökumətinin ABŞ şirkəti ilə birgə Naxçıvana yaxın bölgədə zavod tikintisi də bundan xəbər verməkdədir. Məlum olduğu kimi, Azərbaycanın ciddi ertirazından sonra zavodun başqa yerdə inşasına qərar verilmişdi. O da məlum idi ki, sözügedən müəssisənin tullantılarının çaya axıdılması nəzərdə tutulurdu. Həmin çay isə Azərbaycan ərazisinə axırdı.
Qeyd edək ki, işğal illərində ermənilərin Oxçuçayı çirkləndirdikləri də danılmaz həqiqətdir. Belə bir durumda Ermənistanda Azərbaycanın qəsdən Ermənistanın dağ-mədən sanayesinə zərbə vurduğuna dair fikirlərin gündəmə gəlməsi də təsadüfi sayılmamalıdır. Görünür, erməni iqtidarındakı və ona yaxın dairələrdəki şəxslər, necə deyərlər, kasıblaşıblar. Ona görə Azərbaycanın Ermənistana qarşı kampaniyası üzərində “şou” qurub, reallıqların təhrifinə baş vururlar. Əlbəttə, belələrini ekologiya, ətraf mühit əsla maraqlandırmır. İstəkləri asan qazanc əldə etməkdir...
Bəli, Ermənistanda müəyyən şəxslər bildirirlər ki, Azərbaycanın ekoloji müstəvidəki etirazı Ermənistanın inkişafının qarşısını almağa yönəlib. Bunu “Hraparak”a açıqlama verən Ermənistan Mədənçilər və Metallurqlar İttifaqının rəhbəri, Zəngəzur Mis-Molibden Kombinatının baş direktorunun birinci müavini Vardan Canyan da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın başlatdığı kampaniyanın məqsədi budur: “Azərbaycan arzulayır ki, Ermənistan iqtisadi artıma malik olmasın, hərbi baxımdan rəqibə çevrilməsin”.
Göründüyü kimi, xəstə hay cəmiyyətinin beyin qanaması keçirən təmsilçiləri Ermənistandakı pozitiv qüvvələrə qarşı demarş yolu tuturlar. Onlar fərqinə varmırlar ki, üzərində gəzdikləri torpağı, nəfəslərinə çəkdikləri havanı qorumaq lazımdır. Təbilətlərinə heyvani instinktlərin hakim kəsildiyi bu məxluqlar üçün yalnız ambisiya var. “Hraparak”ın qopardığı şivən də, əslində, şivəndir, erməni avantürizminin təzahür formasıdır.
Ə.RÜSTƏMOV
XQ