“Dəmir İpək yolu”nda daşımalar 5 milyon tona çatdırılacaq

post-img

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas seqmentlərindən sayılan Bakı–Tbilisi–Qars (BTQ) layihəsi üzrə tədbirlər davam edir. Orta Dəhlizin polad magistralının Gürcüstan ərazisindən keçən hissəsinin genişləndirilməsi işləri bir neçə aya başa çatacaq. Bununla da, BTQ üzrə buraxılış gücü 1 milyon tondan 5 milyon tona qədər artırılacaq.

Bu fikirləri “Azərbaycan Dəmir Yolları” Qapa­lı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Arif Ağayev Brüsseldə Avropa İttifaqı – Mərkəzi Asiya Nəqliyyat Əlaqəsi üzrə İnvestorlar Foru­munda çıxışı zamanı səsləndirib. “Azərbaycan Dəmir Yolları”nın şəffaf qiymət siyasətinin müəy­yən olunması, infrastruktur üzrə məhdudiyyət­lərin aradan qaldırılması, yüklərin vaxtında və təhlükəsiz çatdırılması istiqamətində beynəlxalq dəhlizlərin iştirakçıları ilə fəal əməkdaşlıq etdiyi­ni bildirən A.Ağayev deyib ki, Azərbaycan Orta Dəhliz üzrə ən vacib ölkələrdən biridir və nəqliy­yat infrastrukturunun inkişafına iri həcmli investi­siyalar qoyur. “Orta Dəhlizin iştirakçıları arasında əsas və strateji yüklər üçün məlumat mübadiləsi­ni qurmaq və proqnozlaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıs­tanın dəmir yolları arasında ortamüddətli planla­ma xidməti qurulub. Bu xidmət dəhliz vasitəsilə daşımaların həcminin artması zamanı qovşaqlar arasında tranzit axınları bərabər paylamağa im­kan verir”, – deyə o, əlavə edib.

Məlum olduğu kimi, Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu qurumları tərəfindən birgə müəssisə yaradılıb. Brüsseldə keçirilən Avropa İttifaqı – Mərkəzi Asiya Nəqliyyat Əlaqəsi üzrə İn­vestorlar Forumunda bu barədə məlumat verən Arif Ağayev deyib ki, bundan məqsəd “bir pən­cərə” prinsipi üzrə xidmət göstərmək və müştəri məmnunluğunu təmin etməkdir. 

A.Ağayev onu da diqqətə çatdırıb ki, Ələt Li­manında tranzit yük əməliyyatlarının sürətləndi­rilməsi və təyinatı üzrə göndərilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Xəzər Dəniz Gəmiciliyi” qapalı səhmdar cəmiy­yətləri, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən birgə əməliyyatların idarə edil­məsi xidməti təşkil edilib. Bununla yanaşı, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan–Gürcüstan marşrutunda qatarların mənzil başına çatıb-qayıtma müddəti xeyli azaldılıb.

Qeyd edək ki, Avropa İttifaqı – Mərkəzi Asiya Nəqliyyat Əlaqəsi üzrə İnvestorların Brüssel Forumu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Av­ropa ilə Mərkəzi Asiya arasında multimodal, müasir, rəqabətqabiliyyətli, rəqəmsal və daha sürətli marş­ruta çevirmək, Orta Dəhliz üzrə fəaliyyəti və inves­tisiyaları koordinasiya etməklə regionda nəqliyyat əlaqəsini gücləndirmək məqsədilə keçirilib.

Yeri gəlmişkən, Azərbaycan hökuməti Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstandan keçən 183 kilometrlik hissəsinin ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına, təxminən, 140 milyon dollar vəsait ayırıb. “Azərbaycan Dəmir Yolları” QSC, əsasən, mürəkkəb coğrafi relyefə malik ərazilərdən keçən yolda təmir-bərpa, re­konstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçılar cəlb edib. Ötən müddətdə dəmir yolunun inşası tamamlanıb, xətlər elektrikləş­dirilib. Bununla yanaşı, yol boyu 12 stansiyada elektrik təchizatı, rabitə və işarəvermə qurğuları­nın, stansiya işçiləri üçün inzibatı binaların, müa­sir köməkçi kommunikasiya işləri başa çatdırılıb.

Xatırladaq ki, 2017-ci ildə istifadəyə verilmiş sözügedən dəmir yolu xəttinin çətin relyefli dağ­lıq və meşəlik ərazidən keçən Marabda–Kartsaxi sahəsində aparılan təmir-bərpa işləri yol təsərrü­fatının sağlamlaşdırılması, onun buraxıcılıq gü­cünün artırılması və hərəkətin təhlükəzliyi baxı­mından həyata keçirilən tədbirlərdir. BTQ-nin Gürcüstan hissəsində aparılan genişləndirmə işləri nəticə etibarilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılma­sında mühüm rol oynayacaq. Belə ki, Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-ın regional nəqliyyat şəbəkəsindəki əhə­miyyətini daha da önə çıxarır.

Ümumi uzunluğu 826 kilometr təşkil edən BTQ-nin 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu isə sözügedən dəmir yolunun ölkəmi­zin ən mühüm nəqliyyat infrastrukturu olduğunu deməyə əsas verir. Təsadüfi deyil ki, Pezident İl­ham Əliyev Bakı–Tbilisi–Qars dəmir yolunu tarixi və strateji əhəmiyyətli layihə kimi dəyərləndirib. Eyni zamanda, layihə Azərbaycan üçün siyasi, iqtisadi və strateji baхımdan da xüsusi əhəmiy­yət daşıyır. Hər şeydən əvvəl, ölkəmiz bu marş­rut vasitəsilə beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanı qazanıb. Belə ki, dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür. Azərbaycanın iq­tisadi inkişafına mühüm töhfələr verən BTQ, həm də ölkəmizin tranzit imkanlarını xeyli artırıb.

Regionun ən böyük yol infrastrkturlarından sayılan bu nəhəng layihənin maliyyələşdiril­məsində ölkəmiz önəmli rol oynayıb. Belə ki, ABŞ və Avropa Birliyi Ermənistan amilinə görə layihəyə qarşı çıxaraq onun maliyyələşdirilmə­sindən imtina etdikləri üçün Azərbaycan tikinti­nin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu Gürcüstana ildə 1 faiz dərəcəsi ilə 25 il müddətinə 220 milyon dollar kredit ay­rılıb. Bütövlükdə isə, BTQ-nin tikintisinin maliy­yələşdirilməsinə Azərbaycan Respublikası Döv­lət Neft Fondunun xətti ilə indiyədək təqribən 745 milyon dollar vəsait yönəldilib. Türkiyə hökuməti isə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 mil­yon dollar ayırıb.

2017-ci il sentyabrın 7-də Tbilisidən Axal­kalakiyə gedən ilk sınaq sərnişin qatarının yola salınması ilə istismarına başlanılan Bakı–Tbilisi–Qars dəmir yolu ilə Asiyadakı məhsulların 15 gün müddətində Avropaya çatdırılması mümkündür. Bütövlükdə isə, polad magistralla növbəti illərdə 3 milyon sərnişin və 17 milyon ton yük daşınması nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat