BCM-in Roma Statutu Ermənistanda qüvvəyə mindi
Ötən ilin oktyabrında Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri Sarkis Xandanyan bildirmişdi ki, hələ ki vaxt var, Rusiya Ermənistanla Roma Statutundan yan keçməklə bağlı saziş imzalaya bilər. Amma dünəndən vaxtı bitmiş saymaq olar. Çünki Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistanda rəsmən qüvvəyə mindi.
Əvvəla, onu deyək ki, Ermənistan sənədə qoşulmaq baxımından Şərqi Avropa qrupunda 19-cu, dünyada isə 124-cü ölkədir. Xandanyanın aylar əvvəl haqqında söz açdığı sazişə gəldikdə isə heç şübhəsiz, belə bir təklifin irəli sürülməsi manipulyasiya idi. Ermənistan parlamentinin spikeri Alen Simonyan sonradan bu manipulyasiyanın ayrı-ayrı tərəflərinə aydınlıq gətirdi və onun sözlərindən belə çıxdı ki, İrəvan Roma Statutu mövzusunda Moskva ilə məzələnir.
Əlbəttə, Rusiya üçün Ermənistan qatarı gedib və onu hansısa müqavilə ilə geri qaytarmaq mümkünsüz görünür. Roma Statutunun ratifikasiyası isə obrazlı desək, qatarın daha yüksək sürət yığmasıdır. Xandanyan və Simonyan isə Kremlə vaqonlardan birinə çatmağı məsləhət görərkən siyasi tərbiyəsizlik ediblər. Məşhur Azərbaycan filmi “O olmasın, bu olsun”da deyildiyi kimi, “mənə meymun deməyin az deyil, hələ bir əl də verirsən?”
Bəli, rəsmi Moskva İrəvanın BCM-in Roma Əsasnaməsini ratifikasiya etməsini, bu məhkəmə instansiyasının Rusiya rəhbərliyinə qarşı qeyri-qanuni saydığı qərarları fonunda, qəbuledilməz adlandırıb. Bu barədə, eyni zamanda, S.Xandanyanın səsləndirdiyi təkliflə əlaqədar digər məqamlardan söz açacağıq.
Problemin mahiyyəti isə ondadır ki, BCM Rusiya Prezidenti Vladimir Putinin və digər ölkə rəsmilərinin həbsinə order verib. Deməli, artıq V.Putun Ermənistan ərazisinə daxil olsa, tutulacaq. Yəqin, bunun nə demək olduğunu təsəvvür edirsiniz. Yəni, tarixən Cənubi Qafqazla bağlı olan Rusiya dövlətinin liderinin regionun ölkələrindən birinə ayaq basa bilməməsi adi hadisə qismində dəyərləndirilməməlidir. Hər halda, Ermənistanın necə bir odla oynadığının əlavə sübuta ehtiyacı yoxdur...
Əlqərəz, 2023-cü ilin sentyabrında Ermənistan parlamentinin Dövlət hüquq məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Vardanyan bəyan edib ki, BCM-nin Roma Əsasnaməsinin 98-ci maddəsi sənədin ratifikasiyasından sonra Ermənistan – Rusiya münasibətlərinə təhlükəni aradan qaldırmağa imkan verir. O, qanunun həmin maddəsi əsasında, ABŞ vətəndaşlarına məhkəmənin yurisdiksiyasından toxunulmazlığa zəmanət verən ikitərəfli sazişlərin bağlanması üzrə Amerika praktikasına toxunub. Vardanyan xatırladıb ki, Ermənistan artıq bu maddə əsasında ABŞ-la müqavilə imzalayıb və sənəddə məhkəmənin prioritetini tanımaq istəməyən ölkələrlə analoji sazişlərin bağlanması qadağan edilmir.
Lakin həmin ilin oktyabrında Rusiya Federasiyası Xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib ki, Moskva İrəvanın Roma Əsasnaməsinin ratifikasiyasından sonra məsələlərin həlli üçün saziş bağlamaq ideyasını ciddi qəbul etmir. Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistanın sənədin qəbulundan çəkinəcəyini gözləyirdi, çünki BCM-in qaydaları Roma Nizamnaməsini imzalamayan ölkələr üçün də bu məhkəmənin xidmətlərinə müraciət imkanlarını tanıyır. Yəni, Roma Statutunu ratifikasiya etmədən belə BCM-yə üz tutmaq mümkündür. Qaluzinin söylədiklərindən çıxan yekun qənaət: Ermənistan sırf siyasi mahiyyətli qərar verir, Qərbin anti-Rusiya cəbhəsinə sadiqlik nümayiş etdirir...
Bundan əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan BCM-in Roma Əsasnaməsini ratifikasiya etmək qərarına ona görə gəlib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsilçilik və Ermənistan – Rusiya tərəfdaşlığına dair sənədlər respublikanın təhlükəsizliyinin təminatı üçün yetərsizdir. Baş nazirin fikrini dolayısı ilə parlamentin spikeri Alen Simonyan da təsdiqləyib. O, Azərbaycanı nəzərdə tutaraq, “Ermənistana qarşı hərbi cinayətlər törədilib və törədilir” deyə fikir bildirib. Ümumən, erməni rəsmilərin dediklərindən belə çıxır ki, Roma Əsasnaməsinin ratifikasiyası İrəvana Bakını beynəlxalq məhkəmələrə çəkmək üçün dividend qazandıracaq...
Ümumən onu da bildirək ki, Rusiya tərəfi indiyədək Ermənistanın sənədi ratifikasiya planlarını bəyənmədiyini dəfələrlə vurğulayıb. Məsələn, aylar öncə ölkənin Xarici İşlər Nazirliyindəki mənbə RİA Novostiyə bildirmişdi ki, Moskva İrəvanın Roma Əsasnaməsinə qoşulmaq planlarını Rusiya rəhbərliyinə qarşı qanunsuz məhkəmə “əmrləri” fonunda qəbuledilməz sayır. Mənbə onu da vurğulamışdı ki, erməni həmkarlarına Rusiya ilə ikitərəfli münasibətlər üçün mümkün addımların mənfi nəticələri barədə xəbərdarlıq edilib.
Rusiyanın Roma Statutuna etirazı fonunda daha bir cəhətə diqqət yetirək. Belə ki, 2023-cü il sentyabrın 8-də Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və orada səfirə İrəvanın bir sıra “dostluqdan kənar addımlar”ı, o cümlədən, Roma Statutunun ratifikasiyası prosesinin başlanmasının zərərləri izah olunub.
Bundan başqa, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın BCM-in Roma Əsasnaməsini ratifikasiya prosesini, Ukrayna ilə təmaslarını və Ermənistanın ABŞ-la keçirdiyi təlimləri şərh edərkən bildirib ki, rəsmi İrəvan bu cür addımlarla Vaşinqtonun və Brüsselin Rusiyaya qarşı düşmənçilik siyasətini davam etdirməsinə əlverişli şərait yaradır..
Qeyd edək ki, Ermənistan parlamenti ötən il oktyabrın 3-də Roma Statutunu ratifikasiya edib. Hakim “Vətəndaş sazişi” Partiyasının 60 deputatı BCM-ə qoşulmağa səs verib. Parlamentdə təmsil olunan müxalifət qüvvələri sənədin ratifikasiyasının əleyhinə çıxıblar. Məsələn, “Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi Artsvik Minasyan bildirib ki, Roma Əsasnaməsinin ratifikasiyası proseduru ölkə konstitusiyasına ziddir və onu təsdiq edən hakim partiyadan olan deputatlar öz səlahiyyətlərini aşıblar. Digər müxalif “Mənim şərəfim” fraksiyasının lideri Hayk Mamicanyan da prosesi konstitusiyaya zidd adlandırıb. O, aydınlaşdırıb ki, hələ 2004-cü ildə Ermənistan konstitusiya məhkəməsi Roma Statutunu ölkənin əsas qanunlarına uyğunsuz saymışdı. Mamicanyanın fikrincə, Konstitusiya Məhkəməsinin qərarları qəti olub və qurumun yenidən eyni məsələyə qayıtması yolverilməzdir.
Ancaq məlum olduğu kimi, ötən ilin aprelində, yəni parlamentin ratifikasiyasından əvvəl Konstitusiya məhkəməsi Roma Statutunun Ermənistanın yurisdiksiyasına uyğunluğuna dair qərar çıxarmışdı. Beləliklə, ratifikasiyaya doğru yol başlanmışdı.
Yeri gəlmişkən, Ermənistanda Roma Statutuna qarşı çıxanlar arasında ölkənin keçmiş prezidenti Serj Sarkisyanın Respublika partiyası da var. Bu partiya bildirib ki, hakimiyyətin hazırkı geosiyasi şəraitdə sənədi ratifikasiya qərarı gözlənilməz nəticələrlə doludur. Çünki partiya BCM-in çox siyasiləşmiş qurum olduğu qənaətindədir.
Sarkisyanın partiyası, həmçinin, BCM-in nizamnaməsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – ABŞ, Çin və Rusiya kimi güclü dövlətlər tərəfindən ratifikasiya olunmadığına diqqət çəkib və bəyan edib ki, Roma Əsasnaməsinin qəbulu Ermənistan – Rusiya münasibətlərinə çox ağır zərbə vuracaq.
Ə.CAHANGİROĞLU
XQ