SSRİ-nin dağılmasından sonra birdən-birə dünyanın üzünə geniş açılmış qapılarımızı ABŞ-dan, Fransadan, Almaniyadan ... olan “demokratlar” döyməyə başlamışdılar. Zarafat deyildi, 15 respublika imperiya caynağından çıxmışdı. Bu məqamı əldən vermək olmazdı. Amma çox təəssüflər ki, müstəqillik qazandığımız təxminən 30 illik bir dövrdə ABŞ və Fransa “demokratiyasının” hər üzünü gördük. Odur ki, bu gün əlimiz üzümüzdə heyrətdən donub qalmışıq: budurmu bunların, konkrtet olaraq Fransanın bizə vermək istədiyi “demokratiya”?
İndi biz bir yana, məlum olur ki, Fransa heç öz ərazisində demokratiyanı tətbiq etmək, xalqlara azadlıq, müstəqillik vermək niyyətində deyil. Ümumiyyətlə, bu gün beynəlxalq ekspertlər hesab edirlər ki, Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkədir. Ötən dövrün tarixinə Fransa adını qara qanla yazdırıb – amansız soyqırımları törədib, insanları vəhşicəsinə qətlə yetirib, milyonlarla insana qarşı kölələşdirmə siyasəti aparıb.
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə bildirib ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq şəhidlərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya dövlətlərindən və digər ölkələrdən üzr istəməli olduğunu qeyd edib.
Fransanın 1524-cü ildən başlanan müstəmləkəçiliyi Afrikanın 35 faizini əhatə edib. Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr Fransanın qul ticarəti mərkəzləri kimi istifadə olunub, bölgənin bütün resursları istismar edilib. Əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalı həyatını itirib. Bəşər tarixinin ən böyük soyqırımlarından olan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu üzə çıxıb. 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı gündür. Bu soyqırımında milyonlarla müsəlman əlcəzairli məhv edilib.
İndi Fransa müstəmləkələri azadlıq, müstəqillik uğrunda mübarizəyə başlayıblar. Bir sıra Afrika dövlətləri Fransa qoşunlarının ölkədən çıxarılmasına nail olublar. Ölkənin daxilindəki xalqlar da azadlıq mübarizəsinə qoşulmaqdadırlar. Artıq korsikalılar öz hüquqlarını bərpa etmək üçün “Naziona” hərəkatı yaradıblar. Bu yeni müstəqillik hərəkatının yüzə yaxın üzvü və tərəfdarı yanvarın 30-da Korsikanın Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirərək, bir neçə gün əvvəl iki fəalının polis tərəfindən həbs olunmasına etiraz edib. “Corse Matin” qəzetinin yazdığına görə, etiraz aksiyasında Bastia bələdiyyəsinin üzvləri, o cümlədən, bələdiyyə sədri Pyer Savelli, onun müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə müşaviri Lauda Guidiçelli də iştirak ediblər. Cəmi bir neçə gün əvvəl – yanvarın 28-də yaradılmış “Naziona” hərəkatı həbs edilmiş iki üzvünə dəstək verdiyini açıqlayıb və Bastia polis idarəsindən onların azad edilməsini istəyiblər.
Hərəkatın bununla bağlı yaydığı və mətbuatda dərc edilmiş bəyanatında deyilir: “Biz liderlərimizin həbs edilməsini ən sərt şəkildə qınayırıq: qapılar sındırılıb, evlər dağıdılıb, atalar uşaqlarının gözləri qarşısında yerə yıxılaraq, alçaldılaraq həbs ediliblər”.
“Patriotti” təşkilatı özünün “Facebook” səhifəsində polisin fəallardan birinin evinə vəhşicəsinə hücum edərək, qapıları sındırdığını nümayiş etdirən fotolar yerləşdirib: “Bu səhər “Naziona” hərəkatının Baş Assambleyasının təsis edilməsinə Fransa dövləti təxribatla cavab verdi. Bu həbslər Fransanın öz xalqı uğrunda mübarizə aparan korsikalılara qarşı 254 illik repressiyasının bir hissəsidir. “Naziona” təxribatlara cavab verəcək!” – deyə nəşr yazıb.
Xatırladaq ki, Bastia kommunasındakı etiraz aksiyası zamanı nümayişçilər yeni hərəkata qarşı hökumətin aqressiv həbs və repressiya üsullarını pisləyiblər. Aksiyada iştirak edən “Naziona” hərəkatının ərazi şurasının üzvü Jozefa Cakometti Piredda fəalların həbsini qınayıb. “Təhdid və təxribatlar qəbuledilməzdir. Lakin onlar öz məqsədlərinə nail ola bilmədilər. Biz sakit və israrlıyıq”, – Piredda bildirib.
Bundan əlavə, bir sıra digər təşkilatlar da hökumətin yeni yaranmış hərəkata qarşı aqressiv siyasətini, üzvlərin qeyri-qanuni olaraq həbsini və polis qüvvələrinin zorakı hərəkətlərini pisləyiblər. Korsika İşçiləri İttifaqı (Sindicatu di i Travagliadori Corsi - STC) də "Naziona" hərəkatını dəstəklədiyini bəyan edib: “Paris repressiyaların səviyyəsini artırmaqla Korsikadakı azadlıq və demokratiya ab-havasını zəiflətmək istəyir. Ölkəmizdə davamlı sülhün bərqərar olması üçün bu çirkin manipulyasiyalara dərhal son qoyulmalıdır”.
Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Fransanın müstəmləkəçilik siyasətini dəfələrlə pisləyib. Bakıda bununla bağlı böyük konfrans baş tutub. Bakı təşəbbüs qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak ediblər.
Çıxış edənlər Fransanın müstəmləkəsi altında olan dövlətlərdə və ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması barədə faktları diqqətə çatdırıblar. Bakı təşəbbüs qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
P.ƏMİRCANOV
XQ