Paşinyanın açıqlaması bölgənin inkişafına maneədir

post-img

Ermənistanın baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.

Bu fikirləri XİN-in mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş nazirinin “ordu” günündə səsləndirdiyi fikirlərə dair yerli medianın sualına ca­vabında bildirib.

O qeyd edib ki, Azərbaycan tərə­finin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusi­yasında, qanunvericilik orqanının bir sıra qərarlarında, müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında Azərbaycanın ərazi bü­tövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. 

Ermənistanın 30 il ərzində məhz tərəf olduğu ərazi bütövlüyümüzün və suverenliyimizin tanındığı beynəlxalq müqavilələr və silahlara nəzarət mexa­nizmləri çərçivəsində öhdəliklərini ko­bud şəkildə pozduğu, Azərbaycana qar­şı təcavüz törətdiyi, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi hər kəsə məlumdur.

“Qeyd edilənləri, habelə baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandı­ğını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh pro­sesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. 

Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir”, – deyə Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, yanvarın 28-də Er­mənistanın baş naziri Nikol Paşinyan “ordu” günü ilə əlaqədar çıxışı zama­nı, ölkəmizə qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdik­lərini bildirib. 

XQ

Siyasət