Avropa diplomatiyasının başçısı Borel Cənubi Qafqazda sülh və əmin-amanlıq axtarışı səylərini baltalayır

post-img

Cozef Borelin Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı mövqeyi birtərəfli və qərəzlidir, hətta onu qeyri-adekvat da adlandırmaq olar.

Bu fikirləri  müsahibəsində tarixçi-qafqazşünas, tarix elmləri namizədi Oleq Kuznetsov yanvarın 22-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin bəyanatını şərh edərkən bildirib. Həmin bəyanatda növbəti dəfə Ermənistanın ərazi bütövlüyü məsələsi qaldırılır və vurğulanır ki, “Ermənistanın suverenliyinin hər hansı şəkildə pozulması Brüssel ilə Bakı arasında münasibətlərdə ciddi fəsadlar doğuracaq”.

Agentliyin müsahibi bununla bağlı deyib: “Cənab Borelin Ermənistanın ərazi bütövlüyü haqqında fikirləri anlaşılmazdır, bu məsələ öz həllindən uzaqdır və nizamlanmayıb. Ermənistanın dörd qonşusundan yalnız biri - Türkiyə ilə sərhəd məsələsi həll olunub və bu, 1921-ci il Qars müqaviləsində öz əksini tapıb. İrəvan digər iki qonşusuna - Azərbaycana və Gürcüstana qarşı onilliklər ərzində daim ərazi iddiaları irəli sürüb, onlarla sərhəd xətti müəyyən olunmayıb və qeydə alınmayıb. Ona görə də bu ölkənin ərazi bütövlüyünün nədən ibarət olduğu müəyyən edilməyib və nizama salınmayıb. Cənab Borelin rəhbərlik etdiyi Avropa diplomatiyası beynəlxalq hüquq reallıqlarından, həmin şərtlərin olmadığı halda isə tərəflərin öz ziddiyyətlərini sülh yolu ilə həll etmək istəyindən çıxış etməlidir. O, əvvəlcə etiraf etməlidir ki, Ermənistanın ərazi bütövlüyü təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla razılaşmalardan asılıdır və bu məsələyə təkcə Ermənistanın qonşularından birinin tərəfinə diqqət yetirməklə deyil, kompleks şəkildə yanaşmaq lazımdır. Məhz bu cür mövqe ölçülüb-biçilmiş və adekvat olacaq, cənab Borelin indi bizə nümayiş etdirdiyi yanaşma deyil. Amma hələ ki, onun mövqeyi birtərəfli və qərəzlidir, hətta onu qeyri-adekvat da adlandırmaq olar”.

O.Kuznetsovun sözlərinə görə, cənab Borelin Ermənistana münasibətdə qeyri-dostcasına addımlar atılacağı təqdirdə rəsmi Bakının ünvanına səsləndirdiyi təhdid onun qeyri-adekvat olduğunu göstərir. Ekspert əlavə edib: “O, birmənalı olaraq belə bir obyektiv reallığı etiraf etmək istəmir ki, Azərbaycan və Ermənistan faktiki olaraq hələ də müharibə vəziyyətindədir, onların arasında hətta atəşkəs də yoxdur, yalnız atəşkəs razılaşması var. Nəticə etibarilə həm de-yure, həm də faktiki olaraq iki ölkə bir-biri ilə nə dost, nə də yaxşı qonşudur və bu gün onlar yalnız son üç onillikdə içində olduqları silahlı qarşıdurmadan çıxış yolu axtarırlar. Və cənab Borel sülh və harmoniya axtarışında tərəflərin səylərini təşviq etmək əvəzinə, öz bəyanatları ilə bu səyləri baltalayır, başlayan dialoqun tərəflərindən birinə təzyiq göstərməyə çalışır. Vicdanlı və məsuliyyətli siyasətçilər bu cür hərəkət etməməlidir, lakin nə onun özünün, nə də beynəlxalq aləmdə təmsil etdiyi Avropa Birliyinin belə bir reputasiyası yoxdur. Obyektivlik, dürüstlük və qərəzsizlik ona xas olan xüsusiyyətlər deyil”.

Ümumilikdə, O.Kuznetsovun fikrincə, Avropa diplomatiyasının başçısının dünənki bəyanatında prinsipcə heç bir yenilik və ya əvvəllər deyilməyən fikir yoxdur. “Borelin bəyanatlarının onun özünün də parlaq nümayəndəsi olduğu Avropa İttifaqının transmilli bürokratiyasının maraqlarına tamamilə zidd olması sadəcə təəccüb doğurardı”, -deyə o vurğulayıb.

Rusiyalı tarixçi sonda deyib: “Cənab Borelin yerində olsaydım, Azərbaycanı təhdid etməzdim və Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə ona “Qarabağ irsi” korbağırsağından qurtulmağa imkan verəcək və orada yenidən yaradılan Dördüncü respublikanı təkrarən sivil ölkələr sırasına daxil edəcək konstitusiya islahatı təşəbbüsünü hər cür dəstəkləyərdim. Diplomatın səriştəsi və peşəkarlığı real təzahürü hələ baş verməmiş və ehtimal olunan mənfi hallara diqqətin cəmlənməsində deyil, əslində yaxşı işlərdən ibarət olan məhz belə məsələlərdə özünü büruzə verir. Hərçənd, Avropa "bağ"ından kənarda yalnız cəngəllik görən insan üçün dünyaya belə bir baxış alışılan və təbiidir, elə onun problemi də bundan ibarətdir. Qarşıdurma və təcavüz bunkerində gizlənərək özünü günəşi və səmanı görmək imkanından məhrum edən insan üçün dünyada yaşamaq çətindir”.

Siyasət