Peterlərin “narahatlıqları” nəyə hesablanıb?

post-img

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər bir sıra mühüm sahələri əhatə edir. 30 ildən artıqdır ki, rəsmi Bakı “Köhnə dünya” ilə münasibətlərinin dinamik inkişaf etməsi üçün zəruri addımları atır. Qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş bu siyasətin yürüdülməsi Avropanın da maraqlarına uyğundur və ittifaqın bir çox ölkəsi ilə imzalanmış strateji əməkdaşlıq sazişləri də buna sübutdur.

Ancaq İkinci Qarabağ müharibə­sindən sonra avropalılarda səlibçi ins­tinktinin oyanması müşahidə edilir. 30 illik erməni işğalına göz yuman Avropa Azərbaycanı yersiz məsələlərdə ittiham etməyə çalışır və təkəbbür dolu, uy­durma bəyanatlar səsləndirir. Bütün bu hərəkətlər bir daha göstərir ki, Avropada demokratiya yalnız “Köhnə dünya”nın maraqlarına uyğun gələndə gündəmə gəlir və avropalıların “demokratiyası” ədalətlə, beynəlxalq qanunlarla hər han­sı bir əlaqəsi yoxdur.

Niyə belə düşünürük? Çünki ciddi əsaslarımız var, axı ədalət hamı üçün olmalıdır. Ermənistan 30 il Azərbaycan torpaqlarını viran qoydu, 1 milyon azər­baycanlını qaçqın etdi, tarixi, dini mədə­niyyət abidələrini dağıtdı, amma bütün illər ərzində özünü “bəşəri dəyərlərin qorucusu” adlandıran Avropa, sadəcə, növbətçi bəyanatlar səsləndirməklə ki­fayətləndi. Azad edilmiş torpaqlara baş çəkən əcnəbilər də erməni vandaliz­minin izlərini görəndə dəhşətə gəlirlər. Ağdam şəhərini Xerosima ilə müqayisə edən xarici ölkə vətəndaşları da ermə­nilərin Azərbaycana qarşı tarixdə bən­zərsiz vəhşiliklər törətdiklərini öz gözləri ilə görmüşdülər.

Xristianlıqda da Allahın evinə qarşı mötədil davranmağı tövsiyə edilir. Amma xristian ermənilər 30 il ərzində Azərbay­canın işğal etdikləri ərazilərində rast gəldikləri bütün məscidlərə qarşı təhqi­ramiz hərəkətlərə yol verdilər. Məcsidləri tövləyə çevirən ermənilərin bu barbarlı­ğı “Köhnə dünya”da hər hansı bir reak­siya doğurmadı. Əksinə, bəzi avropalı rəsmilər erməni vandalizmini qınamaq əvəzinə, erməni saxtakarlığını müdafiə etməyə başladılar. Burada da ikili stan­dartları müşahidə edirik. Son zamanlar Avropa İttifaqı nümayəndələrinin Azər­baycanla bağlı səsləndirdikləri əsassız bəyanatlar bunu təsdiqləyir.

Məsələn, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Pe­ter Stano yenə də əsassız iddialara yol verir. Bu avropalı məmur hələ də köhnə valı fırladır. Erməni mətbuatına müsahi­bəsində P.Stano bildirib ki, “Aİ Azərbay­cana Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifa­də edir”. Maraqlıdır, P.Stano Azərbay­can rəhbərliyinin bu məsələ ilə bəya­natlarını eşitmirmi? Axı Prezident İlham Əliyev yanvarın 10-da yerli televisiya kanallarına müsahibəsində açıq şəkildə bildirdi ki, Azərbaycanın Ermənistana hücum etmək planı olmayıb: “Bizi itti­ham edirlər ki, biz Ermənistana hücum etmək istəyirik. İstəsəydik, girərdik, lap axıra qədər gedərdik”.

Amma P.Stano “narahatlığını” bil­dirərək, sanki ermənilərin xoşuna gəl­məyə çalışır, belə təəssürat yaratmağa çalışır ki, guya, Ermənistan təhlükə qar­şısındadır və bu təhlükənin “ünvanı” da Azərbaycandır.

Əslində, avropalı məmurun “narahat­lığı” ermənilərə olan segvisilə bağlı deyil. Dünən məlum oldu ki, Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir. Məlu­mata görə, missiya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlaya­caq. Bu məlumat avropalı məmurlarının “narahatlığının” səbəbini açıqlayır. Er­mənistana “hücum təhlükəsi”ndən istifa­də edərək, Aİ Azərbaycanla sərhədyanı ərazilərdə varlığını artırır. Azərbaycan isə, sadəcə, bəhanədir. Avropa burada da öz siyasi məqsədlərini güdür, Azər­baycan–Ermənistan xalqları arasında münasibətləri yaxşılaşdırmaq əvəzinə, regionda məqsədlərinə çatmağı hədəf­ləyir.

Digər Peter də adaşı ilə eyni trekdədir. Söhbət Avropa İttifaqının Azərbaycanda­kı nümayəndəliyinin rəhbəri Peter Mixal­kodan gedir. Bu məmur da başından yuxarı hoppanaraq Azərbaycanı ittiham etməyə çalışır. Özünün “X” səhifəsin­də yazır: “Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalın­da qandallanmış, şüşə qəfəslərə salın­mış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər məni dəhşətə gətirdi”. Burada bilmirsən, ağ­layasan, ya güləsən? Görəsən, Avropa­nın mədəniyyət mərkəzi adlandırdıqları Parisin mərkəzində polis dəyənəyindən pay alan media nümayəndələri bu mə­murun dediklərini ciddi qəbul edirlərmi? Əslində, P.Mixalkonu ermənilərin Azər­baycana qarşı apardığı mina terroru­nun nəticələri dəhşətə gətirməlidir. Bu avropalı məmur da gözəl bilir ki, 2021-ci ilin iyununda 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətinə qayıdan Kəlbəcər rayonunda AzTV telekanalının operatoru Sirac Abışov və AZƏRTAC xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov mina partlayışından həlak olublar. Həmin minaları da əraziyə Aİ-nin “əzabkeş kimi qələmə verdikləri və hər fürsətdə müdafiə etməyə çalışdıqları er­məni terrorçuları tərəfindən qoyulmuşdu. Həmin faciə baş verəndə P.Mixalkonun mina terrorunu həyata keçirən Ermənis­tanı qınamağa cəsarəti çatmamışdı. O, yalnız bu terrorun qurbanlarına başsağ­lığı verməklə kifayətlənmişdi.

Maraqlıdır ki, Avropa rəsmiləri Er­mənistanda hakimiyyətin media nü­mayəndələrinə qarşı təzyiqlərindən, məhkəmə hüquqlarının pozulmasından narahat olmurlar. Halbuki İrəvanda belə haqsızlar baş alıb gedir. Məhkəmə çə­kişmələri, rəsmi nümayəndələrin me­dia nümayəndələrinə qarşı aşağılayıcı hərəkət etməsi gündəmdən düşmür. Amma Nikol Paşinyanın “demokrati­yasını” məqbul hesab edən avropalı məmurlar belə qanunsuzluqlara göz yumur, “hücumlardan” dəm vururlar. Görünür, ölkəsində bir məscid belə ol­mayan slovakiyalı P.Mixalko üçün belə sayaqlamalar daha münasibdir.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət