Onun heç nəyə yaramadığını, deyəsən, İrəvanda da dərk etməyə başlayıblar
Fransa hökumətinin və parlamentinin 44 günlük Vətən müharibəsi dövründən başlanan anti-Azərbaycan siyasəti davam edir. Bu siyasət son vaxtlar sistemli və ardıcıl xarakter alıb. Sanki ölkədə kimlərsə qarşılarına “ermənilərdən daha artıq erməni olmağı” məqsəd qoyub. Yanvarın 17-də bu istiqamətdə növbəti addım atılıb. Parlamentin yuxarı palatası – Senat Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib, həmçinin “Dağlıq Qarabağda hərbi əməliyyat keçirməsi (?) ilə əlaqədar” Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb. İclas parlamentin saytında yayımlanıb. Qətnamə layihəsinin lehinə 336 senator, əleyhinə 1 senator səs verib. Ümumən iclasda 339 senator iştirak edib. Yeri gəlmişkən, qeyd edək ki, Senatın 348 üzvü var.
Azərbaycanla bağlı qərəzli, birtərəfli və əsassız qətnamə 2023-cü il dekabrın 1-də müzakirəyə təklif olunmuşdu. Həmin gün qanunverici orqanın saytında yerləşdirilmiş layihədə Senat Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş, həmçinin, lokal xarakterli antiterror tədbirlərinə görə Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırmışdı.
Hazırda qətnamə müəllifləri “Avropa İttifaqının Azərbaycanla münasibətlərinə tam yenidən baxılmasına” və “Azərbaycandan neft-qaz tədarükünə embarqo qoyulması”na çağırış ediblər. Kağız parçasının mətnində Zəngəzur dəhlizindən də bəhs olunub və bu zaman senatorlar Fransanın Ermənistanın ərazi bütövlüyünə sadiqliyini xatırladıblar. Onlar, həmçinin, ermənilərin Qarabağa geri qayıtmaq hüququnun təmin edilməsi üçün təminatlar istəyiblər.
Qətnamə sonadək qərəzli məzmunda və böhtan atmaq ruhundadır. Orada Ermənistanı və Azərbaycanı sülhə, barışığa səsləyən bir cümlə də yoxdur. Bütün sətirlərdə haqq nahaqqın ayağına verilib. Milli devizi “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransa Respublikasının qanunverici orqanı üzvlərinin bu mövqeyi sadəcə, təəssüf doğurur.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Bəyanatda Senatın qətnaməsinin “Beşinci Respublika”da fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin, onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə qəbul edildiyi vurğulanıb.
Komitə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini kəskin pisləyərək, Azərbaycan Respublikası Hökumətinə Fransa ilə əməkdaşlığın bir sıra istiqamətlərinə yenidən baxmaqla bağlı çağırış edib.
Fransa Senatının üzvü Natali Qule də “Report”un yerli bürosuna açıqlamasında qətnamənin ölkədəki erməni diasporuna xoş gəlmək üçün qəbul edildiyini bildirib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin tənzimlənməsinin vacib olduğu hazırkı mərhələdə bu addımın atılması yersizdir: “Ermənistan COP29-un Bakıda keçirilməsinin lehinə səs verib. Fransa Senatının qəbul etdiyi qətnamə ikitərəfli münasibətlərə xələl gətirir. Bu qərar Fransanı sülhün bərpa olunması kontekstində etibarlı tərəfdaş kimi istisna edir. Sənəd yalnız erməni diasporunu sevindirmək üçün qəbul edilib”.
Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, parlamentin fəxri deputatı Jerom Lambert də Senatın qətnaməsini pisləyib. Assosiasiyanın yaydığı bəyanatda J.Lambert qətnamənin qisasçılıq ruhunda yazıldığını bildirib: “Bu gün dialoq yolu ilə sülhün təmin edilməsinə çalışılmalıdır. Bunun əvəzində Senatın qəbul etdiyi mətn qisas almaq çağırışına bənzəyir. Beynəlxalq hüquqdan, ölkəmizin dünyanın bu regionundakı maraqlarından danışarkən, təəssüf ki, Senat heç bir müsbət rol oynamaq istəmir. Öz ölkələrindən daha çox ekstremist olan erməni diasporunun lobbiçiliyi bizi bu gün çox səhv istiqamətə sürükləyir”.
O bildirib ki, belə qətnamələr dünyada sülhə mane olur, separatizmə yol açır: “Qətnamə Azərbaycanla Ermənistan arasında dialoqa, Fransa–Azərbaycan dostluq əlaqələrinn bərpasına böyük zərbə vurur”.
Eyni zamanda, Qərbi Azərbaycan İcması da Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın suveren ərazisində antiterror tədbirləri keçirməyə görə heç kimdən icazə almadığı qeyd olunur. Bu mənada Fransa Senatının öz yerini bilməli olduğu vurğulanır.
Bu arada qeyd edək ki, Senatın qətnaməsi Ermənistanda, necə deyərlər, toy-bayramla qarşılanmayıb. Siyasi ekspertlər, partiyalar da onu, az qala, sükutla qarşılayıblar və sənədə dair heç bir müsbət fikir səsləndirməyiblər. Bloger Natali Aleksanyan “Facebook”da yazıb: “Fransa Senatı Qarabağ ermənilərinin qaytarılması ilə bağlı qətnamə qəbul edib. Xatırladım ki, həmin Senatın qəbul etdiyi digər qətnaməyə görə, “Artsax” müstəqil dövlətdir. Bəs bu qəbul olunmuş sənədin dəyəri nə idi? Hava şarı! Fransa Senatı mənasız hava şarı qəbul etmişdi. İndi o, ikinci şarı qəbul edib”.
Aleksanyan qeyd edib ki, əslində, sadə bir həqiqəti başa düşmək lazımdır – Qarabağ ermənilərinin qaytarılmasına dair qərarları Azərbaycan özü verəcək: “Yəni, Qarabağla bağlı Azərbaycanın rəyini nəzərə almadan verilən qərarlar sadəcə olaraq köpükdür. Fransa fransız senatorlar bunu dərk etmirlərsə, heç olmasa cəmiyyətimiz dərk etsin”.
Rusiyalı politoloq, tarix elmləri namizədi Georgi Bovt isə Ermənistan mətbuatına müsahibəsində Senatın qəbul etdiyi qətnamənin ümumavropa səviyyəsində dəstəklənməyəcəyini bildirib. O qeyd edib ki, əvvəla, Fransa Ermənistanla xüsusi münasibətə malik olması ilə tanınır: “Bu, sırf tarixən belə alınıb. İkincisi, hamı başa düşür ki, bu, real tələb deyil. Avropa İttifaqı Azərbaycanla mübahisə etməyəcək və qarşıdurmaya getməyəcək. Ona görə də fransızlar belə qətnamələr qəbul edə bilərlər, lakin bu sənədlər ümumavropa səviyyəsində qəbul olunmayacaq”.
Bundan əlavə, politoloq Aİ ilə Azərbaycan arasında heç bir qarşıdurma müşahidə etmədiyini vurğulayıb. Qeyd edib ki, bu, sadəcə olaraq tənqid oyunudur, müəyyən həddi var və Azərbaycana qarşı sanksiyalar tətbiq edilməyəcək.
Göründüyü kimi, fransız senatorların qəbul etdikləri sənədin əhəmiyyətsiz kağız parçası olmasını artıq Fransada və Ermənistanda da anlamağa başlayıblar. Parisin atdığı bu addımların Azərbaycanın mövqeyinə təsir edə bilməyəcəyini, əksinə bumeranq effekti verəcəyini siyasi ekspertlər dilə gətirirlər. Zaman keçdikcə belə düşünənlərin sayının artacağı istisna deyil. Senatın qətnaməsinin İrəvanda “ölüm sükutu” ilə qarşılanması fransız siyasətçilərinə aydın ismarış olmalıdır. Eyni zamanda, Parisdə anlamalıdırlar ki, onun təşəbbüsləri Aİ tərəfindən də dəstəklənməyəcək və Azərbaycan atılan hər bir addıma dərhal adekvat cavab verəcək. Bundan itirən isə “Beşinci Respublika” olacaq.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
– Fransa yanlış Cənubi Qafqaz siyasətini nəinki korrektə etmək istəmir, əksinə Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edir. Parisin ölkəmiz əleyhinə siyasəti, əsasən, Makronun 2017-ci ildə prezident seçilməsindən sonra başlayıb. O vaxtadək isə Yelisey sarayı Bakı və İrəvan arasında balansı qorumağa çalışır, özünü neytral vasitəçi kimi göstərirdi. Ancaq Makronun seçilməsindən sonra zahiri neytrallıq da aradan qaldırıldı. Fransızlar İkinci Qarabağ müharibəsi zamanı qatı ermənipərəst mövqe ortaya qoydular. 2020-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul olunmasına bir neçə dəfə cəhd etdilər. Amma ölkəmizin dostları buna imkan vermədilər.
Lokal xarakterli antiterror tədbirlərindən sonra anti-Azərbaycan siyasəti daha geniş vüsət alıb. Fransanın siyasi mərkəzləri “ermənidən daha çox erməni olmağa” çalışır. Fransa Senatı artıq ikinci dəfədir ki, Azərbaycana qarşı qətnamə qəbul edir. Bundan öncəkini 2022-ci ilin noyabr ayında qəbul etmişdi. Əvvəlki qətnamə də indiki ilə eyni xarakterli, eyni məzmunlu idi. Fransızlar üstündən 14 ay keçdikdən sonra onunla kifayətlənmədiklərini göstərdilər və yeni qətnamə qəbul etdilər. Özü də yekdilliklə. Cəmi bir nəfər əleyhinə olub. Bu o deməkdir ki, Fransada bütün siyasi mərkəzlər, bütün siyasətçilər anti-Azərbaycan mövqedədirlər. Ya ədalətli mövqedən çıxış etmək imkanları yoxdur, ya da bunu istəmirlər.
Azərbaycan parlamentinin komitəsi haqlı olaraq bəyanat qəbul edib. Mən də aylardır bu fikirdəyəm ki, Fransa ilə siyasi və iqtisadi münasibətlərə yenidən baxmaq lazımdır. Çünki Paris siyasətini korrektə etmək istəmir. Fransa dünyada bəlkə də tək ölkədir ki, onun anti-Azərbaycan siyasəti sistemli xarakter alıb. Digər siyasi mərkəzlər də bu illər ərzində Azərbaycan əleyhinə müəyyən açıqlamalar veriblər. Amma hər halda onlar sonra mövqelərindən geriyə doğru bir addım atıblar, siyasətlərinə düzəliş aparıblar. Fransa isə bunların heç birini etmir. Əksinə, münasibətləri gərginləşdirmək xətti götürür. Belə çıxır ki, bu, təkcə Makronun siyasəti deyil, Fransadakı bütün siyasi mərkəzlərin, partiyaların ümumi xəttidir. Biz də qərarımızı verməliyik. Milli Məclisin bəyanatı adekvat cavabdır. Üstəlik, biz “Total Energies” şirkəti ilə bağlı qərar vermək məcburiyyətindəyik.
“Total Energies” təkcə Fransanın deyil, dünyanın neft və qaz hasil edən ən böyük şirkətlərindən biridir. Şirkət planetimizin bütün qitələrində 130-dan çox ölkədə fəaliyyət göstərir. “Abşeron” qaz yatağında böyük paya sahibdir. İndi “Total Energies” yatağın işlənməsindən gəlir əldə edəcək və həmin gəlirin böyük hissəsi Fransanın dövlət büdcəsinə gedəcək. Fransa isə ölkəmiz əleyhinə qətnamələr qəbul edəcək, anti-Azərbaycan mövqeyini davam etdirəcək. Bu isə uyğunsuzluqdur. Odur ki, biz “Total Energies” şirkəti ilə bağlı da qərar vermək məcburiyyətindəyik.
Səxavət HƏMİD
XQ