Azərbaycanın Qvatemaladakı səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş Prezidenti Bernardo Arevalo de Leonun andiçmə mərasimində iştirak edib.
Səfirlikdən bildirilib ki, paytaxt Qvatemalada Migel Anxel Asturias adına Mədəniyyət Mərkəzində keçirilmiş andiçmə mərasimi zamanı M.Talıbov Qvatemalanın yeni dövlət başçısına Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini və səmimi salamlarını çatdırıb. Bu il Qvatemala ilə ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən səfir iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafına inamını ifadə edib.
Təşəkkürünü bildirən Qvatemala Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Prezident B.Arevalo hakimiyyət keçidinin heç də asan olmadığını qeyd edərək, Azərbaycan hökumətinin bu mərasimdə təmsil olunduğuna görə səfirə təşəkkür edib, həmçinin Qvatemala ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.
Eyni zamanda, andiçmə mərasimindən bir gün öncə keçmiş Prezident Alexandro Ciammatei tərəfindən təşkil edilən vida mərasiminə qatılan M.Talıbov sabiq dövlət başçısına Azərbaycan Prezidentinin salamlarını çatdıraraq, onun prezidentliyi müddətində ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib.
Prezident A.Ciammatei öz növbəsində təşəkkürünü bildirərək, onun da salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Eyni zamanda, Qvatemalanın yeni xarici əlaqələr naziri Karlos Ramiro Martines ilə Məmməd Talıbov arasında keçirilmiş görüş zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi potensialı müzakirə edilib.