Azərbaycan regional ekoloji infrastrukturun inkişafına mühüm töhfələr verəcək– RƏY

post-img

Yaxın gələcəkdə 100-dən çox ölkədən 80 minə yaxın insanın iştirak edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasında Azərbaycan dünyanın diqqət mərkəzinə çevriləcək. COP29-un ölkəmizdə keçirilməsi yüksək siyasi əhəmiyyət kəsb edir və təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri üçün müəyyən çağırışlar və imkanlar yaradır. Bu tarixi hadisə ölkənin iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətini vurğulamaqla yanaşı, onun davamlı inkişaf üçün qlobal strategiyaların formalaşdırılmasında iştirakı üçün yeni imkanlar açacaq.

Bu fikirləri beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov COP29-un əhəmiyyətini şərh edərkən dedi. 

Analitik bildirdi ki, dünya ictimaiyyətinin etimadının və Azərbaycanın beynəlxalq səviyyədə hazırkı uğurunun ilk göstəricilərindən biri Ermənistan və Bolqarıstanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsidir: “Cari ilin 15 dekabr tarixində COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Bu, bir daha onu göstərir ki, ölkə başçısı Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində qüvvələri daim səfərbər edir, xalqımızın gələcək təminatı üçün tarixi addımlar atır”.  

Dəmirov qeyd etdi ki, COP29-a töhfəsi üçün potensial və perspektivləri genişdir və eləcə də ölkəmizdə bu tədbirin təşkili müəyyən siyasi motivlərlə bağlıdır: “COP29-un Azərbaycanda təşkili üçün əsas siyasi motivlərdən biri ölkənin istixana qazlarının emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi üzrə qlobal təşəbbüslərdə fəal iştirakı, karbon izlərini azaltması və qlobal səylərə töhfə verməsidir. 

Enerji diversifikasiyası siyasəti digər mühüm amildir. Təbii ehtiyatlarla zəngin olan Azərbaycan günəş və külək enerjisi kimi alternativ enerji mənbələrini də fəal şəkildə inkişaf etdirir. Bu, təkcə emissiyaların azaldılmasına kömək etmir, həm də ölkənin neft və qaz qiymətlərindəki dəyişikliklərə qarşı dayanıqlığını artırır. Bu strategiyalar, təbii ki, Azərbaycanın iqlimlə bağlı tədbirlərə ev sahibliyi etmək üçün cəlbedici namizədə çevirilməsinə ciddi töfhə verir. COP29 platformasının Azərbaycanda təşkili həm də ölkənin Qafqaz və Xəzər dənizi regionunda iqlim məsələlərinin müzakirəsi və əlaqələndirilməsi mərkəzinə çevrilmək potensiyalını əks etdirir. Bu təşəbbüs ölkələr arasında təcrübə və qabaqcıl texnologiyaların mübadiləsinə, onların davamlı inkişaf sahəsində əməkdaşlığının gücləndirilməsinə kömək edir”.

M.Dəmirov onu da bildirdi ki, Azərbaycanın bölgədəki siyasi statusu da çox mühüm rol oynayır. Ölkəmiz müxtəlif beynəlxalq təşəbbüslərin əsas iştirakçısıdır və strateji geosiyasi mövqeyə malikdir. Bəzi xarici media mənbələri Ermənistanın Azərbaycanın xeyrinə namizədliyini geri götürməsini Ermənistanın xoş niyyəti ilə əlaqələndirir. Təbii ki, bu qərarın sülhyönümlü motivlərinə inanmaq istərdik. Əlbəttə ki, belə olsaydı, bu, regionun gələcəyi üçün ciddi addım olardı. Amma təəssüflər olsun ki, təcrübə və Ermənistan siyasətinin real mənzərəsi göstərir ki, xoş niyyət Ermənistanda aparıcı qüvvə deyil. Hesab edirik ki, Ermənistanın belə ciddi tədbirlər keçirmək üçün potensialı yoxdur. Çünki Ermənistan məhdud iqtisadi resurslara malik və enerji infrastrukturunda çətinlikləri olan ölkədir. Regional münaqişələr və geosiyasi gərginlik şəraitində ölkə iri beynəlxalq tədbirlərin təşkilində əlavə çətinliklərlə üzləşə bilər. Azərbaycan isə enerji lideri kimi alternativ enerji mənbələri sahəsində inkişaf etmiş infrastruktura və təcrübəyə malikdir ki, bu da yaşıl tədbirlərin təşkilini asanlaşdırır. 

“COP29-un Azərbaycanda keçirilməsi təkcə siyasi baxımdan əhəmiyyətli olmayacaq, həm də regional ekoloji infrastrukturun inkişafına töhfə verəcək. Bu, ölkənin regionda ekoloji ekspertiza və texnoloji inkişaf mərkəzinə çevrilməsinə imkan verəcək. Beləliklə, Azərbaycan COP29 təşkilatına ev sahibliyi etməklə nəinki dünyada siyasi əhəmiyyətini artırır, həm də iqlim dəyişikliyi ilə mübarizədə qlobal liderlər sırasına fəal şəkildə qoşulur. Bu tədbir ölkə tarixinə mühüm hadisə kimi qeyd olunaraq, Azərbaycanın innovasiyalara, əməkdaşlığa sadiqliyini və planetimiz üçün davamlı gələcəyin formalaşdırılmasında fəal rolunu vurğulayacaq”, - deyə analitik bildirdi.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət