Zəfərin ilk addımı: YAP öz namizədini irəli sürdü

post-img

Seçim etməli olan insan ­bilməlidir ki, o, iki variantdan birini seçə bilər – ya keçmişin xeyrinə seçim edər, ya da gələcəyin!

Salvador Maddi

Salvador Maddinin bu sözlərinin ekzistensial-psixoloji mənası geniş və dərindir. Onun siyasi interpretasiyası isə daha maraqlıdır. Hər bir seçici siyasi seçimi gələcəyin xeyrinə etdiyini necə duya bilər? Bu suala cavablar da müxtəlifdir. Lakin, məncə, əsas olanı seçicinin güvəndiyi, etibar etdiyi və arxasınca getməyə hazır olduğu liderin xeyrinə seçim etməsi elə gələcəyin xeyrinə olan seçimdir! Burada alimlərin vurğuladıqları həyəcan, risk, qeyri-müəyyənlik arxa plana keçir. Çünki həmin faktorlar həmişə və hər yerdə vardır. Həm də bunu bilərək seçimi arxasınca gedə bildiyin, güvəndiyin və “etibarlılıq krediti” (E.Hollander) yüksək olan liderə səs versən, gələcəyin xeyrinə seçim etmiş olursan! Xatırladaq ki, siyasətçinin “etibarlılıq krediti”,  qeyri-standart (o cümlədən, böhranlı, riskli) situasiyalarda uğurlu fəaliyyəti ilə ölçülür.

Zəfərlərdən – zəfərlərə 

Seçki mövzusu müstəqil dövlət üçün həmişə aktualdır. Azərbaycanda keçirilən seçkilərin təcrübəsi göstərir ki, bu sahədə böyük tərəqqiyə nail olunmuşdur. Müasir Azərbaycan Respublikası tarixi baxımdan qısa bir müddətdə çox sınaqlardan keçmiş, bəzən çətinliklərlə mübarizə aparmışdır. 

Lakin ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra, bütün sahələrdə olduğu kimi, seçkinin təşkili və uğurla keçirilməsində də köklü dəyişikliklərə nail oldu. Heydər Əliyev, faktiki olaraq, müasir şəraitdə gənc, müstəqil və totalitar rejimdə 70 il mövcud olmağa məhkum olunmuş, çox çətin regional şəraitdə suverenliyini təmin etməyə çalışan dövlətə yeni seçki mədəniyyəti gətirmişdir. 

Bu proses 1993-cü ilin payızından başlamışdır. 1998-ci ildə artıq yeni Konstitusiya əsasında daha şəffaf və demokratik seçki təşkil edilmişdir. 2003-cü ildən isə həm seçki prosesində, həm də ölkəyə rəhbərlikdə yeni mərhələ başlamışdır. 2018-ci il son Prezident seçkisində İlham Əliyev 86, 02 faiz səslə dövlət başçısı seçilmişdir.  

Əlbəttə, bu seçkilərin hər birinin əhəmiyyəti şübhəsizdir və müstəqil Azərbaycan Respublikası üçün ciddi uğurdur. Ancaq 2024-cü ilin fevralında keçirilməsi nəzərdə tutulan növbədənkənar Prezident seçkisinin əhəmiyyəti və strateji hədəfləri xüsusi məna daşıyır. Bu, yalnız seçki deyildir, həm də Azərbaycanın uğurlarının, qazandığı zəfərlərin tarixi təsbiti və təsdiqidir. Azərbaycan Avrasiya məkanında indi müşahidə etdiyimiz yüksəkliyə qalxa bilən yeganə müstəqil dövlətdir! Və bunun memarı XXI əsrin yeni liderlərindən olan İlham Əliyevdir!

Yeni Azərbacyan Partiyasının (YAP) 2024-cü ilin fevralın 7-də olacaq Prezident seçkilərinə öz namizədini irəli sürməsini yazımızda belə başlamağa tam haqqımız vardır. Çünki məhz YAP-ı Azərbaycana müasir mərhələdə yüksək seçki mədəniyyətini qazandırmış ulu öndər Heydər Əliyev yaratmış, ilk lideri olmuş və eyni zamanda, hazırda böyük uğurla partiya ilə yanaşı, Azərbaycan Respublikasına liderlik edən İlham Əliyev onun siyasi varisidir! 

Məhz YAP-ın qurucusu və əbədi lideri Azərbaycanda yeganə olaraq Ümummilli liderliyə yüksəlmişdir! 

Məhz YAP-ın indiki sədri bütün Azərbaycanın lideri olduğunu, Böyük Millət Quruculuğu prosesini başladığını, hərb meydanında müzəffərliyini, müstəqil dövlət quruculuğunda böyük nailiyyətlər əldə etdiyini və bütün Türk dünyası üçün liderliyini qəbul etdirən şəxsiyyət olduğunu təsdiqləmişdir! 

Bütün bunlara və indi konkret müraciət etmək imkanında olmadığımız digər faktlara görə, YAP-ın namizəd irəli sürməsini bütün Azərbaycan toplumu üçün tarixi məna daşıdığını dərk etmək və qiymətləndirmək lazımdır! Bəli, YAP yalnız Azərbaycan Respublikası cəmiyyətinin deyil, bütün dünyada yaşayan hər bir azərbaycanlının qəlbində olan namizədi irəli sürmüşdür – İlham Əliyevi!

Seçki fenomeni: Azərbaycan nümunəsi

Məsələnin siyasi-nəzəri aspekti daha maraqlıdır. İndi Azərbaycanda dünya ökələrində çox nadir rast gəlinən bir mərhələ başlamışdır: sosial həmrəylik seçki həmrəyliyinə keçid etmişdir! Nəzəri-siyasi baxımdan bu, maraqlı fenomendir. Məsələ ondan ibarətdir ki, sürətlə dəyişən müasir tarixi mərhələdə konkret bir ölkədə sosial həmrəyliyə nail olmaq mürəkkəb prosesdir. Hətta, dünyanın ən inkişaf etmiş ölkələrində belə buna nail ola bilmirlər. Nümunə kimi, Avropa İttifaqı dövlətlərini göstərmək olar. Yurgen Habermas kimi görkəmli filosof Aİ-də həmrəyliyin fəlsəfi modelini axtarmaqdadır. XXI əsrin ilk onilliklərində alman filosof yazırdı ki, avropalılar Aİ daxilində səmərəli sosial-siyasi həmrəylik modelini tapmayana qədər bu təşkilatın siyasi aqibəti qeyri-müəyyəndir. Brexsit bunu təsdiq etdi. 

Hazırda Aİ-nin ayrı-ayrı ölkələrində ideoloji və siyasi qarşıdurmalar, neofaşit, islamofobiya, ultra millətçilik, radikal solçuluq və sağçılıq və sair kimi dağıdıcı, ayırıcı tendensiyalar getdikcə güclənir. Siyasi populizm cəmiyyətləri parçalayır. 

Belə bir şəraitdə hansısa seçki həmrəyliyindən danışmaq mümkün deyildir. Əksinə, seçki öncəsi və gedişində radikal proseslər baş alıb gedir. ABŞ-da keçirilmiş son prezident seçkiləri buna əyani nümunə ola bilər. Orada qarşıdurmalar o qədər kəskinləşdi ki, bir sıra politoloqlar istehza ilə sual etdilər: “Bura Amerikadır?”

Fransa ayrıca bir siyasi populizm hekayəsidir. Orada da son prezident seçkilərində aləm bir-birinə qarışmışdı. 

Belə çıxır ki, demokratiya və liberalizmdən danışsalar da, avropalılar seçkidə həmrəylikdən, dinc gedişatı təşkil etməkdən uzaqdırlar! 

Vurğuladığımız faktların fonunda Azərbaycanda 2018-ci ildə keçirilən və gələn il keçiriləcək seçkiyə münasibətdə ciddi fərq görürük. Xüsusilə, 2024-cü ildə olacaq növbdənkənar Prezident seçkiləri ərəfəsi ölkədə mövcud olan əhval-ruhiyyə çox böyük nikbinlik yaradır. 

Azərbaycan yüksək səviyyədə sosial-siyasi həmrəyliyə nail olmuş ölkədir. Burada cəmiyyət tam olaraq Prezidentini dəstəkləyir. II Qarabağ savaşının gedişi və ondan sonra başlanan postmüharibə mərhələsi xalqın İlham Əliyevə inamını, etibarını, güvəncini yeni yüksəkliyə qaldırdı! 

İlham Əliyev ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Davamlı uğurlu və orijinal siyasi-diplomatik addımları ilə Azərbaycanın geosiyasi nüfuzunu daha da yüksəltdi, təsirinin əhatə dairəsini genişləndirdi, ölkəmizi regionun söz sahibi etdi.  

İlham Əliyev xalqı, milləti, hər bir azərbaycanlını yüksək dərəcədə qiymətləndirdiyini bir addımı ilə növbəti dəfə sübut etdi. Prezident 2 Azərbaycan əsgərini əsirlikdən qurtarmaq üçün ağır hərbi cinayətlər törətmiş 32 erməni silahlısını qaytardı! Bu, bir Prezidentin öz vətəndaşlarına verdiyi qiymət və yüksək dəyərdir! İlham Əliyev iyirmi il bundan əvvəl dövlət başçısı kimi and içəndə “mən hər bir azərbaycanlının Prezidenti olacağam!” vədinə tam əməl edir! YAP-ın namizədi bu cür yüksək liderlik qüdrətinə, mənəvi-əxlaqi keyfiyyətlərə, ədalət və mərhəmət hissinə malik böyük şəxsiyyətdir!

Deməli, bizim “seçki həmrəyliyi” adlandırdığımız siyasi, sosial və ideoloji xarakterli fenomen birbaşa lham Əliyevin əldə etdiyi uğurdur. Bu tezisin fonunda sosial həmrəylikdən seçki həmrəliyi transformasiyasının siyasi-nəzəri və fəlsəfi mənasını dərk etmək olar. Belə görünür ki, seçki həmrəyliyinin Aərbaycan münunəsi birbaşa Prezdentin idarəçilik və liderlik fəaliyyəti ilə bağlıdır. Konkret əldə etdiyi uğurlar sayəsində Azərbaycan Prezidenti bütün toplumu ətrafında birləşdirə bilmiş və siyasi-ideoloji konsolidasiyaya nail olmuşdur. Azərbaycanda sosial-ideoloji həmrəyliyin seçki həmrəyliyinə keçidində bu faktlar başlıca rol oynamışdır. 

Seçki həmrəyliyi nədir?

Bu anlayış cəmiyyətin bütün sosial kəsimləri ilə yanaşı, siyasi palitrasının da açıq və ya gizli, sözlü və ya sözsüz bir siyasətçinin liderliyini qəbul etməsini ifadə edir. Və o dərəcədə qəbul edir ki, seçkidə məhz onun qalib olacağına seçkidən öncə inanır, əmin olur. Burada maraqlı bir siyasi vəziyyət formalaşır. 

Bir tərəfdən, istənilən siyasi qüvvənin seçkidə iştirakına heç bir maneə yoxdur. Hər bir partiya qanun çərçivəsində öz namizədini irəli sürə bilər. Digər tərəfdən isə namizədin özü qalib gələ bilməyəcəyini bəri başdan duyur. 

Doğrudan da bu, siyasi, ideoloji və psixoloji baxımdan maraqlı hadisədir. Əlbəttə, alternativlik prinsipi tam ödəniləcək. Əlbəttə, öz şanslarını sınayacaq siyasilər olacaqlar. Və əlbəttə, seçki tam şəffaf və demokratik keçəcək! Bunda ən çox maraqlı olan da YAP-ın namizədidir! 

Deməli, burada siyasi təcrübə toplamaq baxımından seçkidə uduzanlar da çox faydalanacaqlar. Onlar nadir halda rast gəlinən bütün cəmiyyəti əhatə edən seçki həmrəyliyi şəraitində təbliğat prosesini necə aparmağı sınaqdan keçirəcəklər. Bu təcrübə nə zamansa, kimlərəsə başqa situasiyada faydalı ola bilər. 

Eyni zamanda, seçki həmrəyliyi politoloji araşdırmalar üçün yeni nümunələr verəcək. Bu fenomenin elmi dərki olduqca faydalıdır!

Ən böyük dərsi isə bütövlükdə, Azərbaycan siyasi səhnəsində qalmaq istəyənlər çıxarmalıdırlar: Azərbaycanda seçkidə uğur qazanmağın bircə yolu 
var – konkret müsbət nəticəli və milli dövlətçiliyə xidmət edən fəaliyyət göstərmək! Artıq nə Azərbaycandakı seçki mədəniyyəti, nə xalq, nə Konstitusiya, nə də müasir reallıq başqa variantı qəbul etmir. Hər bir Azərbaycan siyasətçisi bu aksiomu qəbul etməlidir!

Füzuli Qurbanov,
XQ-nin analitiki,  
fəlsəfə elmləri doktoru

 



Siyasət