Dünya sülhün əlindən tutur!

post-img

Bakı və İrəvanın sülhə dair birgə açıqlaması beynəlxalq aləmdə geniş rezonans doğurub

Çoxdan gözlənilən hadisə baş verdi. Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyinə etdiyi sülh çağırışları, vasitəçisiz dialoq təklifləri, ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində xoşməramlı jestləri, nəhayət, öz bəhrəsini verdi. İrəvan Bakı ilə ortaq məxrəcə gəlməkdən başqa yolunun olmadığını başa düşdü və siyasi iradə nümayiş etdirərək, ilk addımını atdı. Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatı arasında qəbul olunmuş birgə açıqlamanı məhz bu kontekstdə dəyərləndirmək daha doğru olar. İki ölkə arasında əldə olunacaq sülhün müjdəçisi sayıla biləcək birgə açıqlamanın tarixi əhəmiyyətini dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar da təqdir edir və bu təşəbbüsü dəstəklədiklərini bildirirlər. 

Vaşinqton 

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni əsirin azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda vacib etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı Cənubi Qafqaz xalqlarına daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq”.  

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin Bakı və İrəvanın məlum birgə açıqlaması ilə bağlı verdiyi bəyanatında deyilir. Ağ ev təmsilçisi daha sonra yazıb: “Birləşmiş Ştatlar bölgədə davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”.

Ankara 

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş naziri aparatının birgə açıqlamasını alqışlayaraq, əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyib.

Bu barədə qardaş ölkənin xarici siyasət idarəsinin “Azərbaycanla Ermənistan arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarı” adlı bəyanatında qeyd olunur. Bəyanatda deyilir: “Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan baş nazirinin aparatının birgə açıqlamasında elan edilmiş iki ölkə arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarını alqışlayır; etimadı artıran əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh razılaşmasının ən qısa zamanda imzalanmasını diləyirik”.

Moskva

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Bakı və İrəvan arasında Ermənistan və Azərbaycan hərbçilərinin qarşılıqlı azad edilməsinə dair razılaşmanı şərh edərkən bildirib:  “Rusiya ardıcıl olaraq saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi ideyasını irəli sürür. Bu, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları üçtərəfli bəyanatlara uyğundur. Bu, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində yeni imkanlar açır. Biz bundan sonra da nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh sazşinin imzalanması və vətəndaş cəmiyyəti vasitəsilə təmaslara hər cür yardım göstərməyə hazırıq”.

Berlin 

Almaniya Federal Hakimiyyətinin nümayəndəsi Şteffan Hebestrayt hökumət adından Azərbaycan və Ermənistanı “atdıqları cəsarətli addımlar və etimadın möhkəmləndirilməsi səyləri” münasibətilə təbrik edib. Cənab Hebestrayt “X” sosial şəbəkəsində paylaşdığı mətndə daha sonra qeyd edib: “Biz suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləməyə hazırıq”.    

Bern 

Avstriya Xarici İşlər Nazirliyi özünün rəsmi “X” platformasında rəsmi Bakı və İrəvanın birgə açıqlamasını Cənubi Qafqazda sülhə və təhlükəsizliyə doğru atılan addım kimi dəyərləndirib. “Biz Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyətləri barədə birgə açıqlamasını alqışlayırıq. Bu, bütövlükdə, Cənubi Qafqazın sabitliyinə, təhlükəsizliyinə və rifahına təkan vermiş olacaq. Avstriya Avropa İttifaqı ilə birlikdə bu səyləri dəstəkləməyə hazırdır”.

Riqa

Azərbaycan və Ermənistanın birgə bəyanatı bu ölkələrin münasibətləri normallaşdırmaq niyyətini təsdiq edir. Bu sözləri Latviyanın xarici işlər naziri Krişjanis Karinş sosial platformadakı paylaşımında yazıb. 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın birgə bəyanatı bütün region və onun hüdudlarından kənarda etimad və sülhə doğru atılmış vacib addımdır: “Bu, Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh müqaviləsinə nail olmaq niyyətini bir daha təsdiq edir”.

Tbilisi 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatı arasında əldə olunan xoşməramlı anlaşmaya qonşu Gürcüstandan da reaksiyalar eşidilməkdədir. Bu ölkənin tanınmış siyasi eksperti Giorgi Goqua hesab edir ki, Azərbaycan tərəfinin 32 erməni əsgərini əsir düşmüş iki hərbçisinə dəyişməsi ölkə rəhbərliyinin hər bir vətəndaşına verdiyi qiymətin göstəricisidir. Ekspert hesab edir ki, tərəflərin yaxında sülh müqaviləsi imzalayacayı hiss olunur: “Hər iki ölkənin diplomatları da mövqelərini uzlaşdırmağa hazırdırlar. Sülh müqaviləsinin imzalanması ilə Azərbaycan regionun güclənməsi ilə yanaşı, Ermənistanı da düşdüyü bataqlıqdan xilas etmək istəyir”.  Siyasi bloger Giorgi Caxaya isə əsirlərin dəyişdirilməsi prosesini şərh edərkən ömürlük həbs cəzasına məhkum olunmuş Hüseyn Axundovun azadlığa qovuşacağını “Ermənistan tərəfdən həqiqi sülhə doğru atılan mühüm addım” kimi qiymətləndirib: “Bu, onu sübut edir ki, istəyəndə ortaq dil tapmaq mümkündür. Fikrimizcə, baş verənlər sülh müqaviləsi ilə yekunlaşacaq”.  

Digər bir gürcü politoloq Simon Kopadzenin sözlərinə görə, bu xəbər günün ən möhtəşəm xəbəridir: “Əsirlərin dəyişdirilməsi sülhə doğru ciddi addımların atıldığını sübut edir. Bu addımı sadəcə alqışlamaq lazımdır”.

NATO

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavier Kolomina “X” şəbəkə hesabındakı paylaşımında bildirib: “Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıram. Şimali Atlantika Alyansı bu səyləri, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”.

Avropa İttifaqı Şurası

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə açıqlamasına münasibətini sosial şəbəkədəki paylaşımında bu şəkildə yazıb: “Xüsusilə saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi liderləri Ermənistan–Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”. 

Ş.Mişelin ardınca Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb, bunu “mühüm siyasi addım” adlandırıb: “Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır. Bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”. 

Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də Bakı və İrəvan arasında qarşılıqlı etimadı gücləndirmək və sülh sazişinin imzalanmasına nail olmaq üçün addımlar atmaq barədə razılaşmasını alqışlayıb. “X” sosial şəbəkəsində bu barədə “Mən Azərbaycan və Ermənistan arasında regionda sülh və sabitliyə töhfə verən razılaşmanı alqışlayıram”,– yazan Varhelyi, həmçinin Aİ-nin hər iki ölkəyə dəstəyini davam etdirəcəyini vurğulayıb. 

ATƏT

“Azərbaycanın və Ermənistanın dünənki birgə bəyanatı Cənubi Qafqazda dayanıqlı sülhə aparan yolda ehtiyac duyulan müsbət addımdır”. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani özünün sosial şəbəkə hesabında bildirib.

B.Osmani qeyd edib ki, ATƏT davamlı dialoq üçün platforma olaraq və sazişlərin icrası üzrə tərəfdaş kimi kömək etməyə hazırdır.

  * * * 

Bəli, Bakı və İrəvanın atdığı birgə addım qısa müddət ərzində beynəlxalq aləmin, dünya mediasının əsas mövzusuna çevrilib. Bu, həm də danışıqlarda əsaslı dönüş yaratmağa qadir tarixi addımdır. ABŞ, Türkiyə və Rusiya kimi dövlətlərin, Avropanın nüfuzlu təşkilatlarının, müxtəlif rəsmilərin açıqlama verərək atılan addımı alqışlaması bunun təzahürüdür. Burada diqqəti çəkən maraqlı və önəmli məqam tərəflərin danışıqları birbaşa aparması, onlara üçüncü ölkənin vasitəçilik etməməsidir. Elə bu faktın özü rəsmi Bakı ilə İrəvan arasında sülh dialoqunun “tet-a-tet” irəli aparıla biləcəyinə, yaxın vaxtlarda tarixi razılaşmanın əldə olunacağına ümidləri artırır.

 

Hazırladı: 
İ.HƏSƏNQALA
XQ 

 









Siyasət