Avrasiyada yeni dostluq üçbucağı – PAT

post-img

Pakistan–Azərbaycan–Türkiyə alyansı gələcəyə ünvanlanan strateji tərəfdaşlıq layihəsidir

ABŞ-ın “International Policy Digest” saytı Pakistan-Azərbaycan-Türkiyə (PAT) üçtərəfli alyansına həsr olunmuş məqalə dərc edib. Məqalədə bildirilib ki, geosiyasi şahmat taxtasında maraqlı üçlük yaranır. Söhbət Pakistan, Azərbaycan və Türkiyənin daxil olduğu PAT alyansından gedir. Bu ittifaq Cənubi Asiya, Qafqaz və Yaxın Şərqi birləşdirən yeni dostluq düyünü yaradır. O, ümumi prinsiplərin, qarşılıqlı strateji maraqların və dərin hörmətin vəhdəti ilə möhkəmləndirilir.

Qeyd olunub ki, bu ölkələr arasın­da zəngin ikitərəfli keçmişə əsaslanan üçtərəfli əlaqələr son illərdə dinamik inkişaf edir. 2021-ci ildə üçtərəfli Bakı Bəyannaməsinin imzalanması hərbi, iqtisadi, diplomatik və mədəni sahələ­ri əhatə edən çoxşaxəli əməkdaşlığın genişlənməsini simvolizə edib. Alyan­sın hərbi əlaqələri vahid güc və strateji niyyət nümayiş etdirən birgə təlimlərdə aydın görünüb. Xarici işlər nazirlərinin 2021-ci ildə İslamabadda keçirilən üç­tərəfli görüşü onların regional sabitlik və firavanlıq üçün kollektiv istəklərini möhkəmləndirən dönüş nöqtəsi olub.

Alyans çərçivəsində iqtisadi və mə­dəni əlaqələr fəal inkişaf edir. Ticarət, investisiya, energetika və bir sıra digər sahələri əhatə edən müqavilələr bağla­nıb. Üç ölkənin səyahət məhdudiyyətlə­rini yüngülləşdirməsi mədəni mübadilə­nin artması, o cümlədən festivalların və idman tədbirlərinin keçirilməsi yolu ilə insanlar arasında əlaqələri gücləndi­rir. Bundan əlavə, Əfqanıstanda sülh təşəbbüsündən tutmuş Kəşmirdəki mübahisəli vəziyyətə qədər qlobal problemlərin həllində vahid mövqe Tür­kiyə, Azərbaycan və Pakistanın strateji birliyinə dəlalət edir.

Məqalədə bildirilib ki, Azərbaycanın Pakistanla qarşılıqlı əlaqələri xüsusi diqqətə layiqdir: Heydər Əliyev Fondu təhsil və tibb layihələrini dəstəkləyir və bununla da alyansın humanitar aspekt­lərini gücləndirir.

Bununla belə, hərbi aspekti də qiymətləndirməmək olmaz. Belə ki, Türkiyənin Pakistanın əsas silah təda­rükçüləri sırasına daxil olması İslama­badın ənənəvi müttəfiqlərdən asılılığını azaldan və onun müdafiə arsenalını şaxələndirən strateji dəyişiklikdən xə­bər verir.

Qeyd olunur ki, Ankara, Bakı və İslamabad ittifaqı Avrasiya məkanında yeni geosiyasi reallıq formalaşdırır, hər üç ölkənin strateji maraqlarını güclən­dirməyə çalışır. 

Eyni zamanda, digər regional güc­lər, xüsusən də İran, Rusiya və Hin­distan bu tərəfdaşlığın dərinləşməsini diqqətlə izləyirlər:

“Tehran alyansın hərbi xarakteri və İs­lamabadın “Taliban”ın fəaliyyətində iştira­kı ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Hindistanın reaksiyası isə Kəşmir məsələsində Pakistanla tarixi rəqabəti ilə xarakterizə olunur və Nyu-Dehlinin Ermə­nistana açıq dəstəyi cavab addımı sayıla bilər. Rusiya Bakı, Ankara və İslamabadla əlaqələrini nəzərə alaraq, PAT alyansına ehtiyatlı yanaşma nümayiş etdirir. Yaran­maqda olan PAT üçbucağı, sadəcə ola­raq, bir koalisiya deyil, dərin doğmalığı və gələcəyə baxışı əks etdirən düşünülmüş strateji tərəfdaşlıqdır. Alyans mövcud qlo­bal və ya regional çərçivələri pozmağa yönəlməyib; o, digər ölkələri kollektiv rifah naminə bir araya gəlməyə təşviq edə bilən əməkdaşlıq nümunəsidir”.

Bəli, məqalədə qeyd edildiyi kimi, Azərbaycan–Türkiyə–Pakistan ittifaqı, həqiqətən də, dünyaya bir əməkdaşlıq nü­munəsidir. Dünyanın iqlim fəlakətləri, mil­lətçi ideologiyaların dirçəlməsi, zorakılığın artması və çoxtərəfliliyin (multiliteralizm) aşınması kimi görünməmiş problemlər­lə üzləşdiyi bir vaxtda alyansın mövqe­yi böyük əhəmiyyət kəsb edir. Bütün bu məsələlərin həlli Azərbaycan, Türkiyə və Pakistandan bilavasitə asılı olmasa da, onların ittifaqı hərbi, iqtisadi və energeti­ka əməkdaşlığını əhatə edən mədəni və tarixi həmrəyliyin simvoludur. Alyans isla­mofobiya kimi qlobal problemlərin həllin­də hazırda tez-tez istifadə olunan sözlə desək, sərt və yumşaq gücün necə istifa­də oluna biləcəyinə dair də bir nümunə­dir. Azərbaycan–Türkiyə–Pakistan ittifaqı müxtəlifliyi qəbul, dialoqu təşviq etməyin və diplomatiyaya can atmağın bizim zə­manəmizdə mübahisələrin həllində və fikir ayrılıqlarının aradan qaldırılmasında təməl daşı olaraq qaldığını vurğulayır.

Azərbaycan, Türkiyə və Pakistanın beynəlxalq təşkilatlardakı fəaliyyəti xüsusi diqqət çəkir. Üç ölkə beynəlxalq tədbir­lərdə koordinasiyalı fəaliyyət ortaya qo­yaraq, bir-birinin təşəbbüslərinə və haqlı mövqelərinə dəstək nümayiş etdirirlər. 2023-cü il iyunun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, ayın 15-də isə Pakistanın Baş naziri Məhəmməd Şah­baz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürüdür. Eyni zamanda, hər üç ölkə Orta dəhlizin inkişafında maraqlıdır.

Mövzu üzrə fikirlərini öyrəndiyimiz ehti­yatda olan polkovnik Şair Ramaldanov bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq münasibətləri getdikcə inkişaf edir. Onun sözlərinə görə, üç ölkə regional problemlərin həllində fəal rol oy­nayırlar: “Pakistan nüvə silahına malik güc­lü İslam dövlətidir. Onun ordusunun şəxsi heyətinin sayı 1 milyon nəfərədəkdir. Tür­kiyə NATO-nun ən güclü dövlətlərindən bi­ridir. Azərbaycan isə xarici siyasətdə strateji istiqamətlərini düzgün müəyyənləşdirərək, iki ölkə ilə dostluq əlaqələrini getdikcə daha da inkişaf etdirir. Ümumiyyətlə, bu üç döv­lətin heç bir ölkəyə qarşı nə ərazi, nə də di­gər iddiası var. Onlar müstəqil siyasət yürü­dür və geosiyasi məsələlərə münasibətdə eyni mövqedən çıxış edirlər. Azərbaycan 44 günlük Vətən müharibəsinədək İsla­mabadla çox sıx hərbi-texniki əməkdaşlıq aparırdı. Məsələn, müharibəyədək bizim 9 təlim təyyarəmiz məhz Pakistan istehsalı idi. Pakistan istehsalı olan yeni hərbi texni­kanın alınması ilə bağlı danışıqlar gedirdi. Belə bir atalar sözü var: dost dar gündə ta­nınar. Prezident İlham Əliyevin dediyi kimi, biz Vətən müharibəsi zamanı kimin dostu­muz olub-olmadığını əyani gördük. Pakis­tan bizim dostumuzdur. Müharibə zamanı Pakistan və Türkiyə geosiyasi arenada ağır siyasi çəkiyə malik dövlətlər kimi Azərbay­canın yanında oldular, ölkəmizin haqq işini dəstəklədilər. Müharibədən sonra Bakıda Azərbaycan və Türkiyə bayraqları ilə yana­şı, Pakistanın dövlət bayrağının dalğalan­ması da təsadüfi deyildi. Bu, xalqın içindən gələn bir minnətdarlıq hissi idi”.

Şair Ramaldanov qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan–Tür­kiyə–Pakistan əlaqələri daha da inkişaf edib, birgə hərbi təlimlər keçirilib. Azər­baycanın Müdafiə naziri Pakistanda keçi­rilən hərbi paradda iştirak edib. Paradda Azərbaycan taqımının keçidi olub. Eks­pertin fikrincə, üç ölkənin geosiyasi arena­da mövqelərini müdafiə etmək üçün bir-bi­rini tamamlayan addımları artıq dünyada alyans kimi qəbul olunur: “Prinsip etibarilə mən deyərdim ki, alyans kimi qəbul edil­mək də üç ölkənin, xüsusilə Azərbaycanın siyasi çəkisini daha da artırır. Bir tərəfimiz­də Türkiyə kimi güclü ordusu, geosiyasi arenada sözü eşidilən dövlət başçısı olan qardaş ölkə, digər tərəfdə isə Pakistan kimi böyük ölkə dayanıb. İki ölkənin Azər­baycana olan dəstəyi dövlətimizin geosi­yasi arenada çəkisini, nüfuzunu artıran amillərdəndir. Əlbəttə, bu amillərin artma­sı dövlət başçımızın siyasi müdrikliyinin, geosiyasi arenanın “şahmat meydanı”nda savadlı və bacarıqlı “qrossmeyster” kimi düzgün qərarlar qəbul etməsinin nəticə­sidir. Əlbəttə, bu gün Türkiyə və Pakistan kimi nəhəng ölkələrin yanında Azərbay­canın adının çəkilməsi, belə bir alyansın formalaşması ilə bağlı tanınmış media qurumlarının yazılar dərc etməsi bir daha Azərbaycanın nüfuzundan xəbər verir”.

Hərbi ekspert qeyd edib ki, geosiyasi arenada gedən proseslərdə həmişə ol­duğu kimi, yenə də, dini mənsubiyyət ön plandadır. Müsahibimiz hesab edir ki, bu amilin dövlətlərin münasibətlərinin həm istiləşməsində, həm də soyumasında rolu açıq-aşkar görünür: “Müasir dövrdə yaşa­saq da, müəyyən qüvvələr bu gün də dini məsələləri ortaya ataraq, ondan çox mə­harətlə istifadə edirlər. Onlar bu amildən istifadə edərək insanları bölməyə və arala­rında müəyyən problemlər yaratmağa nail olurlar. Belə olan halda üç dost-qardaş ölkə eyni dinin mənsubları olaraq haqqın müdafiəsində dayanıblar. Azərbaycan Qoşulmama Hərəkatının lokomotivi-lideri, Türkiyə türkdilli dövlətlərin aparıcı ölkəsi, Pakistan isə müsəlman dünyasında böyük nüfuza, nüvə silahına malik İslam respub­likası kimi geosiyasi məkanda həmin qüv­vələrə qarşı çıxırlar. Onlar İslam dəyərləri­ni, milli, dini adət-ənənələrini və dövlətləri dini mənsubiyyət əsasında əmələ gəlmiş yad təsirlərdən qoruya bilirlər. Azərbay­can, Türkiyə və Pakistan bu istiqamətdə çox böyük işlər görürlər. Ona görə də, üç ölkənin birliyini alyans və digər adlarla adlandırıb-adlandırmamaqdan asılı olma­yaraq, onların dostluğu, qardaşlığı, müttə­fiqliyi və əməkdaşlığı danılmazdır. Bu mü­nasibətlər inkişaf yolundadır. Buna görə də demək olar ki, PAT-ın gələcəyi var. PAT güclənəcək, geosiyasi arenada böyük nü­fuz sahibinə çevriləcək”.

Səxavət HƏMİD
XQ



Siyasət