Maraqlar gerçəkliklə üst-üstə düşməyəndə

post-img

ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda Azərbaycandan keçən qarşıdurması 

Tarixdən bildiyimiz qədər, yüz ildən çox Rusiya, Türkiyə və İran arasında nüfuz davasının getdiyi Cənubi Qafqaz regionunun XXI əsrdə qlobal geosiyasi güclərin mübarizə meydanına, daha doğrusu, qarşıdurma məkanına çevrildiyi həqiqətdir. Sadəcə yüz il əvvəllə müqayisədə bu üç aktordan başqa bölgəyə Qərbin, ABŞ-ın da əli uzanmaqdadır. 

Kənar və siyasətdən bir qədər uzaq müşahidəçilər üçün, ola bilsin ki, Ukray­na cəbhəsindəki qarşıdurmanın Avropa İttifaqı–Rusiya, NATO–Rusiya, yaxud Fransa–Rusiya formatları kimi qəbul olunması daha məntiqidir. İki ilə yaxındır davam edən Ukrayna –Rusiya hərbi mü­naqişəsi məhz bu formatların mövcudlu­ğuna heç bir şübhə yeri qoymur. Fəqət diqqətlə baxanda, Rusiya ilə müharibədə Kiyevi birmənalı şəkildə dəstəkləyən Şi­mali Atlantika Hərbi Alyansına daxil olan ölkələrin yüz milyardlarla dollar həcmin­dəki hərbi yardımlarının arxasından, yəni okeanın o tayından “Sem dayının şlya­pası”nın silueti sezilməkdədir. NATO-nun qurucusu, bu gün “dumanlı silueti” aşkar görünən Birləşmiş Ştatların məlum hərbi münaqişənin əsas oyunçularından biri ol­duğunu qəbul etmək lazımdır. Bu həqiqə­ti siyasətlə uzaqdan deyil, yaxından ma­raqlananlar yaxşı bilirlər. 

Hələlik Ukrayna cəbhəsini bir kənara qoyub, Vaşinqton və Moskvanın Cənubi Qafqaz uğrunda “siyasi hərarəti” yük­səlməkdə olan münasibətlərinə Bakıdan nəzər yetirməyə çalışaq. 

Tərəflərin “baqaj”ında nələr var? 

SSRİ-nin süqutundan keçən son otuz iki il ərzində dünyanın siyasi səhnəsində özünə, bir növ, “layiqli rəqib” görməyən ABŞ təməl dəyərlərinin əksinə getməyə başladı. Buna qədər Vyetnam, Koreya, Əfqanıstan kimi “acı təcrübələri” qazan­mış Amerika cəmiyyəti, yeni nəsil köhnə “siyasi–mənəvi zədələri” tez unutdu. Bu, Ağ evin Avropada, o cümlədən Yaxın Şərqdə yeritdiyi və fiaskoya uğrayan si­yasi kursunda da özünü göstərdi. Həmin kursdan ABŞ-ın müttəfiqləri daxil olmaq­la, Qərbdə və həmin Yaxın Şərqdə bir çox dövlətlər heç də məmnun deyillər. ABŞ–Azərbaycan münasibətlərində son aylar yaranmış soyuqluğun əsas səbəbi də məhz Vaşinqtonun öz prioritetlərin­dən fərqli mövqe nümayiş etdirməsi oldu. Bakı Vaşinqtondan bunu gözləmirdi. Axı, Azərbaycan ABŞ-ın antiterror çağırışla­rına bölgədə ilk cavab verən ölkədir. Bi­zim hərbçilərimiz Əfqanıstanda, İraqda NATO komandanlığında xidmət ediblər. NATO-nun Əfqanıstana yükdaşımala­rında ötürücü məkan kimi Azərbaycan mühüm rol oynayıb. İndi Cənubi Qafqa­zın Birləşmiş Ştatlar üçün iki böyük döv­lətə qarşı rəqabət zonasına çevrildiyini görmək çətin deyil. Bəli, Vaşinqtonun regionda əsas geosiyasi hədəfləri Rusi­ya və İrana qarşı mübarizə və Mərkəzi Asiyanın enerji daşıyıcılarına çıxış əldə etməkdir. Ağ evin regionla bağlı strategi­yası bu platformadan qlobal mübarizədə yararlanmağı nəzərdə tutur. İntəhası, bu halda ondan ötrü region ölkələrinin milli maraqları arxa plana keçir. Başqa söz­lə, Azərbaycanın müstəqil xarici siyasət yeritməsi ABŞ-ın regional prioritetləri ilə üst-üstə düşmür. Amma rəsmi Bakı və ABŞ Dövlət Departamenti arasında mü­nasibətlərə qismən aydınlıq gətirən son təmasları Vaşinqtonun Cənubi Qafqazın lider dövləti Azərbaycanın beynəlxalq arenada müstəqil xarici siyasət həyata keçirən ölkə kimi qəbul etməsinin etirafı idi. Çünki Azərbaycan Avrasiya coğrafi­yasında enerji təhlükəsizliyinə özünün töhfələrini verən nüfuzlu və ciddi oyunçu olduğunu artıq sübuta yetirib.

Bakı Ermənistanla sülh müqaviləsinin bağlanması üçün ona təklif edilən hər iki platformadan imtina edəndən sonra bö­yük güclər arasında qarşıdurmada siyasi konfiqurasiya da təzələnmiş oldu. Həm də məlum oldu ki, nə Qərb, nə də Rusiya Cənubi Qafqazda sülhün bərqərar olma­sında maraqlıdır. Səbəblər müxtəlif olsa da, Qərb platformalarında aparılan da­nışıqları arxa plana atmaq üçün Moskva çeşidli variantlar irəli sürür. Rusiya birmə­nalı olaraq, Qərbin Qafqaz regionunda mövcudluğuna qarşıdır. 

“ABŞ Cənubi Qafqaz və Orta Şərq­dəki mövqelərini itirir. Türkiyə isə bu boşluğu doldurur. Türkiyə Azərbaycanla birlikdə güclənir”. Bu sözləri türkiyəli si­yasi ekspert Hüsaməddin İnanç dünən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyası­nın gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

Hüsaməddin İnançın fikrincə, Vaşinq­ton əvvəlki kimi, dünyadakı proseslərə təsir göstərə bilmir: “Türk dünyası bir­likdə hərəkət etsə, daha çox nəticə qa­zana bilər. Bu gün proses Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə doğru gedir. Əlbəttə, bu məsələdə Anka­ra–Bakı həmrəyliyi mühüm rol oynayır. Amma Vaşinqton və Paris məsələyə ən­gəl yaradır. Onlar regionda sülh istəmir­lər. Qərbin regiona gəlməsinin qarşısını almaq lazımdır. Çünki ABŞ və Fransa region üçün təhdiddir”.

Azərbaycan 28 il davam edən Ermə­nistanla münaqişədə bu iki supergücdən özünə qarşı gördüyü ədalətsizliyi unut­mayıb. ATƏT-in Minsk qrupuna həmsəd­rlik edən bu dövlətlər əks siyasi qütblərdə dayansalar da ermənilərə münasibətdə eyni mövqedən çıxış edirdilər. Rusiyalı və amerikalı həmsədrlərin danışıqlarda məhz Ermənistanın maraqlarını təmin etmək üçün hər cür hiyləyə əl atdıqlarına şahidlik etmişik. Minsk qrupunun həm­sədri kimi ABŞ-ın səylərinə böyük ümid­lər bəsləyən Bakı nə gördü? ABŞ Konq­resinin Qarabağdakı separatçı rejimə hər il maliyyə yardımı ayırmasını, USAİD-in Qarabağda müxtəlif layihələr həyata ke­çirməklə humanitar məqsədlərdən daha çox Xankəndidəki separatçı rejimin iqti­sadi cəhətdən güclənməsinə imkan ya­ratmasını. Həmin xunta rejiminin quldur rəhbərləri sərbəst şəkildə ABŞ-a səfərlər edir, orada “Qarabağ ermənilərinə yar­dım” marafonlar təşkil edirdilər.

Sülhün açarı bölgədədir

Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın 8-də Gürcüstana işgüzar səfərindən sonra yerli mətbuat Rusiya XİN-in rəhbəri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şə­kildə riayət etmək və qarşılıqlı əlaqə – beynəlxalq sülhün, sabitliyin açarıdır” sərlövhəli məqaləsini dərc edib. Həmin məqalədə bildirilib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik toxumu səpməyə davam edirlər. Lavrov buraya onu da əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə ha­zırdır. İndi Rusiya Cənubi Qafqazda qal­maqdan ötrü bütün variantları sınaqdan çıxarır.

ABŞ Dövlət Departamentinin sözçü­sü Metyu Miller isə ənənəvi brifinq za­manı Sergey Lavrovun məqaləsində yer alan fikirlərinə münasibət bildirərkən dedi ki, Ağ evin İrəvan–Bakı münasibətlərində yeganə məqsədi Cənubi Qafqaz regi­onunda davamlı sülh və sabitliyi təmin etməkdir. 

Nə qədər qəribə səslənsə də, qarşı duran tərəflərin sülh amili ilə siyasi alver etməyə çalışmaları göz qabağındadır. Bakı onların təklif etdikləri sülhün aça­rının kənarda deyil, bölgənin daxilində olduğunu və onu vasitəçisiz, birbaşa di­aloq yolu ilə tapılacağına əmin olduğunu açıqlayıb. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı açıqlama­sında Bakı ilə İrəvanı barışdırmağa ça­lışan Vaşinqton və Moskvanın Cənubi Qafqazda hazırda məhz Azərbaycanın yaratdığı sabitliyi pozmağa yönəlik ad­dımlardan çəkinməyə çağırıb: “Azərbay­can Cənubi Qafqazda sülhün bərqərar ol­ması üçün real addımlar atır. Bizim digər tərəflərdən istəyimiz odur ki, bölgədəki sabitliyi poza biləcək addımlardan uzaq olsunlar. Regionda dinc həyatın bərqərar olmasına öz töhfələrini versinlər. Rusi­yanın Qarabağdakı sülhməramlı kontin­genti ilə bağlı Azərbaycan öz mövqeyini dəfələrlə bildirib. Biz düşünürük ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən sülhməramlıların Qarabağda olma müddəti 2025-ci ildə başa çatır və onlar həmin vaxt ərazilərimizi tərk etmə­lidirlər. Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələ­də tərəfdaşlarından daha diqqətli olmağı tələb edir”.

C.Məmmədov Azərbaycanın Qara­bağda tam və qəti qələbəsini təmin et­diyini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını və üçün­cü tərəflərin açıqlamalar verərkən bu reallıqları nəzər almalarının vacibliyini vurğuladı. 

Azərbaycanla hesablaşmalı olacaqlar

XX əsr boyu Qafqaz Qərb bloku üçün Sovetlər Birliyi ilə mübarizənin ön cəbhə­si idisə, hazırda ABŞ başda olmaqla Av­ropa öz maraqlarını NATO üzvü olan Tür­kiyə və suveren Azərbaycan üzərindən qurmağa çalışır. Bu zaman Vaşinqtonun nə qazanacağı və ya Cənubi Qafqazda geosiyasi mənzərənin necə dəyişəcəyi məhz Bakının istəyindən və iradəsin­dən asılı olacaq. Türkiyə və Azərbaycan iki qitəni birləşdirən enerji və nəqliyyat qovşağı kimi Vaşinqton üçün geosiyasi əhəmiyyətə malikdir. Bu birlik Rusiya ilə qlobal rəqabətdə ABŞ üçün olduqca va­cibdir. Əlbəttə, bu kontekstdə Avrasiya siyasi coğrafiyasında formalaşan və get­dikcə genişlənməkdə və güclənməkdə olan yeni mərkəzin – Türk Dövlətləri Tə­kilatının Cənubi Qafqazda cərəyan edən hadisələrə təsir imkanlarını görməzdən gəlmək qeyri-mümkündür. İstər Vaşinq­ton, istərsə də Moskva bu amili nəzərə almalı olacaqlar. 

Strateji Planlaşdırma və Araşdır­malar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin sözlərinə görə, ABŞ-ın strateji məqsədi Rusiyanı dünya­nın siyasi xəritəsindən silməkdir: “Rusiya bütün vasitələrdən yararlanmaqla özünü müdafiə etməkdədir. ABŞ Rusiyanı dün­yanın siyasi xəritəsindən silmək üçün ona yaxın ölkələrdə demokratiya bayrağı altında dövlət çevrilişləri, “rəngli” inqilab­lar həyata keçirib, nəticədə həmin döv­lətləri “klounlaşdırıb”. Birləşmiş Ştatların məqsədi Rusiyanı siyasi arenadan tama­milə kənarlaşdırmaqdır və bu istiqamət­də addımlarını davam etdirir. Ukrayna böhranı da bu səbəbdən yarandı. Nəticə­də Rusiyanın Avropa ilə əlaqəsi kəsildi. Rusiyaya cənuba – Türkiyə və İrana, o cümlədən Afrika qitəsinə çıxmaq üçün yeni iqtisadi doktrina lazımdır. Rusiyanın bu planı həyata keçirməsi üçün Cənubi Qafqazda stabillik vacibdir. Rusiya–ABŞ qarşıdurmasının birinci episentri Ukray­nadırsa, bu qarşıdurmanın ikinci episent­ri Cənubi Qafqazdır. ABŞ Cənubi Qafqaz projesini Ermənistan üzərindən həyata keçirmək istəyir. Bu baxımdan baş nazir Paşinyanı hər vəchlə qoruyur, ona həm siyasi, həm maddi, həm də hərbi dəstək verir”.

Hər şeydən göründüyü kimi, Azər­baycanın son üç ildə Cənubi Qafqazda güc və söz sahibi olaraq yaratdığı real­lıq ABŞ-ın və Rusiyanın bölgə ilə bağlı planları, eləcə də maraqları ilə üst-üstə düşmür. Deməli, həm Vaşinqton, həm də Moskva saatlarını məhz Bakı vaxtı ilə uyğunlaşdırmağa məcburdur. Əks-təqdirdə, zamanın onların əleyhinə iş­ləyəcəyi şəksizdir. 

İmran BƏDİRXANLI
XQ







Siyasət