Hər cür müqayisə qüsurludur

post-img

Azərbaycan Qərb–Rusiya qarşıdurmasında deyil, Ermənistanla sülh əldə olunmasında maraqlıdır 

Qərbin, xüsusilə Fransanın və onun Qafqaz “təşəbbüslərini” dəstəkləyən ABŞ-ın bölgədə hansı maraqları güddüyü, burada kəllə-kəlləyə gələn güclərin əsas məqsədlərinin nədən ibarət olduğu hamıya məlumdur.

Həmin güclərin planı “Ermənis­tanı Cənubi Qafqazın Ukraynasına çevirmək”, bölgədə qüvvələr nisbə­tini dəyişmək, nəticədə burada geo­siyası maraqlarını təmin etməkdirsə, bu ssenari alınmayacaq. Çünki böl­gədə bütün tərəflərə ədalətli və şəf­faf oyun qaydalarını diktə edən, söz və güc sahibi olan Azərbaycan var. Kənar aktorlar bu amili görməzdən gələ bilməzlər. Əslində, bunu yeni “Qafqaz ssenarisi”nin müəllifləri də çox gözəl bilirlər, lakin Ermənistanın üzərindən Rusiyaya təsir göstərməyi hədəfləyən hayların saxta təəssüb­keşlərinin son cəhdi də fiaskoya uğ­rayacaq.

Sülhə vasitəçilik davası, yoxsa? 

Son vaxtlar Qərbin ermənipərəst da­irələrinin məlum “təşəbbüslərinin” Mos­kvanı əməlli-başlı təbdən çıxarmasının şahidi oluruq. Artıq Qərb–Rusiya qarşı­durmasının açıq diplomatik müstəviyə keçdiyini söyləyə bilərik. Elə Rusiya Pre­zidentinin mətbuat katibi Dmitri Peskovun “Rusiya-1” telekanalına müsahibəsində dediyi fikirləri də məhz bu kontekstdən nəzərdən keçirilməlidir. Peskovun söz­lərinə görə, Qərb dövlətləri Rusiyanı Qa­rabağdan sıxışdırıb çıxarmağa çalışırlar. O, Rusiyanın Cənubi Qafqazdan, Ermə­nistan və Azərbaycandan deyil, məhz Qarabağdan çıxarılması cəhdlərindən danışıb. Kremlin sözçüsünün bu qüsur­lu müqayisəni apararkən konkret nəyi nəzərdə tutduğu bilinsə də, cavabın bu formulda verilməsinin özü müəyyən su­allar doğurur. Rusiya sülhməramlı hərbi kontingentinin suveren Azərbaycanın tər­kib hissəsi olan Qarabağda mövcudluğu məsələsinə aydınlıq gətirməyən D.Pes­kov vurğunu Qərbin destruktiv fəaliyyəti­nin üzərinə qoyur: 

“Üç, dörd, beş il əvvəl belə bir mü­barizə diplomatik maskaların altında aparılırdı. Artıq indi bu maskalar kənara atılıb və onlar üzbəüz, açıq şəkildə mü­barizəyə girişiblər. Həqiqətən də bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabit­liyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan tərəfi də rəsmi şəkildə bəyan etdi ki, bu ölkələr sülh prosesində, çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər. Çünki onlar qərəzli və birtərəfli vasitəçi rolunu öz üzərlərinə götürüblər. Və təbii ki, belə birtərəfli mövqe tutmaqla nəyəsə ümid etmək həm mümkün deyil, həm də yersizdir. Bizi Qarabağdan sıxış­dırmağa çalışdıqlarını bilirik. Amma bu vaxta qədər Rusiyadan savayı heç kim bölgədə sülhün və sabitliyin təminatçısı rolunu oynamaq iqtidarında deyil. Rusiya bu gün də öz səylərini davam etdirir”. 

D.Peskovun sözlərinə bir növ dəstək olaraq onu deyə bilərik ki, Bakıya da bölgədə “sülhün və sabitliyin təminatçı­sı rolunu” sonadək oynamağı bacaran tərəfsiz vasitəçi lazım idi. Amma son üç ilin təcrübəsi göstərdi ki, bu missiyanı yerinə yetirməyə iddialılar ya bunu ba­carmadılar, ya da Ermənistanın xeyrinə tərəfkeşlik edərək vaxtı uzatmaqla məş­ğul oldular. 

Təşəbbüs yeni reallıq yaradanın əlindədir

Məhz bu xarakterli “səbəblər toplusu­na” görə Azərbaycan hakimiyyəti İrəvana sülh dialoqunu “Qafqaz evi”nin içində “tet-a-tet” aparmağı və bütün suallara vasitəçisiz aydınlıq gətirməyi təklif edib. Belə bir təşəbbüsü irəli sürməyə Bakının tam haqqı var. Ona görə ki, qalib tərəf kimi Cənubi Qafqazda yeni geosiyasi reallığı yaradan Azərbaycan həm də sül­hün və təhlükəsizliyin əldə olunmasının ən doğru variantını yaxşı bilir. Əslində, bu variant Ermənistan üçün düşdüyü ikitərəfli diplomatik məngənədən, “siya­si dalandan” ən uğurlu çıxış yolu sayıla bilər. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bil­dirib ki, Qərbin bəzi dövlətləri Rusiya­nın Cənubi Qafqazda təsir imkanlarını minimuma endirməkdən ötrü müxtəlif üsullara əl atırlar:

“Ancaq bunun Qarabağa aiddiyyəti yoxdur. ABŞ və Fransanın əsas məqsə­di, İrəvanın istəyinə uyğun olaraq, Ermə­nistandakı Rusiya hərbi bazasını özləri­nin silahlı kontingenti ilə əvəz etməkdir. Amma məsələ ondadır ki, Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil. Çünki Qarabağ bölgəmiz­də müvəqqəti yerləşdirilmiş Rusiya sülh­məramlılarını evinə yol salmağa çalışan Azərbaycan heç bir halda onları başqa bir ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək. Bunu Peskov da bil­məlidir”.

Məlum güclərin Qarabağ ətrafında sabitliyi pozmağa çalışdığına, region­da Rusiyaya qarşı açıq mübarizə apar­dıqlarına diqqəti yönəldən E.Şahinoğlu hazırda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsindən ötrü gündəmdə Bakının irəli sürdüyü iki tək­lifin mövcud olduğunu dedi: “Bunlar Er­mənistan və Azərbaycan arasında birba­şa, vasitəçilərsiz dialoq və Ankaranın da dəstəklədiyi “3+3” formatıdır. Bakı mü­naqişənin məhz bölgə çərçivəsində, “tet-a-tet” sülh danışıqlarında həlli variantına üstünlük verdiyini rəsmi səviyyədə bəyan edib. Hesab edirəm ki, İrəvan gec-tez sülhün əldə olunmasının bu formatına razılığını bildirəcək”. 

Fransanın müharibə hazırlıqları? 

Yeri gəlmişkən, Qərbin Cənubi Qafqazda yeni müharibəni alovlandırmaq cəhdlərinin əyani sübutu kimi son vaxtlar Fransanın apardığı təxribatçı hərbi-siyasi fəaliyyətini göstərmək olar. KTMT üzvü olan Ermənistanın əsgərlərinə hazırda Fransanın təxminən yeddi poliqonunda təlim keçirlər. Bu barədə rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın Te­leqram kanalında yaydığı məlumatında deyilir ki, bu təlimlərə cəlb olunan ermə­ni hərbçiləri Rusiyaya qarşı müharibədə iştirak etmək üçün hazırlanır. A.Kaşeva­rova məlumata təlimdən çəkilmiş foto və video sübutları da əlavə edib. 

“Xüsusilə, Mayi-le-Kan ərazisindəki “Centre d'entrainement au combat” dö­yüş hazırlığı mərkəzi və “Center d'entrai­nement des post de” poliqonunda fransız təlimatçılar erməni əsgərlərə, əsasən də “artsax”dan gələn gənclərə müasir döyüş taktikasını öyrədirlər. Onlara, həmçinin NATO silahları ilə davranmaq vərdişləri aşılanır. Təlimlərdən sonra erməni hərbçiləri Şimal Hərbi Dairəsinin sərəncamı­na göndəriləcək”, – yazan Kaşevarova NATO standartlarına uyğun hazırlanan erməni əsgər və zabitlərinin məhz Rusiya ilə döyüşə hazırlandığı qənaətini bir daha vurğulayıb. 

Erməni əsgərlərinin Fransada təlim keçmələri barədə informasiya yadımıza cari ilin oktyabrın ortalarında Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə səfərini saldı. Papikyan orada Fransa Müdafiə Nazirliyi ilə hərbi-texniki əmək­daşlığa dair bir sıra sənədlər imzala­mış, hətta yuxarıda adları hallanan təlim mərkəzlərinə baş çəkmişdi. İndi aydın olur ki, ayyarım əvvəlki Paris turnesi za­manı Papikyan hayların “böyük bacısı” ilə hansı “təcrübə mübadiləsi” barədə müza­kirələr aparıb. 

Xəbərə onu da əlavə edək ki, “Zerqu­lio” Teleqram kanalı öz platformasında özəl mənbələrinə istinadla Ermənistan hərbçilərinin Fransada Rusiyaya qarşı hərbi təlim keçdikləri barədə məlumat yerləşdirib. 

Ermənistanın “xərclik” statusu

Hər şeydən göründüyü kimi, Qərb Rusiyanın üstünə getmək üçün bu cür taktiki üsullarla İrəvanın “başını bişirmək­lə” məşğuldur. Birmənalı şəkildə deyə bilərik ki, nə Paris və ya Vaşinqton Ru­siyaya qarşı ikinci cəbhəni açmağa cürət edər, nə də Ermənistanın Azərbaycana qarşı üçüncü Qarabağ savaşına başla­masına gücü çatar. Bütün bunlar, sadə­cə, Cənubi Qafqaz uğrunda mübarizənin diplomatik imitasiyasından başqa bir şey deyil. İrəvan isə, olsa-olsa, bu siyasi qa­zanda xərclənəcək “dəfnə yarpağı”na çevrilə bilər. 

Ermənistan cəmiyyətində Bakı ilə bir­başa sülh danışıqlarının əleyhinə çıxan siyasi qüvvələr, konkret fərdlər də var. Bunların içərisində Qarabağ separatçıla­rının keçmiş lideri, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan xüsusi fəallığı ilə seçilir. İrəvanda restoranlar şəbəkə­sinə malik, yerli ermənilərin “Çeburaşka” ayamasını verdikləri psevdosiyasətçi bu­nunla bağlı Ermənistan KİV-lərinə aşağı­dakı açıqlamanı verib: “Ermənistan heç bir halda Azərbaycanla birbaşa danışıq­lara getməməli və bu təkliflə razılaşma­malıdır”. 

S.Sarkisyanın bu açıqlaması bizə çoxdan məlum həqiqəti bir daha ortaya qoyur: Hayastan mühüm qərarların qə­bul olunmasında heç vaxt siyasi iradəyə və sərbəstliyə malik olmayıb. İrəvan gü­vəndiyi və dəfələrlə aldadıldığı “böyük güclər”in dəstəyi olmadan, qorxusu-hür­küsüz hərəkət etmək iqtidarında deyil. Bəli, Ermənistan rəhbərliyi həmişə kənar qüvvələrin əlində marionetka rolunu oy­nayıb. Yüz il bundan əvvəl də belə olub. Tarixin indiki dönəmində bu dəqiq və ay­dın aksiomu özləri növbəti dəfə nümayiş etdirirlər. 

 

İmran BƏDİRXANLI
XQ



Siyasət