Anadan olmasının bu il 100 illiyini sonsuz ehtiram və minnətdarlıq hissi ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Xalqın gələcəyini düşünən əbədiyaşar lider zamanı qabaqlayaraq, ölkəyə rəhbərliyinin bütün dövrlərində respublikamızın davamlı inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüş, Azərbaycanın strateji maraqlarının təmin edilməsi üçün zəruri və qəti addımlar atmışdır. Ən başlıcası isə Ümummilli Lider Heydər Əliyev xalqımızın milli sərvəti olan idarəçilik məktəbini yaratmış, özünün siyasi varisini yetişdirmişdir. 2003-cü ildə Ulu Öndər xalqa müraciətində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Həmin il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində xalq İlham Əliyevə böyük etimad göstərdi. Azərbaycan xalqı öz tarixi seçiminin düzgünlüyünə illər keçdikcə bir daha əmin olur və inanır ki, Azərbaycanın bu günü və sabahının qarantı, dövlətimizin və xalqımızın rifahının, firavanlığının, sülhün, sabitliyin yeganə təminatçısı İlham Heydər oğlu Əliyevdir.
AZƏRTAC Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolunun önəmli məqamlarına, uğurlarımızı şərtləndirən həlledici amillərə, təməl prinsiplərə nəzər salır.
Tarixi hadisələrlə, dinamik sosial-iqtisadi inkişafla səciyyəvi olan ötən 20 il seçicilərin öz seçimində yanılmadığını, Azərbaycan vətəndaşlarının siyasi şüurunun yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Son 20 il ərzində Azərbaycanda həyata keçirilən ardıcıl və davamlı islahatların nəticələri özünü bütün sahələrdə göstərməkdədir. Ölkəmiz böyük, eyni zamanda, uğurlu yol qət edib. Dövlətin çevik daxili və xarici siyasəti, sanki bir tandem təşkil edir, bir-birini tamamlayır. Bütün bunlar XXI əsrdə dünyanın demək olar ki, hər yerində münaqişələrin getdikcə artdığı bir dövrdə önəmli amillərdir.
Son 20 ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər, respublikada həyata keçirilən uğurlu siyasət, iqtisadiyyatın dinamik inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarının çoxalması deməyə əsas verir ki, ötən dövr ölkənin inkişafında mühüm dövr kimi dəyərləndirilməlidir. Qazanılan iqtisadi nailiyyətlər, əldə edilən uğurlar hesabına respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Bu dövrdə həyata keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib. 2023-cü ilin gözləntilərinə görə, 2003-cü illə müqayisədə 16,8 dəfə artım olacağı proqnozlaşdırılır. Ümumiyyətlə, 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb.
Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Bu ilin sonuna nisbətən isə 20 ildə artım 17,6 dəfə təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olacağı proqnozlaşdırılır. İyirmi il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən ölkəmiz 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard dolları ötüb. Bu, təqribən 41 dəfə artım deməkdir. Həmçinin Mərkəzi Bankın valyuta ehtiyatları bu il 2003-cü ildəki 757 milyon dollardan 9,2 milyard dollara qədər artıb. Neft Fondunun aktivləri isə 820 milyon dollardan 55 milyard dollara çatıb. Neft Fondunun vəsaitlərinin artımı ölkə iqtisadiyyatına investisiya yatırımlarının yüksəldilməsi üçün şərait yaradıb. Belə ki, 2003-cü ildə bu göstərici 4,33 milyard dollar idisə, 2022-ci ildə investisiyaların ümumi həcmi (bütün mənbələr üzrə) rekord həddə çataraq 29,135 milyard manata çatıb ki, bunun da 14,9 milyard manatını (8,8 milyard dollar) xarici investisiyalar təşkil edib. İyirmi il ərzində investisiyaların ümumi həcmi 300 milyard dollar təşkil edib. Ölkəmizin xarici ticarət dövriyyəsi 2003-cü ildə 5,2 milyard, ötən il isə 56 milyard 212 milyon dollar olub. Azərbaycanın ixracı 2,6 milyard dollar səviyyəsindən 41,7 milyard dollara yüksəlib. Ötən il qeyri neft-qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard dolları ötüb.
Onu da qeyd edək ki, ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 faiz olduğu halda, 2022-ci ildə 9,5 faiz təşkil edib. Bütün bunlar Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir. Dövlətimizin başçısının strateji inkişaf kursunun uğurları nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
Əlverişli biznes mühitinin yaradılması, dünya iqtisadiyyatına inteqrasiya
Ölkədə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilib. Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. Bu tədbirlərin davamı olaraq iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Göstərilən hədəfə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib. Ölkə sənayesinin mövcud vəziyyətini xarakterizə edən göstəricilərə nəzər salsaq görərik ki, ötən 20 ildə Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə daxil olub. 2004-cü ildən icrasına başlanılan regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının və eləcə də digər məqsədyönlü tədbirlərin nəticəsində sənaye istehsalı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində əhəmiyyətli işlər görülüb, sənayenin infrastruktur təminatı xeyli yaxşılaşdırılıb. Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı, dövlət investisiyaları bir sıra istehsal təyinatlı layihələrə, neft-qaz hasilatı, neft emalı və neft-kimya sahələrinin inkişafına, alternativ enerji qurğu və avadanlıqlarının, alüminium emalı, gəmi istehsalı və müdafiə sənayesi müəssisələrinin yaradılmasına yönəldilib. Bununla yanaşı, ölkədə əlverişli biznes investisiya mühiti yaradılıb, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi və zərurət yarandığı təqdirdə dövlətin bu layihələrdə pay iştirakı təmin edilib.
Azərbaycanın enerji resurslarının nəqlində diversifikasiya siyasəti
Azərbaycanın enerji diplomatiyasının uğurları bir-birini əvəzləməkdədir. Ötən 20 ildə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı mövqeyi daha da möhkəmlənib, ölkəmizlə həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sırası genişlənib. Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələr əldə edilməsinə gətirib çıxarıb. Son 20 ildə qaz ehtiyatlarının nəqlinin gücləndirilməsi və yeni bloklarda hasilat işlərinə başlanılması respublikamızın enerji siyasətinin daha da zənginləşməsinə səbəb olub və karbohidrogen resurslarının ixracı ilə bağlı strategiyaya əlavə komponentlər daxil edilib. Zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində şaxələndirmə siyasətini genişləndirərək Avropanın bir çox dövlətlərinə yanacaq ixracını artırıb. Respublikamız dünyada təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib. Ölkədə həyata keçirilən enerji siyasəti regionun geosiyasi mənzərəsini dəyişdirməklə yanaşı, bölgədə sülh, dostluq və təhlükəsizlik dəhlizinin daha da genişlənməsinə imkan yaradıb. Bu strategiya ölkəmizin həyata keçirdiyi enerji siyasətini daha da zənginləşdirib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Son illər karbohidrogen ehtiyatlarının hasilatında və nəqlində artım meyilləri baş verib, xarici ölkələrə ixrac olunan yanacaq resurslarının həcmi əhəmiyyətli dərəcədə artıb. Respublikamızın dünyanın yeni enerji xəritəsində və geosiyasi-iqtisadi düzənində strateji üstünlüyü daha da artıb.
Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Böyük potensial və təcrübə mühüm enerji şirkətlərini cəlb etməyə, yenilənən enerjiyə investisiya yatırmağa imkan verir. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq yalnız region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki, respublikada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradılıb. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilib. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrar edir.
İqtisadiyyatın şaxələndirilməsi - həyata keçirilən düşünülmüş siyasətin səmərəli nəticələri
Hər bir ölkənin uğurlu inkişafı, ilk növbədə, aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanın mənzərəsinə istinadən qətiyyətlə demək mümkündür ki, son 20 ildə ölkəmiz bütünlüklə iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənib. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji mahiyyət kəsb edən irimiqyaslı infrastruktur layihələrinin, neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə, ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir.
Yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının qlobal mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirməsi də, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasətin səmərəli nəticələri, neftdənkənar sahələrin inkişafına münbit zəmin formalaşdırılması ilə bağlıdır.
Aqrar sahəyə dövlət himayəsi Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə daha da genişlənib. Prezident İlham Əliyevin inkişaf siyasətinin prioritet istiqamətlərindən biri regionların inkişafıdır ki, bu da təsadüfi deyil. Davamlılığın və mühüm makroiqtisadi nəticələrin əldə olunması, eyni zamanda, regionların inkişaf etdirilməsindən ibarətdir. Dövlətimizin başçısı regionların inkişafı ilə bağlı əsas istiqamətləri dəfələrlə qeyd edib və son 20 ilin yekunları göstərir ki, bu istiqamətlər dövlət proqramlarının icrası ilə uğurla həyata keçirilib. Belə ki, 2003-cü ildə əkin sahələri 1,22 milyon hektar təşkil edirdisə, bu rəqəm 2022-ci ildə 1,62 milyon hektar olub. Həmçinin 2003-cü ildə kənd təsərrüfatında istehsalın dəyəri 1 milyard 450,5 milyon manat olubsa, 2022-də bu göstərici 10 milyard 984,2 milyon manata çatıb.
Azərbaycanın inkişaf etməkdə olan ölkələr qrupunda xüsusi yeri
Ölkənin yeni tarixinə həlledici zaman kəsiyi kimi daxil olmuş ötən 20 illik dövrə nəzər salsaq görərik ki, Azərbaycan sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığına qovuşub, 30 ilə yaxın davam edən işğal faktorunu aradan qaldırıb, eyni zamanda, respublikanın suverenliyini təmin edib, dünya birliyinə özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təqdim edə bilib. Bununla da çoxmilyardlı xarici investisiyanın ölkə iqtisadiyyatının müxtəlif sahələrinə gəlişi təmin edilib, sürətli tərəqqiyə xidmət edən islahatlara start verilib, dövlətçiliyin əsasları tam şəkildə qurulub. Dövlət quruculuğu və iqtisadiyyatın gücləndirilməsi hesabına xalqın sosial rifahının artırılması da daim Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olub, bu məsələnin praktik həlli bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın yaradılmasının əsas strategiya xətlərindən biri kimi müəyyənləşib. Aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və bununla bağlı müvafiq qanunvericilik bazasının yaradılması, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, eləcə də bu qəbildən olan digər tədbirlər Azərbaycan iqtisadiyyatının sıçrayışlı tərəqqisinə yol açmaqla bərabər, onun özünəməxsus sürət dinamikasını formalaşdırıb. Beləliklə, dəqiq düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olunub, davamlı xarakterə malik iqtisadi yüksəlişin əsası qoyulub, sosial həyat və iqtisadiyyatın bütün sahələrində islahatlara başlanılıb, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Bütün bunlar deməyə əsas verir ki, əldə edilən nailiyyətlər Azərbaycanı növbəti 20 il ərzində - 2040-cı ilədək artıq İnkişaf Etmiş Ölkələr statusuna yüksəlməsi hədəfini real edir.
Sosial siyasət – doğruldulan etimad
Geridə qalan iyirmi il ərzində Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də möhtəşəm addımlar atılıb. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edib. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əməkhaqqı, pensiyalar artırılıb. Uğurla həyata keçirilən sosial islahatlar paketi milyonlarla vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaradıb.
Prezident İlham Əliyevin “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar” fikrində də xalqın rifahının hər şeydən üstün tutulduğu aydın görünür.
Azərbaycan Prezidentinin ölkənin sosial həyatında atdığı inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən 20 il ərzində dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata çatıb. Əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox, o cümlədən son 5 ildə 2,4 milyard manat (70 faiz) artaraq 6 milyard manata çatıb. Ünvanlı sosial yardım proqramına başlandığı 2006-cı ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artaraq 478 manata çatıb. Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 milyard manata çatıb.
Prezident İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir. Bunun daha bir təzahürü olaraq 2007-ci ilin əvvəlindən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilib və ötən dövrdə bu təqaüdlər orta hesabla 6 dəfə artırılıb. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı ildən-ilə uğurla davam etdirilib. Xüsusilə də tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişləndirilib və onlara postmüharibə dövründə 5300, ümumilikdə ötən dövrdə 14 min 100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.
Bununla da bir daha ölkə vətəndaşının rifahının yaxşılaşdırılması istiqamətində aparılan siyasətin bariz bir nümunəsinin şahidi oluruq.
2021-2022-ci illərdə Azərbaycan Prezidenti tərəfindən müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı sürətləndirmək üçün mühüm layihələrin icrasına başlanıldı. İri həcmdə maliyyə vəsaiti tələb edən infrastruktur layihələri, digər bərpa proqramları fonunda böyük sosial paketlərin elan olunması dövlətimizin başçısının həssas sosial qruplardan olan vətəndaşlara qayğısının daha bir nümunəsidir.
Şüarlarla deyil, vətəndaşın etimadı ilə yenidən Prezident seçilən, hər sözü, hər bəyanatı xalqın yaddaşında iz buraxan, hər qərarı ölkəmizin inkişaf yolunda böyük sıçrayışlar yaradan İlham Əliyev, sözün əsl mənasında, yeni bir Azərbaycan qurur: məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşları üçün qürur mənbəyi olan güclü və qüdrətli Azərbaycan.