BMT-nin İnsan Hüquqları Şurasının İşçi Qrupunun sessiyasında azərbaycanlı keçmiş məcburi köçkünlərdən danışılıb

post-img

İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyası keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komitə sədrinin müavini Fuad Hüseynov tədbirdə çıxışında Azərbaycanın 10 milyonluq əhalisinin 10 faizini keçmiş məcburi köçkünlərin təşkil etdiyini deyib. Bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi bərpa edilib, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz, ləyaqətli və könüllü şəkildə qayıtmasına şərait yaranıb.

S.Heydərov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış – dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya Azərbaycanın 2030-cu ilə kimi icra edilməli olan sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyənləşdirilib. Milli Prioritetlərin həyata keçirilməsini təmin etmək məqsədilə və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın davamı olaraq Azərbaycan hökuməti tərəfindən “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış” Dövlət Proqramının icrasına başlanılıb.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, davamlı inkişafı və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması kimi vəzifə durur. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması zamanı “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl zona” konsepsiyalarına üstünlük verilir. Ermənistan tərəfindən 30 illik hərbi işğal dövründə misli görünməmiş vandalizmlə üzləşmiş ərazilərə Azərbaycan Hökumətin yorulmaz səyləri sayəsində indi həyat qayıdır. Böyük Qayıdış Proqramının icrası çərçivəsində artıq 3000 çox keçmiş məcburi köçkün doğma torpaqlarına geri dönüb. Qarşıdakı illərdə Şuşa şəhəri də daxil olmaqla, ümumilikdə 100-ə yaxın yaşayış məntəqəsini - 8 şəhər, 8 qəsəbə və 84 kəndi əhatə edən genişmiqyaslı mənzil tikintisi layihələrinin icrası nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərdə yeni salınmış qəsəbələrə köçürülmə mərhələli şəkildə həyata keçirilir. İlkin olaraq müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə geri qayıtmaq imkanı yaradılır.

Yaxın üç ildə Azərbaycan hökuməti 140 minə yaxın keçmiş məcburi köçkünü Qarabağ və Şərqi Zəngəzurdakı evlərinə köçürməyi planlaşdırır.

Komitə sədrinin müavini, eyni zamanda vurğulayıb ki, Azərbaycan çoxlu sayda məcburi köçkünlə yanaşı, öz dədə-baba yurdlarından zorla qovulmuş yüz minlərlə qaçqının da təhlükəsiz və ləyaqətlə geri qayıtmaq hüququ təmin edilməlidir.

“Ərazilərin minalarla çirklənməsi və infrastrukturun tamamilə məhv edilməsi kimi ciddi problemlərə baxmayaraq, biz əminik ki, beynəlxalq ictimaiyyətin birgə səyləri ilə yaxın bir neçə ildə Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və reinteqrasiyasının yeni modelini təqdim etmək iqtidarında olacaq”, - deyə o qeyd edib.

Siyasət