Zəfərə aparan yollarla...

post-img

Mən ona görə belə düşünürdüm ki, dünyanı ikili siyasi standartlar idarə edir və ancaq Prezidentimiz bu güclü və qoluzorlu ikili standartlar dünyasında ortaya son dərəcə cəsarətli və cəsarətli olduğu qədər də qətiyyətli, prinsipial tarixi iradə qoydu. 

Qəsbkar ərazilərimizdən qovuldu. 

Məğlub yalnız qəsbkarlar deyildi, o ikili siyasi standarlar da məğlub oldu.

Bu gün Xankəndidə Azərbaycanın bayrağı dalğalanır.

Mən tamam əminəm və artıq bunun bilavasitə şahidiyik: Qarabağ bundan sonra qat-qat daha artıq gözəlləşəcək, müasirləşəcək, daha aprtıq inkişaf edəcək, daha artıq bir eşqlə böyük sənətkarlar, böyük vətəndaşlar yetişdirəcək və Azərbaycanın gələcək tarix kitablarında, salnamələrində azad Qarabağın adı Ali Baş Komandanın – İlham Əliyevin adı ilə qoşa yazılacaq.

Mənim təsəvvürümdə Qarabağ canlı bir orqanizmdir. Biz 30 il Qarabağ ağrısı ilə yaşadıq, ancaq bu 30 ildə Qarabağın özü də həsrət və ağrı içində idi, bu canlı orqanizm doğma xalqının yolunu gözləyirdi və nəhayət ki, Qarabağ bu həsrət əsarətindən, bu ağrıdan xilas oldu. 

44 günlük azadlıq vuruşunda Ali Baş Komandan da, generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri idi. Ali Baş Komandan həm də o 44 gündə Azərbaycan xalqının, ədalətin və prinsipallığın tribunu idi. Bu tribunun səsi hər bir azərbaycanlının ürəyinə sərin su səpdiyi kimi, Azərbaycanın sədası kimi dünyaya da yayılırdı.

Mən o 44 günün birində – sentyabrın 20-də Azərbaycan əsgərinə belə bir məktub yazmışdım:

“Ey əsgər! Mənim əziz dostum!

Sən bu gün yalnız özünü təsdiq etmirsən. Bu gün sən bütün Azərbaycanı təsdiq edirsən. Azərbaycanın bu günü ilə bərabər, onun tarixini və gələcəyini təsdiq edirsən.

Sən qəhrəmansan, igidsən, cəsursan, sən düşməni torpağımızdan qovursan və sən bu qəhrəmanlıqla, igidliklə, cəsurluqla bütün Azərbaycana şərəf gətirirsən. 

Sən tariximiz qarşısında Azərbaycanı üzüağ, alnıaçıq, başıuca edirsən. Vətəni gələcək nəsillərə bütöv Azərbaycan kimi miras qoyursan.

Mənim əziz əsgərim!

Sən bu müqəddəs yolda şəhid də olursan və bu şəhidlik səni əbədiyyətə aparır, əbədi qəhrəmanlığa. 

Gələcək nəsillər bu torpaq üzərində sənin nəfəsinlə nəfəs alacaq.

Nəsillər bir-birini əvəz edəcək və sən daima o nəsillərin müasiri olacaqsan, o nəsillərlə bir yerdə quracaqsan, yaradacaqsan.

Sənin əməlin də, gəncliyin kimi tərtəmizdir, ləkəsizdir, şəffafdır.

Əlbəttə, Azərbaycanda sənin əzəmətli heykəlin ucaldılacaq, ancaq mən elə indidən sənin qarşında baş əyirəm, mənim əziz əsgərim.

20 oktyabr 2020.”

Bu gün bizim hamımızın, bütün Azərbaycan xalqının sevinci, fərəh hissi, qüruru, eyni zamanda, Qarabağın özünün də sevincidir, Qarabağın da qürurudur.Bu sevincdə, qürurda həmin əsgərin də ən şərəfli, ehtiramlı və şanlı payı var.

“Qarabağ Azçərbaycandır!” – bu gün elə həmin fəxrlə, həmin qürurla bu sözləri söyləyən Azərbaycan xalqı heç vaxt olmadığı dərəcədə bir birlik nümayiş etdirir.

Əgər bu gün övladını itirmiş ana: “Vətən var olsun!” – deyirsə, əgər bu gün ocağı dağıdılmış ata: “Bu ev-eşik əsgərimizin dırnağına da dəyməz!” – deyirsə, bu, həmin birliyin mənəvi miqyasının nə qədər geniş və zəngin olduğunun göstəricisidir.

Mən dedim ki, bizim müasir dünyamız ikili siyasi standartlar dünyasıdır.

Şimali İrlandiya xalqı Böyük Britaniyadan ayrılmaq, öz əzəli torpağında müstəqil yaşamaq istəyir – dərhal dövlətlərin ərazi bütövlüyünün dəyişməzliyi yada düşür. 

Kataloniya xalqı səs verərək, İspaniyadan ayrılmaq, öz əzəli torpağında müstəqil yaşamaq istəyir– yenə də dərhal ərazi bütövlüyünün dəyişməzliyi əldə bayraq edilir. 

Erməni millətçiliyi başqa bir dövlətin ərazisində ikinci bir dövlət yaratmaq istəyirdi, ancaq həmin ərazi bütövlüyünün dəyişməzliyi nəinki yada düşmədi, əksinə, bir çox hallarda açıq, ya da dolayısı yolla müdafiə olundu.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə və əbədi olaraq təmin edib, ancaq baxın, Avropanın böyük bir dövlətinin başçısı haray salır ki, Azərbaycan Qarabağı (“Arsaxı” - ???) işğal edir, guya, etnik təmizləmə aparır, başqa bir superdövlət isə əslində, “Arsax” seperatçılarını müdaifə etməklə, onlara yardım göstərməklə məşğuldur. 

Yaxud Avropanın ən geridə qalmış ölkələrinə Avropa İttifaqının qapıları taybatay açılır, onlar İttifaqa üzv qəbul edilir, Türkiyə isə min bir bəhanə ilə kənarlaşdırılır. 

İki NATO ölkəsi – Türkiyə ilə Yunanıstan arasında gərginlik yarananda elə həmin böyük NATO ölkələri ya açıq, ya da dolayısı ilə Yunanıstanı müdafiə edirlər.

Bu misalların sayını çox uzatmaq da olar, ancaq iş burasındadır ki, bütün bunlara baxmayaraq, üçrəngli Azərbaycan Bayrağı Xankəndidə dalğalanmaqdadır və daima bu cür də dalğalanacaq. 

Həmin ikili standartlara arxalanan və bundan sui-istifadə edən Ermənistanın təcavüzünə qarşı mübarizəmiz Vətən müharibəsinə çevrildi. Bu müharibədə bizim ən böyük müttəfiqimiz isə həqiqət oldu. 

Bundan sonra da Azərbaycanın qələbələri davam edəcək – siyasi qələbələri, mədəni, elmi, iqtisadi qələbələri və Vətənimiz sivil bir Avropa ölkəsi kimi dünya birliyində öz layiqli yerini daha da artıq möhkəmlədəcək, daha artıq nufuz və hörmət qazanacaq.

Xudafərin körpüsü Azərbaycanı yenə öz tarixi keçmişi ilə birləşdirdi və bizim gələcəyimiz o zəngin tarixi keçmişimizin davamıdır.

Bu böyük Zəfər Azərbaycan – Türkiyə qardaşlığını daha artıq doğmalaşdırdı və münasibətlərimiz daha fədakar, daha əməli, işgüzar və daha fərəhli bir mərhələyə keçdi. 

Biz yaxşı bilirik ki, atalar sözu yüzilliklərin sınağından keçərək özünü təsdiq edir, ancaq baxın: “Bir millət, iki dövlət” deyimi qısa bir müddətdə Azərbaycanda da, Türkiyədə də atalar sözünə çevrildi, Ulu öndərin yaratdığı bu atalar sözü bu gün yeni çalarlar qazanır, münasibətlərə yeni və isti nəfəs verir.

Yaxınlarda mən belə bir məlumat oxudum ki, Ermənistanın tanınmış jurnalisti Yeva Abramyan 44 günlük Vətən müharibəsi zamanı Gəncəyə raket atılarkən uşaqların, qadınların da qətlə yetirilməsindən ruhlanaraq, orduya çağırış edib ki, Azərbaycanın dinc əhalisini daha artıq qətlə yetirmək, onlara daha artıq raketlər atmaq, uşağa, qocaya aman ver­mədən, hamısını məhv etmək lazımdır. Yeva Abramyan qadındır və baxın, qərəz, kin-küdurət qadını, yəni, ananı əsl yırtıcıya çevirib. 

Və mən fikirləşdim ki, qadını yırtıcıya çevrilmiş xalq – əbədi olaraq məğlublar sı­rasında qalajaq. Qadını yırtıcıya çevrilmiş xalq üçün bundan böyük faciə ola bilməz. 

Ancaq xalq Yeva Abramyanların yaratdığı belə bir faciə ilə barışacaqsa, bu, daha böyük bir mənəvi faciə olacaq.

Azərbaycan Böyük Zəfərin üç illiyini bayram edir və bu Azərbaycan xalqının əbədi bir bayramıdır.

Mən çox təəssüf edirəm ki, ürəyi Qarabağ yarası ilə ağrıyan, bütün mənəvi dünyası ilə Azərbaycana, Azərbaycanın içində də Qarabağa bağlı olan və vəzifəsindən, peşəsindən asılı olmayaraq, minlərlə vətəndaşımız bu Zəfəri görə, bu sevinci yaşaya bilmədilər. 

Ancaq bu böyük Zəfər real sevinc, real fərəh, real qürurla bərabər, mənim içimdə mistik bir reallıq da yaradıb. Və mən inanıram, qətiyyən şübhə etmirəm ki, o insanların ruhları Zəfər bayramında göylərdən bizə baxırlar və hər şeyi görürlər. Qarabağ sevinci o ali məqamda da onlarla bir yerdədir.

 ELÇİN,Xalq yazıçısı 

Siyasət