Aygün Əliyeva: Forum faydalı fikir mübadiləsi üçün uğurlu platforma olacaq

post-img

Azərbaycan tarixində son illərin ən böyük qələbəsini qeyd edir. 8 noyabr hər bir azərbaycanlı üçün sadəcə zəfərin təqvim günü deyil. Həm də milli qürrumuzun özünəqayıdış günüdür. Müasir dövlətçilik tariximizin yeni bir mərhələsidir. Zəfər günü həm də ulu öndərin Ali Baş Komandanımıza müqəddəs vəsiyyətinin yerinə yetirildiyi gündür.

Bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Heydər Əliyev Mərkəzində baş tutan “Azərbaycanın yeni inkişaf mərhələsində Qeydi-Hökumət Təşkilatları” Forumunda çıxışı zamanı bildirib.

A.Əliyeva qeyd edib ki, Forum xalqının təkcə milli və siyasi lideri deyil, sözün bütün mənalarında Azərbaycanın dəyərli simvolu olan Heydər Əliyevin 100 illiyi çərçivəsində qeyd olunur: “İlk dəfə ümummilli liderin müəllifi olduğu Konstitusiyada ictimai birlik yaratmaq məsələsinin əks olunması, bundan əlavə müstəqilliyin ilk illərində məhz ulu öndərin dəstəyi ilə yaradılmış müxtəlif səpkidə fəaliyyət göstərən ictimai birliklər müstəqillik ideyalarının güclənməsinə, ölkəmizin informasiya blokadasından çıxmasına, demokratik proseslərin dərinləşməsinə təkan vermişdir. Hal hazırda vətəndaş cəmiyyəti institutları müstəqilliyin ilk illərində olduğu kimi dövlət qurumları ilə əməkdaşlıq etməkdə çətinlik çəkmir, əksinə onların ən güclü, ən yaxşı partnyorları kimi çıxış edir. Bu gün vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və adekvat şəkildə fəaliyyət göstərir. 

İcraçı direktor çıxışında qeyd edib ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi özünün formalaşma və strukturlaşma mərhələsini geridə qoyub.Yeni inkişaf mərhələsi üçün qısamüddətli hədəflər müəyyənləşib. Belə ki, ictimai iştirakçılıqla bağlı ötən il başlanan təşfiqat marafonu davam edəcək. Qeyri-Hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılması ilə bağlı inkişaf və mübadilə proqramlarımızın əhatə arealı genişlənəcək. Dövlət və özəl tərəfdaşlıqla bağlı fərdi şəkildə həyata keçirilən görüşlər vahid platformaın yaradılması ilə növbəti mərhələyə keçid edəcək. Təkmil elektron sistem və yeni normativ qaydaların tətbiqi nəticəsində isə dövlət və cəmiyyət üçün faydalı olan ideyalarımızın şəffaf imkanlarla birləşib yüzlərlə insanın həyatını dəyişən təşəbbüslərə çevrilməsinə dəstək olacağıq. 

A.Əliyeva əlavə edib ki, məqsəd Vətən müharibəsindəki zəfərdən sonra yeni ictimai, iqtisadi konfiqurasiya ilə vəhdət təşkil etmək, hər kəsə münasibətdə bərabər imkanları, dəyərləri qoruyub saxlamaq öz fəaliyyətimizlə ilk milli donor institunun hüquqi varisi kimi müvafiq sahələrin inkişafına çağdaşllıq, kübarlıq qatmaq və peşəkarlıq amilinin vacibliyini artırmaqdır. Əminik ki, keçirilən Forum faydalı fikir mübadiləsi üçün uğurlu platforma olacaq, konstruktiv əməkdaşlığa töhvə verəcək, şəxsi və qrup maraqları olmadan yalnız ictimai və milli mənafelər naminə vahid mövqe nümayişinə davamlı zəmin yaradacaq.

Anar ƏLİ,
XQ

Son xəbərlər