“Diplomatik masa” simulyasiya layihəsi tələbələrin bacarıqlarını artırır

post-img

Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının təşəbbüsü ilə “Diplomatik Masa” simulyasiya layihəsinə başlanılıb. 

İdeya müəllifi, Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski XQ-yə açıqlamasında bildirib ki, layihə çərçivəsində universitetin tələbələri  müxtəlif mövzularla bağlı dünya dövlətlərinin mövqelərini müdafiə etməyə çalışaraq, debat və diskussiyalara cəlb olunur, siyasi və diplomatik arqumentlər gətirərək masada qarşı tərəfi üstələməyə çalışırlar. 

Elvin Talışinski deyib ki, diplomatiya dövlətlər arasında əlaqə yaradan vasitə kimi əhəmiyyət kəsb edir və dövlət siyasətinin tərkibini özündə cəmləşdirən aktlardan ibarətdir: “Diplomatiya danışıqlar aparmaq məharətini özündə əks etdirən bir sahədir. Layihənin keçirilməsində də əsas məqsəd tələbələrdə natiqlik, müstəqil araşdırma və debat kimi bacarıqların inkişaf etdirilməsinə nail olmaqdır. Layihənin iştirakçıları ilə hər biri ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən Siyasi elmlər kafedrasının müəllimləri çalışırlar”.

Qeyd edək ki, layihə çərçivəsində artıq Azərbaycan-Rusiya və Azərbaycan-Fransa münasibətlərinə həsr olunmuş iki “Diplomatik masa” simulyasiyası həyata keçirilib və tələbələr təmsil etdikləri dövlətlərin mövqelərini diplomat kimi müdafiə etməyə çalışıblar. 

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət