Ermənistan faktoru və bu kontekstdə Avropa İttifaqı – Rusiya rəqabəti

post-img

Regional kommunikasiyalar və Qərbin  anti-Rusiya xəttində “İrəvan kamikadzeliyi”

Avropa İttifaqının Ermənistanla münasibətlərdə fəallığı İrəvanla Moskva arasındakı münasibətlərə necə təsir göstərir? Mövcud reallıqlarda Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması məsələsində Rusiya ilə Aİ arasında əməkdaşlıq mümkündürmü? Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko Səmərqənddə keçirilən XVI Verona Avrasiya İqtisadi Forumu çərçivəsində  Ermənistanın VERELQ Analitik İnformasiya Mərkəzinin bu məsələlərə dair suallarını cavablandırıb. 

Nazir müavini bildirib ki, geosiyasi nöqteyi-nəzərdən baxsaq, görərik ki, Qərbin Rusiyanı cilovlamaq xətti təkcə bu xəttin həyata keçirildiyi ənənəvi formalarda, Moskvaya qarşı açılmış hibrid müharibədə deyil, eyni zamanda, iqtisadi sahədə, informasiya sferasında, hərbi təzyiq cəhdlərində özünü göstərir. Bu xətt, habelə, müxtəlif geosiyasi səhnələrdə də həyata keçirilir. “Təəssüf ki, bu gün həm ABŞ-ın, həm də ümumilikdə, Avropanın Cənubi Qafqazda və ya bizim üçün daha başadüşülən dildə desək, Zaqafqaziyada etdikləri də bu geosiyasi strategiyanın bir hissəsidir”, – deyən A.Qruşko əlavə edib ki, Qərbin davranışı Rusiyanın sərhədləri ətrafında gərginlik qövsü yaradır. Aİ-nin həyata keçirdiyi bir çox hərəkətlərdə nə qədər xoş niyyətlər gizlənsə də, əslində, siyasətin mahiyyəti budur.

A.Qruşkonun bildirdiklərini bir neçə cəhətdən qiymətləndirmək mümkündür. Birincisi, Qərb Aİ-nin timsalında Cənubi Qafqazı Rusiya təsirindən çıxarmaq niyyətindədir. Bunun üçün irəli sürülmüş fikir və təkliflər,  cəlbediciliyindən asılı olmayaraq, Moskva tərəfindən səmimi qarşılanmayacaqdır. Kreml bu qənaətdədir ki, Qərb, necə deyərlər, “pambıqla baş kəsmək” məntiqini işə salıb.

Rusiya həm də ona görə ehtiyatlıdır ki, əvvəlki dövrlərdə də Qərbin özünə münasibətdəki qeyri-səmimi davranışını görüb. Bu mənada ölkə, şübhəsiz ki, haqlı tərəfdir. Çünki Qərb 1998-ci ildən bəri Rusiyaya doğru yaxınlaşmamaqla bağlı üzərinə götürdüyü bütün öhdəliklərə xilaf çıxıb. Məsələ barədə Prezident Vladimir Putinin kifayət qədər açıq tərzdə ifadə olunmuş açıqlamaları var və Qərbdən bu açıqlamalara reaksiyanın olmaması Rusiyanın dövlət başçısının söylədiklərinin həqiqət olduğuna şübhə yeri qoymur. O ki qaldı, Qafqaza, cənab Qruşkonun sözlərindən gəlinən qənaət onu deməyə əsas verir ki, burada da Qərbin dəst-xətti əvvəlki illərdə olanların təkrarıdır. İndi isə mövcud ssenaridə rol Ermənistana verilib. Daha doğrusu, Ermənistan, belə demək mümkünsə, Qafqazın Ukraynası olmağa razılaşıb. 

Rusiyanın XİN rəhbərinin müavini ölkəsinin Cənubi Qafqazdakı durumun yoluna qoyulması ilə bağlı öz prioritetlərinin olduğunu açıqlayıb. Bildirib ki, bu müstəvidəki bütün məsələlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların məntiqi ilə həllini tapmalıdır. Vəziyyəti sabitləşdirmək və problemləri beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həll etmək üçün bütün elementlər mövcuddur. Bu gün biz Verona Forumundayıq və Rusiya Federasiyası Baş nazirinin müavini artıq qeyd etdi ki, əlbəttə, qərarın bir hissəsi sərhədlərin, yeni nəqliyyat dəhlizlərinin açılması olmalıdır ki, bu, üçtərəfli bəyanatda qeyd olunub. Vəziyyəti sabitləşdirməyin əsas elementlərindən biri budur. Çünki Cənubi Qafqazın Şimal-Cənub və Qərb-Şərq nəqliyyat marşrutlarının keçəcəyi regionlardan birinə çevrilməsini təmin etmək lazımdır. Nəticədə regionun önəmi artacaq və bu, iqtisadi artıma gətirib çıxaracaq. İqtisadi artım isə təbii ki, siyasi problemlərin həllinə də töhfə verəcək.

Ancaq məsələ burasındadır ki, Ermənistan hazırda üçtərəfli bəyanat məntiqini tam şəkildə inkar etməklə məşğuldur. Hətta, erməni mediası baş nazir Nikol Paşinyanın həmin sənədin 9-cu bəndinin ləğvinə dair fikirlər bildirdiyini də tirajlayır. Bu isə o deməkdir ki, İrəvan Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yola, faktiki olaraq, regiondakı ən mühüm nəqliyyat habına nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirilməsinə dair öhdəliyindən boyun qaçırmaqdadır. Əslində, Nikolun son aylar dedikləri də deyimin təsdiqidir. Aydın görünür ki, erməni baş nazir Rusiya nəzarətini ölkəsinin suverenliyinin və ərazi bütövlüyünün pozulması kontekstində qiymətləndirməyə köklənib. O ki qaldı, nazir müavini Qruşkonun regiondan Şimal-Cənub, Şərq-Qərb marşrutlarının keçməsi ilə bağlı söylədiklərinə əlbəttə, istər Rusiya, istər Azərbaycan, istər Türkiyə, istərsə də Ermənistan, elə İran da layihənin cəlbediciliyinin fərqindədir. Başlıca məsələ İrəvana təhlükəsizlik müstəvisində güvənməməkdir. 

Əslində, regionun heç bir ölkəsi Ermənistana güvənmir. Ona görə ki, ölkə müstəqil siyasət yürütmür, Qərbin diktəsi ilə oturub-durur və lokal maraqlar naminə hər an mühüm geosiyasi nəqliyyat habını iflic duruma sala bilər. Məhz buna görə Azərbaycan dövləti ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən yolun İran ərazisindən keçməsini təklif edir. Yəni, bir halda ki, Ermənistan Rusiya nəzarətini suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir, üçtərəfli bəyanatın məntiqindən imtina edir, reallığa əsas saymayıb, populizmə güc verir, o zaman təcriddə qalacaq. 

...

Erməni jurnalistin “Həm Brüssel, həm də Moskva Meğridən keçən dəmir yolundan danışırlar. Kommunikasiyaların blokdan çıxarılması məsələsində Rusiya ilə Avropa İttifaqı arasında əməkdaşlıq mümkündürmü? Yoxsa, indiki reallıqlarda, bu, mümkün deyil?” sualına cavabında A.Qruşkonun söylədikləri, əslində, onun Qərbə güvənsizlik baxımından əvvəl dilə gətirdiklərinin davamı kimi qiymətləndirilə bilər. Əlbəttə, söhbət bir qədər fərqli formada qiymətləndirmədən gedir. Məsələn, cənab Qruşko bildirir ki, indiki reallıqlarda söhbət bir regiondan gedir. “Lakin deyək ki, Şimal-Qərbə baxsaq Avropa İttifaqı Rusiya ilə dəmir yolu əlaqəsini dayandırıb. Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin əsas halqaları olan Baltikyanı ölkələr indi tikanlı məftillərlə əhatə olunub, tank əleyhinə xəndəklər qazır və nəqliyyat vasitələrinin keçid məntəqələrini azaldır. Latviyada bir neçə gündən sonra Rusiyada qeydiyyatda olan avtomobillərin müsadirəsini nəzərdə tutan qanun tətbiq ediləcək. Bu şərtlər daxilində Avropa İttifaqı ilə hansı nəqliyyat əməkdaşlığından danışmaq olar?”, - deyən Rusiya XİN rəhbərinin müavininin bildirdiklərini Cənubi Qafqaz müstəvisinə transformasiya etsək, belə nəticəyə gələ bilərik ki, Ermənistan hazırda özünün inadkarlığı ilə Rusiyanın transmilli marşrutlara yolunu kəsən tərəf kimi çıxış etməkdədir.

Maraqlı mənzərə formalaşır. Qruşkonun fikirləri üzərində dayansaq, bu qənaətə gəlmək mümkündür ki, Avropa istiqamətində Qərbin direktivləri ilə Rusiyanın yolunu kəsən Baltikyanı ölkələrdirsə, Cənubi Qafqaz müstəvisində eyni missiyanı reallaşdıran Ermənistandır. Başqa cür düşünmək mümkün də deyil. Deməli, bundan sonra da İrəvan israrlı davranacaq ki, Rusiya mühüm nəqliyyat qovşağından uzaq dursun.

Amma bir daha deyək ki, bu durumda Ermənistan əvvəllərdə olduğu kimi, yenə təcriddə qalacaq. Hər halda, Paşinyan administrasiyası məsələdən xəbərdar olmamış deyil. Xəbərdar olub yenə barışmaz mövqe tutduğuna görə, bu nəticəyə gələ bilərik ki, Qərb Ermənistana nəqliyyat əlaqələrinin yaranmaması müqabilində itirəcəklərinin təzminatını ödəməyə boyun olub.

Ümumən, İrəvanı Cənubi Qafqazda anti-Rusiya qalası kimi təsəvvürə gətirən Qərbin ona dəstək məqsədilə çeşidli proqramlar icra etdiyi aşkardır. Paşinyan və komandası isə durumu özünün lokal avantürist maraqları ilə uzlaşdırmaqdadır. Bu səbəbdəndir ki, Ermənistan anti-Azərbaycan siyasətinə köklənib. Ölkə çalışır ki, Qarabağ müstəvisində itirdiklərini bərpa etsin.

***

Ancaq belə bir dolaşıq labirintdə İrəvanın kommunikasiyaların açılmasında tam şəkildə maraqlı olmadığını da söyləmək mümkünsüzdür. Əslində, Qərbin özü də istəyər ki, regionda nəqliyyat əlaqələri bərpa olunsun. Ancaq Rusiyanı hər yerdən təcrid etmək, onun varlığı ilə hesablaşmamaq şərtilə. Ona görə də Rusiya ilə Aİ-nin Cənubi Qafqazda kommunikasiyaların açılması müstəvisindəki əməkdaşlığı A.Qruşkonun təbirincə desək, “Qərbi avropalı həmkarlarımızda birdən-birə sağlam düşüncə yaranarsa, təbii ki, hər hansı qarşılıqlı fəaliyyət sxemləri qarşılıqlı maraqlara cavab vermək üçün bərabər əsasda qurulsa, mümkün olacaqdır”. Keçmişdə mövcud istiqamətdə zəngin təcrübə toplanıldığına diqqət çəkən nazir müavini, həmçinin hazırda bununla bağlı heç bir real perspektiv görmədiyini də vurğulayıb. Deyib ki, Aİ Rusiya ilə geosiyasi rəqabətə doğru gedir: “Artıq, dediyim kimi, burada söhbət təkcə Rusiyanı cilovlamaqdan, yəni onu iqtisadi, siyasi, texnoloji sahələrdə inkişaf üçün resurslardan məhrum etməkdən getmir. Məqsəd həm də dünyanın bir çox regionlarında belə rəqabəti inkişaf etdirməkdir. Bu, yeri gəlmişkən, həm Afrikaya, həm də Latın Amerikasına aiddir”.

Ə.CAHANGİROĞLU

XQ

 

Siyasət