Arşakyanın yalanı və Moskvanın cavabı

post-img

REPLİKA

Sən demə, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan yalan deyirmiş. Niyə də deməsin? Axı ermənidir. Söhbət Roma statutu kimi məsələdən gedirsə, onun cəfəngiyyata varması, qeyri-reallığı reallıq kimi təqdim etməsi də tam mümkündür. 

Bəri başdan deyək ki, Rusiyanın Xarici İşlər Nazirliyi “Lenta.ru”nun sorğusuna cavab olaraq göndərdiyi mətndə Arşakyanı, demək olar, “yalançı” adlandırıb. Sorğu nə ilə bağlı idi, bu barədə söz açmazdan əvvəl bəzi məqamlara aydınlıq gətirək. 

Məlum olduğu kimi, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma əsasnaməsini ratifikasiya edib. Roma statutu kimi də adlandırılan ratifikasiya sənədini ölkənin prezidenti də təsdiqləyib. Bu, o deməkdir ki, sözügedən statut artıq Ermənistan qanunvericiliyinin tərkib hissəsidir. Məğz isə budur: Rusiya Prezidenti Vladimir Putin Ermənistana daxil olacağı təqdirdə, həbslə üzləşəcək. Çünki Beynəlxalq Cinayət Məhkəməsi Putinin və Rusiyanın uşaqların hüquqları üzrə Ombudsmanın həbsinə order verib. 

Qeyd edək ki, Roma statutuna bu ilin aprelində Ermənistanın Konstitusiya Məhkəməsi rəy verdi. Həmin rəy sənədin ölkə qanunlarına uyğunluğunu təsdiqlədi. Bundan sonra məsələnin parlament tərəfindən qəbulu uzandı. İş o həddə çatdı ki, durum Avropa dairələrində Ermənistan hakimiyyətinin mətləbdən yayınması kimi qiymətləndirilməyə başlandı. Digər tərəfdən isə ölkədə Roma statutu ətrafında ictimai diskussiyalar gücləndi və bildirildi ki, sənəd İrəvanın Moskva ilə münasibətlərinə mənfi təsir göstərəcək. Onu da deyək ki, Rusiya rəsmiləri də çıxışlarında bu məqama diqqət çəkdilər. Ancaq erməni iqtidarı yolundan dönmədi və nəhayət, sənəd bu ilin sentyabrın sonunda qəbul edildi.

A.Arşakyan isə bir neçə gün əvvəl bildirdi ki, guya Ermənistan Rusiyaya Roma statutunun təsir dairəsindən uzaqlaşmaq üçün təkliflər verib, məsələni ikitərəfli əsasda imzalanacaq müqavilə ilə tənzimləməyi istəyib. Onun sözlərindən belə çıxdı ki, Kreml həmin təklifləri cavabsız qoyub. Ən əsası isə Arşakyan bir qədər də “irəli gedərək” dedi ki, Roma statutunun qüvvəyə minməsinə hələ vaxt var. Yəni, bu, o demək idi ki, Rusiyanın, başqa sözlə desək, qaçıb qatara yetişmək şansı saxlanmaqdadır. Hər halda, gənc Arşakyanın Moskva ilə məzələndiyi ortadadır. 

***

Əlqərəz, indi məlum olur ki, Ermənistan parlamentinin vitse-spikerinin bildirdikləri əsl cəfəngiyyat imiş. Rusiya XİN-in izahından bu qənaətə gəlmək mümkündür ki, Roma statutundan yan keçmək üçün ikitərəfli əsasda tədbir görmək təklifini İrəvan Moskvaya deyil, Moskva İrəvana veribmiş. Deməli, Arşakyan yalançıdır, özü də yekəsindən. Həm də ona görə ki, o, məsələni fərqli təqdim edib. Və deməli, erməni vitse-spiker təkcə böyük yalançı deyil, eyni zamanda, sərsəmdir. Beləsinə el dilində boşboğaz deyirlər... 

***

Məsələ burasındadır ki, Rusiya ikitərəfli məsləhətləşmələr zamanı Ermənistana Roma əsasnaməsini ratifikasiya etmədən də Beynəlxalq Cinayət Məhkəməsinin mexanizmlərindən faydalanmağın mümkünlüyünü bildirib. Bu, tamamilə yeni situasiya yaradır. Yəni, bir halda ki, Nikol Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyi Roma statutunun ratifikasiyasının Azərbaycana qarşı olduğunu bildirirsə və deyirsə ki, məsələ həm Bakını beynəlxalq məsuliyyətə cəlb etmək, həm də ölkənin yeni təhlükəsizlik alətləri qazanması baxımından vacibdir, o zaman Kreml bunun sözügedən statutu qəbul etmədən də reallaşdırılması metodlarını diqqətə çatdırıb. “Belə bir təcrübə var. Təəssüf ki, bizim kompromis həll yollarımıza məhəl qoyulmadı”, - deyə Rusiya XİN vurğulayıb.

Belədə Kremlin baş xarici siyasət idarəsi İrəvanın “sırf siyasi səbəblərə görə” Roma statutunu ratifikasiya etdiyini bildirməkdə haqlıdır. Eləcə də məhz belə bir fikir irəli sürməkdə: “Əgər İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, o zaman, fikrimizcə, Ermənistan hüquq sistemi çərçivəsində bunun üçün imkanlar var”.

***

Deməli, Rusiya XİN dünənki açıqlaması ilə Ermənistan rəhbərliyində təmsil olunanların yalanlarını ifşa etmiş olur. Həqiqətən, qurumun “Lenta.ru”ya verdiyi cavab məntiqidir. O anlamda ki, problemi yaradan Ermənistandırsa, onu aradan qaldırmağı da özü düşünməli, kənarda müqəssir axtarmamalıdır. Problem isə vurğulandığı kimi, bilavasitə siyasi mahiyyət daşımaqdadır. Axı, indiki durumda Roma statutu sırf Prezident Putinin həbsi kontekstində dəyərləndirilən məsələdir. Yəni, durum başqa interpretasiyalara, heç cür imkan tanımayacaq qədər prinsipial əhəmiyyət daşımaqdadır. Əslində, N.Paşinyanın və onun komandasında təmsil olunanların da, guya, Roma əsasnaməsi ilə Azərbaycanı məsuliyyətə cəlb etmək niyyətlərinə dair söylədikləri də cəfəngiyyatdan başqa bir şey deyil. Tam aydındır ki, bu yolla ölkəmizə qarşı heç bir nəticə əldə etmək mümkün olmayacaq.

R.ƏVƏZ

XQ

Siyasət