Ulu öndərin xüsusi tapşırığı

post-img

2023 – Heydər Əliyev İli

Sumqayıtın inkişafı, onun nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həmin dövrdə Ulu öndərin böyük qayğısı sayəsində şəhər tarixinin əlamətdar səhifələri yazılıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıtda yüngül sənaye müəssisələri yaradılıb, kimya sənayesi inkişaf etdirilib, yeni istehsal sahələri istismara verilib. 

Bu yaxınlarda dünyasını dəyişmiş kimyaçı alim, Əməkdar mühəndis Zülfi Sadıxov hər görüşümüzdə Ümummilli liderin Sumqayıta diqqət və qayğısından ağızdolusu danışar, respublika rəhbərinin Sumqayıta səfərlərinin canlı şahidi kimi, görülən işlərin əhəmiyyətini konkret faktlarla əsaslandırardı. Onun dediyinə görə, 70-ci illərin əvvəllərində əhalinin məişət kimyası məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqazda ilk dəfə olaraq Sumqayıt Məişət Kimyası Zavodu yaradılıb, Superfosfat Zavodunda yüksək texnologiya əsasında dənəvər superfosfat gübrəsi istehsalatı işə salınıb.

1970–73-cü illərdə Üzvi Sintez Zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başlayıb. 1974-cü ildə isə Sintetik Kauçuk Zavodunda yüksək markalı kauçuk istehsal edən sex yenidən qurulub, istehsal gücü xeyli artırılıb. 1969–82-ci illərdə Sumqayıtda istifadəyə verilən Kompressorlar Zavodu, Üst trikotaj və Xovlu iplik fabrikləri, Süd və Yeyinti Məhsulları kombinatları H.Əliyevin xidməti idi.

Dostumun qeyd dəftərindən bəzi sətirləri olduğu kimi oxucuların diqqətinə çatdırıram.

...1970–80-ci illərdə Sumqayıt məhsulları SSRİ-nin 700 şəhərinə ixrac olunurdu. Ən başlıcası isə respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlirdi. Respublikaya 34 illik rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb və yeni inkişaf mərhələsinin başlanğıcı olub. Məsələn, 1971-ci ilin aprelində Heydər Əliyev ilk dəfə olaraq 22 yaşlı Sumqayıta səfərə gəlib. Həmin gün o, Sov.İKP-nin XXIV qurultayında iştirak edən Rumıniya nümayəndə heyəti ilə birgə Üzvi Sintez Zavodunda olub, sexləri gəzərək buraxılan məhsulların çeşidi, keyfiyyəti, eləcə də fəhlələrin iş və məişət şəraiti ilə maraqlanıb. 1973cü ilin noyabrında şəhərin metallurgiya nəhəngi olan Boruyayma Zavodunda istehsalın artırılması ilə bağlı görüş keçirib. 1974-cü ilin fevralında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini Nikolay Tixonovla birlikdə şəhərimizə gəlib, yenidən Boruyayma Zavoduna və Kimya Sənayesi İstehsalat Birliyinə baş çəkib. Həmin ilin noyabrında Sumqayıtın 25 illiyinə həsr olunan tədbirlərdə iştirak edərək fəallar yığıncağında nitq söyləyib, gənclik şəhərinin yaşıllaşdırılmasını, memarlıq simasının dəyişməsini yüksək qiymətləndirib. 

Zülfi Sadıxov xatirələrində Ulu öndərin sonrakı illərdə Sumqayıtdakı Alüminium Zavodunun, Üzvi Sintez İstehsalat Birliyinin problemləri ilə tanış olaraq dəyərli məsləhətlər verdiyini xüsusi vurğulayır. Azərbaycana rəhbərliyinin ikinci dönəmində 6 dəfə gənclik şəhərinə gəlmiş dahi şəxsiyyətin kimya sənayesinin inkişafına xüsusi diqqətlə yanaşdığını qeyd edir. Buna misal olaraq, 1999-cu ildə EP–300 kompleksində buxar-generator qurğusunun özülünün qoyulmasını, iki il sonra isə qurğunun işə salınmasını göstərir. Bütün bu tədbirlərdə qabaqcıl kimyaçı-mühəndis olan Zülfi Sadıxov şəxsən iştirak edib, ölkə rəhbərinin şəhərin sənaye potensialını gücləndirən yeniliklərə necə sevindiyinin şahidi olub.  

İndi bəhs edəcəyim əhvalat barədə bir dəfə də yazmışdım. Dostumun dediyinə görə, 1981-ci ildə o, “Kimyasənaye” İB-nin ən böyük sulfanol istehsalı kompleksinə rəhbərlik edirdi. Yalnız Sumqayıtda hazırlanan həmin məhsula – yuyucu vasitələrin istehsalında əsas xammal olan sulfanola İttifaqın bütün respublikalarında tələbat o qədər böyük idi ki, Kreml rəhbərliyi “Kimyasənaye”nin fəaliyyətini daim diqqətdə saxlayırdı. Birliyin baş direktorunun kabinetindəki “hökumət telefonu” susmaq bilmir, Moskva və Bakıdan edilən zənglər ara vermirdi. 

Bir gün edilən zəng isə müəssisədə əsl həyəcan doğurdu: Baş direktor Əliş Mustafayev sulfanol buraxılışına bilavasitə cavabdeh olan istehsalat rəisləri Zülfi Sadıxov və Akif Məmmədovla birlikdə təcili MK-ya çağırılmışdı. İstehsalat rəislərinin də “yuxarı”ya çağırılması məsələnin ciddiliyindən xəbər verirdi.

Ovaxtkı Mərkəzi Komitə katibi Həsən Seyidov onları qarşılayıb, birbaşa mətləbə keçərək bildirib ki, Moskva “kişi”yə (o, Heydər Əliyevi nəzərdə tuturdu – R.O.) rahatlıq vermir, sulfanolun istehsalını artırmağı tələb edir. Odur ki, nəyin bahasına olur-olsun, işi daha da gücləndirmək lazımdır. Birinci katibin tapşırığı budur: Bütün potensialı səfərbər edib, buna nail olun!

Məsələ onda idi ki, sulfanolun istehsalında hər hansı bir problem və ya ləngimə olurdusa, keçmiş ittifaqın onlarla müəssisəsinin işinə ciddi əngəl törənir, boşdayanmalar əmələ gəlirdi. İstehsalçılarından birinin həm də Sumqayıt Məişət Kimyası Zavodunun olduğu yuyucu vasitələrin çatışmazlığı respublikalarda əlavə gərginlik yaradırdı. Bu isə Kremldə “baş ağrısı”na çevrilir və Bakıya edilən zənglər ara vermirdi. Sulfanol məsələsi həm də ona görə narahatlıq doğururdu ki, Zülfi Sadıxovun rəhbərlik etdiyi 1-ci kompleks plan tapşırıqlarını artıqlaması ilə yerinə yetirsə də, sonradan inşa edilən 2-ci istehsalatın layihəsində yol verilmiş qüsurlar üzündən sex nəzərdə tutulduğundan az məhsul istehsal edirdi.

Zülfi Sadıxov elə həmin axşam Bakıdan Sumqayıta qayıdarkən – bütün yol boyu hər şeyi götür-qoy edir, vəziyyətdən çıxmağın, respublika rəhbərinin tapşırığını yerinə yetirməyin ən optimal variantları üzərində düşünürdü. Bir şey tam aydın idi: Akifin rəhbərlik etdiyi yeni istehsalatda işin tezliklə qaydaya salınacağına ümid etmək olmazdı. Deməli, əsas yük onun rəhbərlik etdiyi kompleksin üzərinə düşəcəkdi. Bunu baş direktorun narahatlıq dolu baxışlarından da sezmək çətin deyildi.

Zülfi Sadıxov səhəri gün sex və şöbə rəisləri ilə operativ müşavirə keçirir, istehsalatda işin səmərəliliyini, texnoloji prosesin ahəngdarlığının təmini və məhsulun artırılması ilə bağlı hər kəsə müvafiq göstərişlərini verir. Üzərinə düşən məsuliyyətin ciddiliyini yaxşı anlayan Zülfi Sadıxov həmin dövrdə zavoddan qısa müddətə belə ayrılmır, evə yalnız həftədə bir dəfə baş çəkirdi.

O, Ulu öndərin xüsusi tapşırığının hər ay şərəflə yerinə yetirilməsinə nail ola bilmişdi. Həmin dövrdə kollektiv nəzərdə tutulan aylıq 5500 tona qarşı plandan əlavə 1000 tondan artıq sulfanol istehsal edərək istehlakçı müəssisələrə göndərirdi. Buna görə də Moskva Azərbaycanın rəhbəri Heydər Əliyevi daha narahat etmirdi. 

1982-ci ildə Zülfi Sadıxovun rəhbərlik etdiyi sulfanol kompleksində rekonstruksiya zamanı onun texniki səmərələşdirmə təklifləri əsasında müəssisənin istehsal gücü daha da artırılmış, bunun nəticəsində həmin il çox böyük iqtisadi mənfəət – o vaxtkı kursla 160 milyon ABŞ dollarından yuxarı təmiz gəlir əldə edilmişdi. Məhz buna görə Zülfi Sadıxov mühəndis həmkarları ilə birlikdə respublika Dövlət mükafatına layiq görülmüşdü.

Bu barədə söz düşəndə dostumun dedikləri olduğu kimi yadıma düşür: “Ulu öndərimizin xüsusi tapşırığını uğurla yerinə yetirməyi bacarmışamsa, deməli, xoşbəxt adamam. Bundan duyduğum böyük qürur ömür boyu bəsimdir”. 

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş kimyaçı-mühəndis Zülfi Sadıxov 300-ə qədər texniki səmərələşdirmə təklifinin və bir sıra qiymətli ixtiraların müəllifidir. O, “SSRİ-nin əlaçı kimyaçısı” kimi “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmiş, “Azərbaycanın Əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdür.  

Bu gün Ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyev Sumqayıtın inkişafına diqqətini əsirgəmir. Sumqayıt Texnologiyalar Parkı (STP) artıq neçə ildir ki, uğurla fəaliyyət göstərir. Bundan başqa, Sumqayıtda Kimya Sənaye Parkı yaradılıb, “SOCAR Polimer”, “SOCAR Karbamid” və digər zavodlar ən müasir, modern üsulla işləyir, ixracyönümlü məhsullar buraxır. İnamla demək olar ki, Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri kimi şöhrəti gündən-günə artan Sumqayıt  Heydər Əliyev ideyalarının təcəssümü olan müasir bir şəhərdir.

Rəhman ORXAN,  

Əməkdar jurnalist

Sosial həyat