I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başa çatdı

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.  Mükafatlandırılanların siyahısında ən yaxşı musiqi tərtibatına görə “Bir nəfəs Dədə Qorqud” tamaşası, İstanbul Dövlət Teatrı, Türkiyə;

Ən yaxşı aktrisa rollarına görə Məsmə Aslanqızı, “Qarabağnamə” tamaşası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan və Gülnabat Abdullayeva, “Sevgi və iztirab” tamaşası, Maxtumkuli adına Türkmənistan Dövlət Musiqili Dram Teatrı - Türkmənistan;

Ən yaxşı tamaşa nominasiyalarına görə “Günəşə toxunan uşaq” tamaşası, Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı – Qırğızıstan və “Leyli və Məcnun” tamaşası, Səmərqənd Musiqili Dram Teatrı - Özbəkistan;

Tamaşanın ən yaxşı plastik həllinə görə “Qorqud əfsanəsi” tamaşası, Türküstan Musiqili Dram Teatrı – Qazaxıstan mükafata layiq görüldülər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və Pantomima Teatrı da fəxri diplomlarla təltif olundular. 

Qeyd edək ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunub.

                   ***

Sonda mükafatlara layiq görülmüş Türkiyə və Azərbaycan teatrlarının aktyorları festivalla bağlı təəsuratlarını XQ-ya danışdılar. Pantomima teatrının rejissoru və aktyoru, Əməkdar artist Bəhruz Vaqifoğlu: 

-Pantomim Dövlət Teatrı olaraq builki festivala festivaldan kənar “Manqurt” tamaşası ilə qatılmışdıq. Tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşovdur. Teatr kollektivi ilə birgə festivalda iştirak edən bütün tamaşaları böyüq şövqlə izlədik. Bu cür festivalların keçirilməsi digər ölkələrin teatrları ilə də əməkdaşlıq etməyimizə şərait yaradır. Festivalın ilk dəfə ölkəmizdə keçirilməsi teatrsevərlər üçün sevincli və qürurvericidir. Növbəti ildə biz də öz növbəmizdə Aşqabadda keçiriləcək teatr festivalına yeni hazırlayacağımız tamaşalarla qatılacağıq. “Qorqud tamaşası” nı quruluşuna və plastik həllinə görə daha çox bəyəndik. Münsiflər heyətinin seçimləri də təqdirəlayiq idi. “Leyli və Məcnun” tamaşasının ən yaxşı tamaşa mükafatına layiq görülməsini isə müsbət qiymətləndirirəm”.

İstanbul Dövlət Teatrının aktyoru Hakan Elmasoğlu: 

-İstanbul Dövlət Teatr kollektivi ilə birgə festivala qatıldığımı üçün çox sevincliyəm. Bu tədbir bütün türk dünyasını bir araya gətirir. Festivalda aldığım mükafatla bağlı sevincimi Türkiyədəki dostlarımla da bölüşəcəm. Festivalı yüksək səviyyədə təşkil etdiklərinə görə TÜRKSOY-a və qardaş Azərbaycan teatrlarına təşəkkür edirəm. 

Akademik Milli Dram Teatrının aktrisası Məsmə Aslanqızı:

-“Qarabağnamə” tamaşası artıq 28 ildir ki, Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində oynanılır. Hələ 1996-cı ildə ulu öndər Heydər Əliyev bu tamaşanın premyerasında iştirak etmişdi. Demişdi ki, nə qədər ki torpaqlarımız işğaldan azad olunmayıb, teatr mövsümü bu tamaşa ilə açılacaq, bu tamaşa ilə də bağlanacaq. Şükürlər olsun ki, bu gün işğal altında olan torpaqlarımızı geri aldıq. Hər birimiz qalib ölkənin vətəndaşlarıyıq. Bu “Qarabağnamə” tamaşasının Qarabağ torpaqları azad olunandan sonrakı ilk uğurudur. Ümid edirəm ki, biz bu tamaşanı Şuşada da nümayiş etdirəcəyik. 

Fidan SALMANOVA

XQ

 

 

Mədəniyyət