Milli Məclisdə dinləmə keçirilib

post-img

Noyabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ”Mina təhlükəsi  ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə  keçirib. 

Milli Məclisin Təbii ehtiyatlar,  energetika və  ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə qaydışla bağlı ən böyük çətinlik minalanmış ərazilərin təmizlənməsidir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Mina təhlükəsi ilə mübarizədə ekoloji tarazlığın qorunması”, kənd təsərrüfati naziri Məcnun Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin kənd təsərrüfatı fəaliyyətinə yaratdığı çətinliklər” mövzularında çıxış ediblər.

Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov “İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsinin ətraf mühitə təsiri” mövzusunda çıxış edərək mina partlayışları zamanı yaranan plastik tullantıların ekoloji fəsadlara səbəb olduğunu, kənd təsərrüfatı üçün münbit torpaqların strukturuna mənfi təsir göstərdiyini vurğulayıb.

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva “Dayanıqlı inkişaf məqsədləri üçün minaların ekosistemə təsirinin aradan qaldırılması” mövzusunda nitqində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin uğuru üçün qlobal təcrübəyə əsaslanaraq yerli, milli və beynəlxalq tərəflər arasında güclü tərəfdaşlığın vacib amillərdən olduğunu qeyd edib.  

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı “Mina problemi və beynəlxalq səylər” mövzusunda çıxış edib. O, işğaldan azad olunmuş ərazilərimizdə ilkin hesablamalara görə, 1,5 milyon minanın yerləşdirildiyini, Ermənistanın bu günədək mina xəritələrini verməkdən boyun qaçırdığını, bunun beynəlxalq hüququn yaşamaq və hərəkət azadlığı kimi fundamental prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb.

AMEA-nın prezidenti İsa Həbibbəyli, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko ANAMA-nın fəaliyyətini yüksək qiymətləndiriblər.

Əliqismət BƏDƏLOV

XQ

Sosial həyat